Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnək südünün alternativi

10 Oktyabr 2017
 

 

Asiya və Afrikanın qədim bitkisi olan küncütü indi Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan və Meksikada da əkib-becərirlər. Postsovet ölkələrindən Özbəkistan, Türkmənistan və Tacikistanda da çoxlu küncüt əkirlər.

AZƏRTAC xəbər verir ki, dəmyə şəraitdə onun məhsuldarlığı hər hektardan 10-12, suvarılan yerlərdə isə 18-20 sentnerdir.

Yunan tarixçisi Ksenofont döyüşçülərin özlərini qorumaq üçün bədənlərinə küncüt yağı sürtdüyünü yazırdı.

Küncütün uzun yarpaq saplaqları olur, çiçəkləri bir növ zınqırovu xatırladır, öz-özünə tozlanan bitkidir. Meyvəsi 4 və 8 üzlü qutudan ibarətdir, hər bitkidə 100-150 qutu olur. Yetişəndə qutu aralanır və hər qutuda 70-80 toxum olur. Xırda toxumlar yastı, ağ, boz, qonur və qara rəngli olur. Min ədədinin kütləsi 3-5 qram arasında dəyişir.

Yüngül mexaniki tərkibli münbit torpaqlarda bitki yaxşı inkişaf edir. Tərkibindəki yağın miqdarına görə bitkilər arasında birinci yeri tutur. Toxumlarında 50-65 faizə qədər yağ, 16-18 faiz zülal və 18 faiz karbohidratlar var. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlardan biri hesab edilir, qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Rəngi sarı və iysizdir. Ondan konserv və qənnadı məmulatlarının hazırlanmasında, tibdə, sabun istehsalında və digər sahələrdə istifadə edilir.

Toxumlarından konfet və Şərq şirniyyatları, qabığı təmizlənəndən sonra halva hazırlanır. Soyuq üsulla yağ alınandan sonra jmıxın tərkibində 8 faiz yağ və 40 faiz zülal olur və ondan qənnadı sənayesində istifadə edilir. İsti üsulla alınan jmıx heyvandarlıqda konsentrantlı yem sayılır. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir.

Yağ və enerji dəyəri çox yüksək olan küncüt protein, kalsium, maqnezium, natrium, minerallar və B vitamini ilə zəngindir, xərçəng və yaşlanma əleyhinə təsir göstərir. Küncüt həzmi asanlaşdırır, immuniteti möhkəmləndirir, qanazlığını, qəbizliyi və böyrək iltihabını aradan qaldırır, ishalın qarşısını alır, beyin fəaliyyətini nizamlayır, yüksək təzyiqi aşağı salır, göbələk xəstəliklərinin qarşısını alır, sümük əriməsinin qarşısını alır, revmatizm ağrılarını aradan qaldırır.

Çiy küncüt südü zəngin vitamin və mineral qaynağı olduğuna görə orqanizm üçün çox faydalıdır. Çiy badam südü kimi küncüt südü də inək südünü əvəz edə bilən son dərəcə faydalı alternativdir. Gündə 1 bardaq küncüt südü içmək gün ərzində kalsium ehtiyacını ödəyir.