Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda Azərbaycan fizioloqlarının beşinci qurultayı keçirilir

10 Oktyabr 2017
Oktyabrın 10-da Bakıda Azərbaycan fizioloqlarının beşinci qurultayı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin (AFC) birgə təşkilatçılığı ilə keçirilən tədbir “İnsan fiziologiyası və sağlamlığı” mövzusuna həsr olunub.

Mərkəzi Elmi Kitabxanada təşkil edilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan fizioloqlarının beşinci qurultayı Fiziologiya İnstitutunun yaranmasının 50 illiyinə həsr olunub. Tədbirdə respublikamızın akademik qurumlarında və universitetlərin kafedralarında çalışan fizioloqlarla yanaşı, Rusiya, Gürcüstan, Belarus və İranın fiziologiya sahəsində tanınmış alimləri və gənc tədqiqatçıları da iştirak edirlər.

Akademik vurğulayıb ki, Azərbaycanda fiziologiya məktəbinin formalaşması 1919-cu ildə Bakı Dövlət Universitetinin (BDU) təsis olunmasından sonra başlayıb. BDU-nun tibb fakültəsində ilk fiziologiya kafedrası rus fizioloqu, İ.Pavlovun tələbəsi İ.Tsitoviçin rəhbərliyi ilə yaradılıb. 1930-1940-cı illərdə Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda fiziologiya kafedraları, Kurortologiya və Eksperimental Təbabət elmi-tədqiqat institutlarında ilk eksperimental fiziologiya laboratoriyaları təsis edilib. Fiziologiya İnstitutu isə SSRİ Nazirlər Sovetinin və Azərbaycan hökumətinin müvafiq qərarı ilə Azərbaycan Elmlər Akademiyasının (EA) tərkibində fəaliyyət göstərən fiziologiya sektorunun əsasında yaradılıb. İnstitutun təsis edilməsində və formalaşmasında bu elm müəssisəsinin ilk direktoru, akademik Abdulla Qarayevin xidmətləri danılmazdır. AMEA-nın rəhbəri Fiziologiya İnstitutunun 50 il ərzində şərəfli yol keçdiyini və bu sahədə peşəkar alimlərin yetişdiyini bildirib. O, müvafiq istiqamətdə aparılan elmi-tədqiqat işlərini və alimlərin fəaliyyətini yüksək dəyərləndirib.

Yubiley münasibətilə institutun kollektivini təbrik edən akademik Akif Əlizadə qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə Fiziologiya İnstitutunun direktoru, AFC-nin prezidenti, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Fiziologiya elmi Azərbaycanda: yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda fiziologiya elminin yaranmasından və inkişafından danışan alim ötən əsrin birinci yarısında respublikamızın ali təhsil müəssisələrində, xüsusilə də BDU-da, tibb, pedaqoji, kənd təsərrüfatı institutlarında, Kurortologiya və Fizioterapiya Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan EA Eksperimental Təbabət İnstitutunun nəzdində fiziologiya profilli kafedraların təşkil olunduğunu bildirib. Qeyd edilib ki, 1968-ci ildə Azərbaycan EA sistemində görkəmli fizioloq-alim, akademik Abdulla Qarayevin təşəbbüsü ilə yaradılmış Fiziologiya İnstitutunun fəaliyyəti xüsusilə diqqətəlayiqdir.

Ölkəmizdə fizioloji tədqiqatları əlaqələndirən və kadrlar hazırlayan elmi mərkəz kimi Fiziologiya İnstitutunun elmi-təşkilati fəaliyyəti haqqında danışan U.Həşimova bildirib ki, bu sahənin inkişafının müasir mərhələsi biotəbabət istiqaməti ilə xarakterizə olunur. Diqqətə çatdırılıb ki, institutun elmi tematikası bütövlükdə herontologiya, ekoloqo-morfoloji və neyrofiziologiya sahəsində aparılan tədqiqatlara yönəldilib, qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilməkdə olan kompleks tibbi-bioloji tədqiqatlar proqramı işlənib hazırlanıb.

Alim məruzəsində, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetində fizioloji tədqiqatların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qurultayın fiziologiyanın müasir problemləri ətrafında qarşılıqlı anlaşma, gələcəkdə birgə tədqiqatlar üçün imkanlar yaradacağına inamını ifadə edib.

Tədbirin əsas mövzusunun fiziologiya və insan sağlamlığı olduğunu söyləyən akademik fiziologiyanın tibbin nəzəriyyəsi olduğunu vurğulayıb. O deyib: “Hələ böyük rus fizioloqu İvan Petroviç Pavlov deyib ki, fiziologiyanı tibbdən ayırmaq olmaz. Fiziologiyanın nailiyyətləri daim tibdə istifadə olunur, tibb isə öz növbəsində, fiziologiya elmi üçün çox qiymətli materiallar verir. Müxtəlif xəstəliklər zamanı orqanizmdə baş verən funksional pozulmaları başa düşmək, onların düzgün müalicə yollarını təyin etmək üçün hökmən normal, sağlam insanlarda gedən fizioloji prosesləri bilmək lazımdır. İnsanın müxtəlif xəstəliklərinin öyrənilməsi isə bir çox normal fizioloji proseslərin mexanizmlərinin aydınlaşdırılmasına və orqanların funksiyalarının başa düşülməsinə gətirib çıxarır”.

Akademik Ə.Əmiraslanov Fiziologiya İnstitutunun AMEA tərəfindən qəbul edilmiş biologiya və tibb elmləri sahəsində insan sağlamlığının qorunması və rifahının yüksəldilməsinə xidmət edən prioritet elmi-tədqiqat istiqamətləri kimi yeni çağırışlar qarşısında olduğunu söyləyib. Bildirilib ki, institutun uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının öyrənilməsi, neyrodegenerativ xəstəliklərin neyrofizioloji və digər innovativ metodlarla tədqiqi, ekoloji amillərin fizioloji-toksikoloji təsiri sahələrində həyata keçirilən və təklif edilən layihələri yeni prioritetlərin işlənməsində müvəffəqiyyət qazanmağa imkan yaradacaq.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, P.Anoxin adına Normal Fiziologiya Elmi-tədqiqat İnstitutunun direktoru, professor Sergey Sudakov, İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin direktoru, biologiya elmləri doktoru D. Nadareişvili və başqaları institutun kollektivini təbrik edib, qurultay iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra qurultay işini bölmə iclasları ilə davam etdirib.

Azərbaycan fizioloqlarının beşinci qurultayı oktyabrın 11-də başa çatacaq.