Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan həmişə zirvələrdə olacaq

11 Oktyabr 2017
 

Prezident İlham Əliyev 2018-ci ilin prioritetlərini və yeni islahatlar kursunun əsas hədəflərini müəyyən etdi

 

“Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq... Azərbaycan həmişə zirvələrdə olacaq”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bu fikirlər əlbəttə ki, hər bir azərbaycanlıya fəxarət hissi yaşatdı. Çünki müstəqilliyinin cəmi 26 yaşı olan gənc dövlətin bu gün böyük nailiyyətlərə imza ataraq inkişaf etməkdə olan ölkələr sırasında addımlaması və tarixinin ən qüdrətli dövrünü yaşaması uğurun təcəssümüdür. Bu uğur, həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi ümumilikdə rasional davranış modeli sayəsində reallaşıb.

 

Reallıqlara əsaslanan praqmatik siyasətlə yeni hədəflərə doğru

 

Ölkədə həyata keçirilən bütün sosial-iqtisadi layihələrin şəxsən təşəbbüskarı olan dövlət başçısı mütəmadi müşavirələr keçirərək həm görülən işlərin icrası ilə maraqlanır, həm də xalqa hesabat verir. Ona görə də keçirilən bütün müşavirələr təkcə sosial-iqtisadi yox, həmçinin ictimai-siyasi məsələlərin həlli baxımından da əhəmiyyətli olur. Həyata keçirilən daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verən Prezident həm də yeni prioritetləri müəyyənləşdirir. Oktyabrın 9-da keçirilən hökumətin iclasında isə son doqquz ayda görülən işləri təqdir edən ölkə rəhbəri qarşıdakı mərhələnin yeni hədəflərini də elan etdi.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 9 ayın sosial-iqtisadi inkişafının yekunları təsdiqləyir ki, ölkədə makroiqtisadi sabitlik tam təmin edilib. Bütün bu işlər düşünülmüş şəkildə həyata keçirilib, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Bu da respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü sübut edir.

 

Uğurlu islahatların real göstəricisi

 

Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi inkişaf baxımından nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, davamlı iqtisadi inkişafa nail olan Azərbaycan yeni-yeni uğurlara imza atmaqdadır.
İlin doqquz ayının yekunları isə göstərir ki, bütün istiqamətlər üzrə çox müsbət nəticələr var. Öncə iqtisadi sahədəki uğurlara nəzər yetirək:
- son 9 ayda ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub;
- valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara yüksəlib;
- qeyri-neft iqtisadiyyatı 2,5 faiz, kənd təsərrüfatı 2,8 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb;
- 226 min yeni iş yeri yaradılıb;
- 700 kilometrdən çox içməli su xətti çəkilib;
- 100-ə yaxın məktəb tikilib, təmir edilib;
- xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir;
- ixrac idxaldan 4,4 milyard dollardan çoxdur...
Dövlət başçısının söylədiyi kimi, Azərbaycan doqquz ayda uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin olunub: “Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.

 

Azərbaycana böyük iqtisadi mənfəət, səmərə verən transmilli layihələr

 

Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti Azərbaycanın siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib. Bu gün dünyanın əsas neft-qaz ixracatçısına çevrilən ölkəmiz bu sahədə çox uğurlu layihələr həyata keçirir. Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkəmizin reallaşdırdığı transmilli layihələr bunun əyani sübutudur.
Sentyabrın 14-də Bakıda “Yeni əsrin müqaviləsi”nin imzalanması isə növbəti dəfə Prezident İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi. İclasda bu mühüm hadisəni tarixi uğur adlandıran dövlət başçısı qeyd etdi ki, “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni müqavilə Azərbaycan üçün daha da yaxşı şərtlərlə təmin edilib: “İndiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir.
Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir”.
Prezident bəyan etdi ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsində mühüm rol oynayır. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu müqavilələr Azərbaycana böyük iqtisadi mənfəət, səmərə verir.

 

Dövləti düşündürən əsas məsələlər

 

Dövlət başçısı vurğuladı ki, qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. 9 ayda 3,1 faiz artım böyük nailiyyətdir. Bu, Azərbaycan Prezidentinin sənayeləşmə siyasətinin təkmil nəticəsidir. Xatırladaq ki, bu il Prezident İlham Əliyevin iştirakı ilə Balaxanı Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsinin açılışı olub. Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda isə sənaye məhəlləsi yaradılır.
Son illər kənd təsərrüfatında çox böyük inkişaf var. Aqrar sektora böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatındakı 2,8 faiz artım bütün deyilənləri bir daha təsdiqləyir.
Doqquz ayda əsas infrastruktur layihələri də uğurla icra edilib. Həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin açılması prosesi uğurla gedib. Bu dövrdə 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Dövlət başçısı vurğulayıb ki, bu, daimi proses olmalıdır. Çünki ölkədə əhalinin sayı artır və bunun üçün də dövlət daim yeni iş yerlərinin yaradılması haqqında düşünür.

 

İxrac idxalı böyük fərqlə üstələyir

 

Respublikamızın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə ölkə iqtisadiyyatı təkcə davamlı inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir.
Elə Azərbaycanın xarici ticarət dövriyyəsinin 7 faiz artması da bunu şərtləndirən amillərdəndir. Artıq ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Azərbaycanda isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Dövlət başçısı ilin sonuna qədər bu rəqəmin daha da artacağını vurğulayaraq bunu ölkənin iqtisadi uğuru adlandırıb: “Bu bizim iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur”.

 

Qarşıya qoyulan məqsəd

 

Prezident həmçinin qarşıya qoyulan məqsədi də açıqladı. Bildirdi ki, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədə olsa da, valyuta ehtiyatlarının artırılması qarşıya qoyulan əsas məqsəddir. Çünki bu, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin əsas şərtlərindən biridir. Xərclərin artmasına və ölkə qarşısında duran vəzifələrin çoxalmasına baxmayaraq, dövlət bütün vəzifələrin icrasına çalışır. Təbii ki, bunun üçün maliyyə resursları lazımdır. Dövlət başçısı da vurğuladı ki, məhz valyuta ehtiyatlarının qənaətlə istifadə edilməsi, eyni zamanda düzgün investisiya proqramlarının uğuru, Azərbaycanın valyuta ehtiyatlarını artırmasına real imkanlar yaradıb. Doqquz ayda valyuta ehtiyatlarının 4,5 milyard dollar artması da bunun əyani sübutudur: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir”.

 

Ermənistan özünü aciz, gücsüz, asılı ölkə kimi təqdim edir

 

Dövlət başçısı həmçinin növbəti dəfə Ermənistana sərt mesajlarını ünvanladı. Bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilib. Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır. Biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq: “Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir... Ermənistan gətirdiyi bəhanələrlə özünü çox axmaq vəziyyətdə qoyur... Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edir”.

 

Tapşırıq və tövsiyələr

 

Nazirlər Kabinetinin iclasında strateji yol xəritələrinin icrası ilə bağlı aparılan monitorinqlərin nəticəsi və qarşıdakı hədəflər barədə danışan dövlət başçısı bəzi aidiyyəti qurumlara tapşırıqlar verdi. Bildirdi ki, bütün dövlət qurumları qarşısında vəzifə qoyulub. Hər bir qurum üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlməlidir: “Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə strateji yol xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulub. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır”.
Prezident bildirdi ki, məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər.

 

Öz inkişaf tempi ilə nümunəyə çevrilən ölkə

 

Ən nəhayət, artan valyuta ehtiyatları, reallaşan layihələr, həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dünyaya öz inkişaf modelini təqdim edən Azərbaycan inkişaf tempi ilə nümunəyə çevrilib.
Ümumiyyətlə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Hər bir vətənpərvər azərbaycanlı qarşıdakı dövr ərzində ölkəmizin qət edəcəyi iqtisadi tərəqqi yolunun yeni möhtəşəm uğurlarla müşayiət olunacağına, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağına əmindir.
Gələn il sürətli inkişaf ili olacağını söyləyən dövlət başçısının dediyi kimi, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan həmişə zirvələrdə olacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”