Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qafqazın qüdrətli hərbi gücü

11 Oktyabr 2017
 

Azərbaycan Ordusu ötən 14 ildə İlham Əliyevin Ali Baş Komandanlığı ilə döyüş hazırlığını dəfələrlə artırıb

 

Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordudur. Azərbaycan dövləti bunu nəzərə alaraq ordu quruculuğunu daim diqqətində saxlamış və güclü ordunun yaradılmasına nail olmuşdur.
Müasir Azərbaycan dövlət müstəqqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusu ilə bağlıdır.

 

Yaradıcısı Heydər Əliyev olan şanlı ordu

 

Kim bilir Azərbaycan xalqının başına hansı faciələr gələcəkdi, əgər o ağır günlərdə Heydər Əliyev xalqın səsini eşidib hakimiyyət sükanının arxasına keçməsəydi. Vəziyyət bir az da o cür davam etsəydi, bəlkə də hələ kövrək olan müstəqilliyimiz və dövlətçiliyimiz əldən gedəcəkdi.
Böyük sərkərdə, hərb elminin bütün incəliklərini dərindən bilən ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra atdığı ən böyük addımlardan biri dövlətimizin milli maraqlarına cavab verən təhlükəsizlik siyasətinin və strategiyasının müəyyən olunması və həyata keçirilməsi, o cümlədən vahid komandanlığa əsaslanan nizami ordunun yaradılması oldu. Çünki dahi strateq yaxşı bilirdi ki, intizamsızlığın hökm sürdüyü, hərbi nizamnamələrin tələblərinin gözlənilmədiyi silahlı birləşmələrdən düşmənlə mübarizədən uğur gözləməyə dəyməzdi. Ən əsası isə Prezidenti Heydər Əliyev olan dövlətdə mərkəzi komandanlığa tabe olmayan hərbi birləşmələrin mövcudluğu mümkün ola bilməzdi. Elə buna görə də atılan ilk addım məhz könüllü batalyonlar kimi yaradılan, sonradan isə ayrı-ayrı şəxslərin, partiyaların tapşırığı ilə hərəkət edən və cinayətkar yuvasına çevrilən silahlı dəstələrin buraxılması oldu.
1993-cü il noyabrın 2-də Heydər Əliyevin xalqa müraciəti ilə Azərbaycanda həm ordu quruculuğunun əsası qoyuldu, həm də cəbhədəki məğlubiyyətlər seriyasına birdəfəlik son verildi. Rəhbər qətiyyəti ordu quruculuğu prosesinin uğurla başlaması və davam etdirilməsi, eyni zamanda, cəbhə xəttindəki situasiyanın tezliklə Azərbaycanın xeyrinə dəyişməsi ilə özünü göstərdi. Ulu öndərin cəbhə xəttinə gələrək düşmənlə təmas xəttində olan döyüşçülərimizlə görüşməsi isə hər kəsin vətənpərvərlik hisslərini daha da cilovlandırdı.
1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil oldu. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Yeni yaradılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamələrin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin mərkəzləşdirilmiş maddi-texniki təminatının, maliyyə-təsərrüfat fəaliyyətinin nizama salınması Azərbaycan Silahlı Qüvvələrini keyfiyyətcə yeniləşdirdi.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı və intellektual dünyagörüşünə malik zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Silahlı Qüvvələrdə mükəmməl təhsil sisteminin yaradılması çox vacib və tarixi əhəmiyyətli bir mərhələdir. 1993-cü ildən başlanan ordu quruculuğu da ilk növbədə, hərbi kadrların hazırlanmasını, bu məqsədilə hərbi təhsil məktəblərinin də yenidən qurulmasını və müasir standartların tətbiq olunmasını tələb edirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış prtokola əsasən, 1997-ci ildən ulu öndərin adını daşıyan indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı və burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədris olunmasına başlanıldı.
Hazırda silahlı qüvvələrimizi peşəkar kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, hərbi tibb fakültəsi fəaliyyət göstərir. Azərbaycan Silahlı Qüvvələrinin bu təhsil müəssisələri ordumuzun ehtiyacı olan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir. Hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. İndi hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin o zaman təsis edilməsi respublikamızda milli zabit kadrları hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan vermişdir. Hazırda liseyin məzunları arasından yetişən generallar, onlarca yüksək rütbəli zabit respublikamızın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında xidmət edirlər.

 

Uğurla davam etdirilən hərbi siyasət

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 14 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb etmişdir. Bu, bir həqiqətdir ki, ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynamışdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ölkəmizin inkişafı sayəsində silahlı qüvvələrin də büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Artıq 10 ildir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bütün bunların nəticəsində Silahlı Qüvvələrimizin imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkili məsələlərinə xüsusi diqqət yetirilir.

 

Arsenalımız ən modern silah və hərbi texnika ilə zəngindir

 

Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir “Msta-S”, “Vena” özüyeriyən artilleriya qurğuları, ən müasir “Smerç” və “Sakarya” reaktiv yaylım atəşi sistemləri, özüyeriyən “Pion” topları, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “Sani” minaatan kompleksləri, TOS-1A ağır odatan sistemləri, pilotsuz uçuş aparatları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Ötən il aprelin 2-dən etibarən cəbhə xəttində baş verənlər göstərdi ki, belə silahlar zamanı gələndə düşmənin məhv edilməsində istifadə edilir. Həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən istifadə etdi. Aprelin 4-də ermənilərin komanda-qərargah məntəqəsinin dəqiq atəşlə darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın videogörüntüsü Azərbaycanın malik olduğu hərbi imkanların miqyasının təsdiqi oldu. Həmin zərbə nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu, o cümlədən rütbəli zabitləri də məhv edilib. İctimaiyyətdən gizlətmək üçün Azərbaycan Ordusunun həmin atəşi ilə yaralanan ali və yüksək rütbəli hərbçilərin Yerevanda mülki xəstəxanalara yerləşdirilməsi sonrakı günlərdə erməni mənbələri tərəfindən etiraf edildi.
Həmin günlərdə düşmən ordusu bir həmləylə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində 22 ildir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar dördgünlük müharibədə öz təsdiqini tapmış oldu.
Xatırladaq ki, bundan əvvəl - 2014-cü ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələrinin təxribat planlarının alt-üst edilməsi, noyabr ayında isə cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın hərbi hava qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi ordumuzun o vaxt da kifayət qədər gücə malik olduğunu sübuta yetirmişdir.

 

Daim artan döyüş təcrübəsi

 

Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahları və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbə vurması Ermənistanda dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, ermənilərin açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycana ən müasir hərbi texnika satdığına görə inciklik ifadə olunub.
Fərəhlidir ki, Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti gücləndikcə hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək. Prezident İlham Əliyev bu barədə deyib: “Biz gələcəkdə də hərbi gücümüzü artırmalıyıq və artırırıq. Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir”.
Ordunun gücünü tamamlayan ən mühüm amil isə döyüş təcrübəsidir. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələrində daimi olaraq qarşıya qoyulan ən əsas məsələlərdən biri döyüş qabiliyyətinin artırılmasıdır. Etiraf edilməlidir ki, bu gün dünyanın bir sıra yerlərindəki müharibə ocaqları ayrı-ayrı dövlətlərin həm öz ordularının döyüş təcrübəsini artırdıqları, həm də yeni silahları real hərbi əməliyyatlar şəraitində sınaqdan keçirdikləri bir meydandır. Azərbaycan isə dünyanın başqa yerlərində sülhməramlı missiya istisna olmaqla birbaşa hərbi əməliyyatlarda iştirak etmir. Lakin mütəmadi olaraq keçirilən hərbi təlimlərdə ordumuzun müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir. Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər də düşmənin dincliyini pozan əsas amillərdən biridir.
Belə təlimlər həm qoşun növlərinin döyüş qabiliyyətinin artırılmasında, həm də ordumuzun döyüş arsenalına yeni daxil olunan silahlardan istifadə vərdişlərinin yüksəldilməsində mühüm rol oynayır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi gücü qarşısında böyük üstünlüyə malikdir. Artıq aprel hadisələrində düşmən bu gücü öz üzərində hiss edib. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır.

 

Yüksək əhval-ruhiyyəli şəxsi heyət

 

Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər silahlı qüvvələrimizin şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Hərbi məqsədlər üçün xərclərin artımı son bir neçə ildə hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun nəticəsidir ki, son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də daim sistemli tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları, dövlət icbari şəxsi sığorta məbləği dəfələrlə artırılmış, onlara güzəştli ipoteka kreditlərinin verilməsi təmin olunmuşdur. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi məhz orduda xidmət edən zabitlərdir.
Son illərdə ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin, kazarmaların yenidən qurulması, hərbçilərin, onların ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, bu məqsədlə son illərdə ölkənin bütün ərazilərini əhatə etməklə 20-dən çox yeni hərbi şəhərcik inşa olunub. Bu cür hərbi şəhərciklərin inşası onu sübut edir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Təbii ki, bütün bunlar Azərbaycanın işğalçı Ermənistanla müqayisədə əzici üstünlüyünü daha da artırır. Ermənistanın cinayətkar və terrorçu hakimyyəti də bunu yaxşı anlayır və haqlı olaraq təlaş keçirir.
Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərinin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”