Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Quba qonaqları heyran etdi: həm alması, həm xalçası ilə

11 Oktyabr 2017
 

Şəksiz ki, dünyanın ən dahi rəssamı təbiətin özü, ilin fəsilləri də Tanrının insanlara bəxş etdiyi rənglərin mükəmməl çələngidir. Qubaya bayram səfərinə getdik, dan yerindən qürubadək təntənəli bir el şənliyinin iştirakçısı olduq. 

Qubada keçirilən ənənəvi “Alma bayramı”na və bu il ilk dəfə təşkil olunan Xalça festivalına şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında səhərdən start verildi. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirildi. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olundu.
Hər şey nağıldan, əfsanələrdən boy alır, son rəvayəti də Qubada bir qoca çayçıdan eşitdik ki, payız Qubanı bu il qışa tapşırıb ki, gələ bilməyəcək, buralardan muğayat olsun. Mənası da odur ki, bu il payız düşməmiş qış özünü göstərib. Təbiətin sinəsinə payızın naxışları ötəri düşsə də, yaşıllıqlar baş alıb getsə də, artıq zirvələrə qış qonub. İlk qar isə əvvəlki illərə nisbətən Xınalıqdan, Qırızdan adlayaraq lap aşağılara müvəqqəti də olsa, ağ örpəklə enə bilib. Amma bayram günü havalar heç kimin qəlbinə dəymədi, günlü-günəşli oldu.
Hektarlarla sahəni əhatə edən bayram şənliyinin bütün incəliklərini və möhtəşəmliyini qələmə almaq üçün gərək bu mənzərəni Heydər Əliyev parkında izdihamın başı üstündə dalğalanan bayrağın hündürlüyündən seyr edəsən. Qubada müxtəlif şənliklər demək olar ki, hər il keçirilir, onların əksəriyyətində iştirak etmişik. Bu gün isə Quba Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin və Yay konsert zalının möhtəşəm memarlıq nümunələri kimi sıralandığı bağ açıq səma altında təşkil edilən nəhəng sərgi zalını xatırladırdı. Alma bayramı ilə Xalça festivalı qoşa keçirilirdi. Necə deyərlər, bayram bayrama qarışmışdı.
Hamının üzündə bir bayram ovqatı gəzirdi. Əcnəbi və Bakıdan gələn turistlərin sayı-hesabı yox idi. Onlardan bir neçəsi ilə tanış oluruq. Fikirlərini öyrənmək istəyirik. Özlərini Lüsi və Andres kimi təqdim edən iki gənc Milandan gəldiklərini dedilər və jurnalist olmağımıza da qədərsiz sevindilər: - Çox şadam, - dedi Andres qüsursuz rus ləhcəsində (öyrəndik ki, Milana Moskvadan köçəndən sonra Andrey dönüb Andres olub). O bizə danışdı ki, hələ 5 il bundan əvvəl evləndikdən sonra Bakıda bal ayını keçiriblər: - Bütün ölkəni gəzdik, rayonların bir neçəsində olduq. Yoldaşıma söz vermişdim ki, onun ad gününü də Qubada dağlarda qeyd edəcəyik. Amma elə oldu ki, maşınımız dağlara çatanda gecə düşdü, Qırız yolundakı şəlalənin ayağında dayandıq, balaca bir tonqal qaladıq. Mən Lüsiyə dedim ki, əzizim, sənə Qafqazın möhtəşəmliyini göstərmək istəyirdim. Amma sən yalnız balaca bir tonqalın işıqlandırdığı bu kiçik taladan başqa heç nə görmürsən. Lakin sənə göstərmək istədiyim bütün gözəlliklər təəssüf ki, bu qaranlığın arxasındadır. Söz verirəm ki, səninlə birlikdə bir də buralara gələcəyəm, ikimiz Qafqazın zirvələrini birlikdə seyr edəcəyik. O vaxtdan 5 il keçdi, başqa ölkələrdə olduq, amma Azərbaycanı unutmadıq. Mən sevdiyim qadına sizin dağların gözəlliyini göstərə bildim. Dünəndən Qubadayıq. Dağlara qış qonub, aşağıda payızdır burada, şəhərdə isə Rusiya ilə müqayisədə demək olar ki, yaydır. Bu turist üçün bilirsinizmi nə qədər mənalıdır? Biz zamana, ilin fəsillərinə də səyahət edə bildik. Ölkənizdə ömrümüzün ən xoşbəxt günlərini yaşadıq. Hər şeyə görə sizə minnətdarıq. Alma bayramı da, Xalça festivalı da həddən ziyadə maraqlıdır.
Meydana sıra ilə asılan və sərilən Quba xalçaları Azərbaycanın ən güclü xalçaçılıq məktəblərindən biri olduğunu naxışlarının sehri ilə əyani sübut edə bildi. Burada rayonun Çiçi, Pirəbədil, Qonaqkənd və digər kəndlərində toxunan yüzlərlə xalı və sumaq sərgilənmişdi. Həm də satış sərgisi kimi təşkil olunduğundan hamı bayrama görə qiymətləri mümkün qədər aşağı deyir, müştəri cəlb etmək istəyirdi. Rayonun ən məşhur xalça ustalarından biri Humay Məmmədova qubalıların xalçaya sevgisindən danışdı:
- Xalısız yaşasan, səni heç qubalı saymazlar. Toylarımız, ziyafətlərimiz xalçasız ötüşməz. Qıza uşaqlığından cehizlik xalçasını birinci alıb qoyurlar, ona görə ki, dəbdən düşmür, əksinə köhnəldikcə qiymətə minir, bahalaşır. Ev-eşiyimizə zinət verən yerə döşənən xalılardır.
Xalça festivalında əcnəbilər daha çox gözə dəyirdilər, naxışları müzakirə edir, xalçaları heyranlıqla seyr edirdilər və onların qarşısından uzaqlaşa bilmirdilər. Naxışlara aludə olan iki əcnəbi xanıma yaxınlaşsaq da, ortaq dil tapa bilmədik, tərcüməçilərini çağırdılar, məlum oldu ki, Norveç səfirliyinin Bakıdakı əməkdaşlarıdır. Onlardan biri Rovanne Yohansonla kiçik, amma maraqlı bir dialoq oldu aramızda.
- Ölkəniz çox maraqlıdır, gözəl yazarlarınız var, torpağa da bağlısınız. Sizin də əfsanələriniz var. Dənizi şumlayıb əkən xalq kimi çox maraqlısınız, - dedik.
Tərcüməçi dənizi əkib becərənlər ifadəsini ingiliscəyə çevirəndə Rovanne təəccübləndi, üzünün ifadəsi ilə izah istədi.
- Sizdə torpaq azdı, dənizə xüsusi materiallar döşəyirsiniz, torpağı qaldırır və beləcə əkib-becərirsiniz. Əraziniz də bunun hesabına iki min kvadratkilometr artıb. Bu əfsanəyə bərabərdir. Əslində gördüyünüz xalçalar, onların naxışları da bizim əfsanələrdir. Azərbaycan xalq nağıllarında qəhrəmanlarımız sehrli xalçaların üstündə arzularına doğru uçublar, dünyaları səyahətə çıxıblar. Sizin baxdığınız xalçalar adi deyil, bu naxışlar həm də qədim sənət nümunəsinin hər birimizin qəlbindəki müqəddəs yerinin fantastik yozumudur.
Rovanne Yohanson təbəssümlə minnətdarlığını bildirsə də xalçalardan gözünü ayırmır, biz isə uzaqlaşırıq ki, mane olmayaq. İsrailin Xayfa şəhərindən gələn Polad Suleymonov da evinin bir küncündə Quba guşəsi yaratmaq üçün kiçik xalça axtarırdı:
- Bir kürsü qoyacağam, Quba üçün darıxanda oturub buraları xatırlayacağam, xəyallarımda babalarımın və özümün vətənimi səyahət edəcəyəm.
Qubada keçirilən festivalın məramı odur ki, xalçalarımızı müqəddəs nağıl, bənzərsiz əfsanə kimi təqdim edək, onların fəlsəfi məzmununu bütün zənginliyi ilə tamaşaçılara çatdıraq və dünyaya səs salaq. Biz “Made in Azerbaijan” brendi ilə xarici bazara xalça çıxaranda qədim naxışlardan, gözəl sənət nümunəsindən savayı, həm də ruhumuzun, mədəniyyətimizin bir parçasını dünyaya açırıq. Azərbaycan brendini göylərə qaldıra biləcək qüvvə məhz elə bu təqdimatdan asılıdır. Xalçalarımızı, onların naxışlarını əcnəbilərə sevdirmək üçün əvvəlcə gərək özümüz onun mənəvi gücünü anlayaq, sevək və bu sevginin sirlərindən poetik tərzdə dünyaya danışaq. Bu baxımdan Xalça festivalı uğurlu alınan möhtəşəm tədbir kimi dəyərləndirilə bilər.
Müsahiblərimizdən biri, Quba ziyalısı Salavat İbrahimov dövlətin bu bölgəyə ayırdığı xüsusi diqqətdən və qayğıdan, bunun rayon üçün tarixi əhəmiyyətindən ürək dolusu danışdı:
- Quba ötən əsrin 70-ci illərində daim ulu öndərin diqqət mərkəzində olub, burada min hektarlarla palmet bağları salınıb, meyvəçilik inkişaf etdirilib, emal müəssisələri, zavodlar tikilib. İndi də Prezident İlham Əliyev rayonumuzun ölkənin ən gözəl bölgələrindən birinə çevrilməsi üçün böyük işlər görür. Əvvəllər kiminsə ağlına gəlməzdi ki, bölgədə belə gözəl, müasir şəhər yaratmaq mümkündür. Bu əlbəttə ki, Azərbaycan Prezidentinin böyük səyləri nəticəsində olmuşdur. Lakin rayonumuzda dövlət başçısı İlham Əliyevin qərarı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması, tikilib istifadəyə verilməsi çox böyük siyasi məzmun kəsb edir. Bu abidə kompleksi artıq erməni faşizmini, onun bütün əcaibliklərini ifşa edən siyasi tribunaya çevrilmişdir. Burada keçirilən tədbirlər, gələn qonaqlar Qubanın gözəllikləri ilə birlikdə həm də 100 il əvvəl erməni faşistlərinin törətdikləri saysız cinayətlərlə, vəhşiliklərlə əyani tanış olur, bir daha dünya düzənində zorla yaradılan əzabkeş erməni surətinin ağ yalan olduğunu dərk edirlər. Məhz bu baxımdan Quba həm də siyasi məzmun kəsb edən, erməni vəhşiliklərini əbədi ittiham edən tribunaya çevrilmişdir. Bütün bunlar dövlətimiz tərəfindən rayonumuzun mükəmməl inkişafı üçün atılan vacib addımlardır və biz bunu çox yüksək qiymətləndiririk.
Quba rayon sakini Səmayə Qarayeva deyir ki, burada əsrlər boyu azərbaycanlı, tat, ləzgi, yəhudi, xınalıqlı, qırızlı və digər millətlərin, etnik azlıqların təmsilçiləri bir ailədə qardaş kimi yaşayıblar. Dar gündə, çətində hamı bir-birinə dayaq, arxa olub. Quba xalçaları necə ilmə-ilmə bir-birinə sıx toxunaraq bənzərsiz naxışlarla vahid sənət əsərinə çevriliblərsə, eləcə də Qubada xalqlar bir-birinə qırılmaz qohumluq, qardaşlıq telləri ilə bağlanıb, tolerantlığın dünyada heç vaxt heç yerdə rast gəlinməyən unikal naxışlarını milli münasibətlərə qovuşdurublar.
Qonşu rayondan qonaq gələn Qusar Rayon Dram Teatrının aktyoru Bağır Əhmədov deyir ki, iki rayon arasında körpülər çoxdur:
- Ancaq Qusar körpüsü “Cənnət yolu” kimi ad qazanıb. Deyirlər ki, bir dəfə Qusara gələn qələm sahibi gecə sıra ilə düzülən işıqların çiskində nur koridoru kimi bərq vurmasına heyran olub, cənnət yolu deyib. Bax, mən də o körpüdən keçib gəlmişəm. Bizim xalqların arasında belə əsrarəngiz, qırılmaz körpülərin sayı-hesabı yoxdur. Bu körpülərdən bizim qan qohumluğumuz keçir, qardaşlığımız, sevgilərimiz keçir. Ona görə də, can qohum, altdan geyib üstdən yaraqlanmışam, üstdən geyib altdan yaraqlanmışam, bığlarıma sığal verib qardaşlarımın bayramına gəlmişəm!
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, kəndirbazların məharəti, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirildi. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunur.
Bayram tədbirində Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri, Quba ziyalıları iştirak edirdilər. Tədbir tanınmış incəsənət ustalarının bayram konserti ilə başa çatdı.

Bahadur İMANQULİYEV,
Akif ƏLİYEV,
“Azərbaycan”