Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbi Almaniyanın “Lucas-Nülle” şirkəti ilə əlaqələri genişləındirir

11 Oktyabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Almaniyanın yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı sahəsində tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hans Keppler ilə görüşüb.

BANM-in “Lucas-Nülle” şirkəti ilə əməkdaşlığından razılığını bildirən Elmar Qasımov bu ali məktəbin yeni açılmış kampusu üçün şirkətin işləyib hazırladığı laboratoriyaların dünya standartlarına uyğun olduğunu söyləyib. Rektor Prezident İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsini bu əməkdaşlığın uğurlu nəticəsi kimi dəyərləndirib.

H.Keppler birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə E.Qasımova təşəkkürünü bildirib, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını deyib. O əməkdaşlığın yeni mərhələsində külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda, bu sahə üzrə BANM-in mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışdı.

Görüşdə BANM ilə “Lucas-Nülle” şirkətinin birgə fəaliyyətinin müsbət nəticələri gözdən keçirilib, bu əməkdaşlığın daha da genişləndirilməsinin və davam etdirilməsininin zəruriliyi qeyd olunub. Bildirilib ki, “Lucas-Nülle” şirkəti təhsil müəssisələri üçün müasir avadanlıq və proqram təminatı üzrə dünyada liderdir.