Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Braziliya, Uruqvay, Argentina və Kolumbiya milliləri futbol üzrə dünya çempionatına birbaşa vəsiqə qazanıblar

11 Oktyabr 2017
Oktyabrın 11-də oynanılan beş qarşılaşma ilə futbol üzrə dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu oyuna qədər mundiala vəsiqəni təmin etmiş olan Braziliya yığması evdə Çili millisinə 3:0 qalib gələrək bu komandanın çempionata yollanmaq ümidlərinin üzərindən xətt çəkib.

Bu qrupdan çempionata ikinci vəsiqənin sahibi Boliviyanı 4:2 hesabı ilə məğlub edən Uruqvay millisi olub.

Argentina millisi səfərdə Lionel Messinin het-triki sayəsində Ekvadora qalib gələrək (3:1) çempionata yollanmaq hüququnu sonuncu matçda təmin edib.

Kolumbiya yığması isə sonuncu oyunda rəqib meydanında Peru ilə heç-heçə (1:1) etməsinə baxmayaraq, bu qrupdan çempionata dördüncü vəsiqəyə sahib olub.

Beləliklə, Braziliya (41 xal), Uruqvay (31), Argentina (28) və Kolumbiya (27) milli komandaları gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıblar. Aktivində 26 xal olan Peru yığması pley-off mərhələsində mübarizə aparacaq. Çili millisi isə Peru ilə eyni xala malik olsa da, top fərqinə görə mundialda iştirak şansını itirib.