Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Yaşıl iqtisadiyyat”ın yüksəlişi

10 Oktyabr 2017
 

Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin inkişafına mühüm təkan verir

 

Son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi davam edir.

 

Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir

 

Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu sənayeləşmə siyasəti davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Təbii ki, sənayenin sürətli inkişafını təmin edən əsas amillər Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və logistik imkanlardır. Bu gün ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir- biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.
Onu da vurğulayaq ki, hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir.

 

Prezidentin reallığa çevrilən daha bir layihəsi

 

Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkan yaradır.
Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı sərəncama əsasən yaradılan Balaxanı Sənaye Parkı bu gün Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. 19 dekabr 2012-ci ildə Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan, bu il sentyabrın 22-də dövlət başçısının iştirakı ilə açılışı olan Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Paytaxtın mühüm sənaye mərkəzlərindən birinə çevrilən bu parkda istehsal prosesini, real durumu öyrənmək üçün üz tutduq Balaxanıya...
Qeyd edək ki, Balaxanı Sənaye Parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təyin edilib və parkın yaradılması üçün Balaxanı qəsəbəsində 7 hektar torpaq sahəsi ayrılıb.

 

Rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azaddırlar

 

Sənaye parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Parkın Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal edilən məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.
Həmçinin parkın rezidentlərinə, digər sənaye parklarının rezidentləri kimi dövlət tərəfindən bir sıra güzəştlər edilib. Belə ki, onlar 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan azad edilir.

 

İstifadəyə yararsız plastik butulkalar necə xammala çevrilir?

 

Balaxanı Sənaye Parkının rezidentlərindən olan “Az.Ekol.” MMC-də plastik-PET butulkaların təkrar emalından plastik qırıntılar istehsal edilir. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan müəssisəyə daxil olan yararsız plastik butulkalar bunkerə daxil olduqdan sonra lentlər üzərində hərəkət edir. Hərəkətdə olan butulkalar işçilər tərəfindən rənglərinə və tərkibinə uyğun olaraq çeşidlənir. Sonra dəzgahlara ötürülür və doğranılır. Doğranma prosesi yekunlaşdıqda alınan xammal öncə qaynar suda, sonra soyuq suda yuyulur və qurudularaq anbara ötürülür. Beləliklə, tullantı plastik butulkalar yüksək keyfiyyətli plastik qırıntılara çevrilir. Yəni müəssisə plastikləri xammala çevirərək satışını həyata keçirir.
Bu plastik qırıntılardan yenidən butulkalar, plastik ipliklər, müxtəlif plastik vasitələr, elektrik avadanlıqlarının qoruyucuları və digər məhsullar hazırlanır. Müəssisənin xammalı əsasən Rusiyaya satılır. Gələcəkdə digər xarici ölkələrə də ixracı nəzərdə tutulur.

 

Lazımsız plastiklərin emalından alınan yeşiklər

 

Parkda tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalını həyata keçirən rezidentlərdən biri də “METAK” MMC-dir. Ümumi investisiya dəyəri 17 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri sənaye parkında quraşdırılıb. Xammalı Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan alan müəssisənin illik istehsal gücü 12 min tondur.
Müəssisəyə gələn plastik öncə burada yenidən çeşidlənir. Sonra dəzgahlarda doğranır və digər qurğularda yuyulub qurudulur. Yenidən yüksək dərəcəli istilik sistemindən keçirilən məhsul xammala çevrilir. Bu xammaldan müxtəlif kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında istifadə edilən yeşiklər hazırlanır. Müəssisəyə daxil olan 250 ton məhsuldan 230 tonluq xammal əldə edilir. Hazırda müəssisədə 30 nəfər çalışır. Yeni avadanlıqlar gətirildikdən sonra burada əlavə 70 iş yeri açılacaq.

 

İşlənmiş mühərrik yağları keyfiyyətli dizel yanacağına çevrilir

 

Balaxanı Sənaye Parkının daha bir rezidenti işlənmiş mühərrik yağlarının təkrar emalını həyata keçirən “Ekokat” MMC-dir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb.
Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarını texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal olunur.
Müəssisəyə gətirilən işlənmiş yağlar böyük çənlərə boşaldıldıqdan sonra bişirilmə prosesi başlanır. Bu mərhələdən sonra yağın içərisindən lazımsız materiallar götürülür və tərkibinə müəyyən qatqılar qatılaraq təkrar emal olunur. Nəticədə iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verən yağlar - ölkəmizdə ən çox tələbat olan salidol sürtkü yağı, universal sənaye, transformator, transmissiya (sürət qutularında istifadə olunan) yağlar istehsal edilir.
Gələcəkdə istehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.

 

Fəhlələri robotlar əvəz edir

 

Sənaye parkının rezidentlərindən biri olan “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına da dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir.
Müəssisədə tullantı süngərlər təkrar emal edilir. Öncə tullantılar çeşidlənir və dəzgahlarda doğranır. Yuyulub-qurudulduqdan sonra isə xammal digər dəzgahda bir-birinə bərkidilir. Hazırlanan süngərin hər tərəfinin hamar olması üçün üzlük çəkilir. Bu süngərlərdən müxtəlif stulların, divan-kresloların oturacaqlarında, eləcə də müəssisənin hazırladığı mətbəx mebelləri üçün istifadə olunur.
Masa istehsalı müəssisəsində isə Almaniyadan gətirilmiş müasir dəzgahlar quraşdırılıb. Burada istehsal prosesi çox maraqlıdır. Belə ki, sifariş olunan məhsulun dizaynı kompüterdə hazırlandıqdan sonra dəzgaha komanda verilir və bir neçə dəqiqədən sonra çeşidlər hazır olur. Digər dəzgahlarda isə müxtəlif çeşidlərin bir-birinə bərkidilməsi prosesi aparılır. Stul istehsalı prosesində isə hazır hissələr quraşdırıldıqdan sonra materialın səthi hamarlaşdırılır və rəngləməyə verilir. Rəngləməni isə robot həyata keçirir. Belə ki, bütün proses bitdikdən sonra stulların rəngləri seçilməklə robota tanıdılır və komanda verilir.
Onu da qeyd edək ki, müəssisə xammalı Ukraynadan alır. Hazırlanan stol-stulların materialı əsasən fıstıq ağacındandır.

 

Tullantı kağızları - çap-poliqrafiya məhsulları

 

Parkın rezidentlərindən olan “Çapar” poliqrafiya müəssisəsi isə 3 hissədən - təkrar emal, qablaşdırma və çap kəsim sahəsindən ibarətdir. Burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal edilir.
Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır. Aylıq istehsal gücü 40 ton olan müəssisəyə yaxın günlərdə yeni avadanlıqlar gətiriləcək. Bundan sonra aylıq istehsal gücünün 150 tona yüksəlməsi gözlənilir. Səbəb isə sifarişlərin artmasıdır. Xammalı əsasən Rusiya və Türkiyədən alan müəssisədə hazırda 30 nəfər işçi qüvvəsi çalışır.

 

Təkrar emal biznesi

 

Sahibkarların marağını nəzərə alaraq Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar sənaye parkında fəaliyyət göstərmək üçün müraciət ediblər.
Sənaye parkının gələcək planları ümumi və davamlı infrastrukturun yaradılması, emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi, sənayenin ətraf mühitə təsirlərinin azaldılmasıdır. Məqsədləri isə təkrar emal biznesinin genişləndirilməsi, yaşıl məhsul istehsalının artırılması, innovativ texnologiyaların tətbiqi, məlumat və bilik mübadiləsinın həyata keçirilməsidir.
Bu gün həqiqətən ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində müasir texnologiyalara əsaslanan yeni-yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiyanın uğur formuludur. Çünki həyata keçirilən hər bir layihə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır.

Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
“Azərbaycan”