Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Valyuta Fondu: iqtisadiyyatın artım proqnozu təxmin edildiyindən daha nikbindir

11 Oktyabr 2017
Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri iqtisadiyyatın inkişafının yenidən baxılmış proqnozunu təqdim ediblər. Onlar bildirirlər ki, dünya iqtisadiyyatının hazırkı vəziyyəti ötən ildəkindən xeyli dərəcədə fərqlənir.

BVF ekspertləri hazırda dünya iqtisadiyyatının onların əvvəlki proqnozları ilə müqayisədə daha yüksək sürətlə inkişaf etməsini təsdiqləyirlər.

AZƏRTAC xəbər verir ki, BVF-in tədqiqat bölməsinin direktoru Mauri Obstfeld deyib: “Biz qlobal iqtisadiyyatın bu il 3,6 faiz, gələn il isə 3,7 faiz artım təşkil edəcəyini gözləyirik. Bu, bizi sevindirməyə bilməz, çünki artım bir sıra regionlarda - həm inkişaf etmiş ölkələrdə, həm Asiyanın keçid iqtisadiyyatı ölkələrində, həm də Avropada eyni vaxtda baş verir”.

Rusiyanı çıxmaq şərtilə, bütövlükdə MDB ölkələrində iqtisadiyyatın bu il 2,9 faiz, gələn il isə 3,3 faiz artacağı proqnozlaşdırılır.

Eyni zamanda, BVF iqtisadçılarının fikrincə, iqtisadiyyatın bərpası fonunda əməkhaqqı hətta zəngin ölkələrdə də son dərəcə yavaş artır. Bundan başqa, iqtisadi artım hər yerdə müşahidə olunmur: neft ixrac edən ölkələrdə, həmçinin qeyri-sabit vəziyyət yaranmış ölkələrdə, əsasən, Yaxın Şərqdə, Latın Amerikasında, Şimali Afrika və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində vəziyyət daha ağırdır.

BVF-in hesablamalarına görə, iqtisadiyyatın nikbin göstəricilərinin arxasında uzunmüddətli dövrdə məhsuldarlığın zəif artımı müşahidə olunur. İnkişaf etmiş ölkələrdə 2017-ci ildən 2022-ci ilədək olan dövrdə adambaşına istehsalın həcmi 1,4 faiz artacaq. 1996-cı ildən 2005-ci ilədək bu göstərici 2,2 faiz təşkil edib.