Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Qəhrəman ehtiramla yad edildi

11 Oktyabr 2017
 

Xırdalan şəhər mədəniyyət evində Milli Qəhrəman Sərdar Səfərovun  xatirəsinə  həsr edilən tədbir keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin 1996-cı il aprel ayının 1-də bir qrup kəlbəcərli ziyalı ilə görüşündəki tarixi və unudulmaz sözləri ilə başlayan video-çarxla açılıb. Kəlbəcərə və kəlbəcərlilərə böyük dəyər verən ümummilli liderin tarixi çıxışı  bu dağlar diyarının Azərbaycan üçün necə strateji məkan olduğu bir daha gənc nəslə təqdim edilib.

Polis leytenantı Sərdar Mədət oğlu Səfərov 1960-cı ildə Kəlbəcər şəhərində anadan olub. Tula vilayətinin Zaoksk şəhər daxili işlər şöbəsində milis əməkdaşı kimi fəaliyyətə başlayıb. Təhsilini davam etdirmək üçün Kaunas Xüsusi Orta Milis Məktəbinə göndərilib. 1987-ci ildə həmin məktəbi bitirib köhnə iş yerinə qayıdıb və orada sahə müvəkkili işləyib. 1991-ci ildə doğma Azərbaycana qayıdan Sərdar  Səfərov Qusar rayon DİŞ-nə sərəncam alıb. Orada da sahə müvəkkili kimi fəaliyyətini davam etdirib.

...1991-ci il sentyabr ayının 25-də Əsgəran rayonunun ərazisində erməni terrorçuları “QAZ-53” markalı sərnişin avtobusuna hücum edəndə hadisə yerinə gedən istintaq-əməliyyat qrupunun tərkibində Qarabağa könüllü ezam olunmuş Sərdar Səfərov da var idi. Hadisə yerindən qayıdarkən Xankəndi  yaxınlığında həmin qrupun getdiyi “UAZ” markalı avtomobil erməni silahlı quldur dəstəsi tərəfindən hücuma məruz qalıb. Qəhrəmanlıqla müqavimət göstərən Sərdar  Səfərov  əməliyyatçıları səngimək bilməyən atəş altından xilas etsə də, özü  yeddi güllə yarası alıb...

Son nəfəsi doğmalarına  və üzünü görmədiyi yeganə qızı Sərdarəyə çatmayan Milli Qəhrəman Sərdar Səfərovun həyat və keçdiyi döyüş yolundan söz açılan  tədbirdə  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov və “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil çıxış edərək şəhidlik zirvəsini fəth edənlərin hər birinin qəhrəman kimi yaddaşlara yazılmasının vacibliyindən söz açıblar.  Layihə rəhbəri və ssenari  müəllifi 23 nömrəli Kəlbəcər  tam orta məktəbin direktoru Həqiqət Şükürova idi. Tədbir kəlbəcərli məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə sona çatıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”