Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daim dövlətin himayəsində

10 Oktyabr 2017
 

Qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin olunurlar

 

Ölkəmizdə yaşanan sürətli sosial-iqtisadi inkişaf hər bir vətəndaşın həyatında özünü göstərərək, insanların maddi-rifah halının günü-gündən yaxşılaşmasına təkan verir. Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür.
Azərbaycan MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Çünki qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycanda həyata keçirilən sosial siyasət və bunun nəticəsi olaraq insanların yaşayış səviyyəsinin yaxşılaşması doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, onların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğunu çoxsaylı faktlar təsdiqləyir. Belə ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində indiyədək 6,2 milyard manatdan çox vəsait sərf olunub. Təkcə Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 96 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib.
Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 152 məktəb, 58 mədəniyyət mərkəzi, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 60 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 km drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi son 14 ildə icra edilib.
Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən 60-a yaxın fərman və sərəncam verilib.
Bu il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədən sonra isə məcburi köçkünlərin mənzil-sosial şəraiti ilə bağlı görülən işlər daha da sürətlənib. Xatırladaq ki, həmin müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinə həsr olunmuşdu. Mehriban Əliyeva hələ Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən bildirmişdi ki, o, öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə yönəldəcək. Məhz elə bunun nəticəsi olaraq Mehriban Əliyeva ilk müşavirəsini ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan xüsusi diqqətindən və həssas münasibətindən xəbər verir. Həmin müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yararsız, qəzalı vəziyyətdə olan yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Bu müşavirədə Mehriban Əliyeva məsələnin həlli yollarını da müəyyənləşdirdi.
Həmin müşavirədən sonra Bakı və Abşeronda “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində yeni yaşayış binalarının təməli qoyuldu. Bu layihə çərçivəsində ilk 214 mənzil bu il iyunun 27-də Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə məcburi köçkün ailələrinə təqdim olundu.
Layihə çərçivəsində Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində və Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan yeni yaşayış binaları isə oktyabrın 5-də istifadəyə verildi. Bununla əlaqədar keçirilən mərasimlərdə iştirak edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib: “İndiki mərhələdə digər yerlərdə - yararsız binalarda, yarımçıq tikilmiş binalarda, yataqxanalarda, pansionatlarda, uşaq bağçalarında müvəqqəti məskunlaşmış soydaşlarımızın vəziyyəti yaxşılaşdırılmalıdır. İlk mərhələdə ən ağır vəziyyətdə yaşayan insanlar yeni mənzillərə köçürülməlidir. Bundan sonra ardıcıl olaraq digər qaçqın və köçkün ailələrinin yaşayış vəziyyəti yaxşılaşdırılmalıdır. Biz bunun üçün çalışırıq və çalışacağıq. Mən əminəm ki, Azərbaycan dövləti bu problemi öz gücü ilə həll edəcək”.
Sabunçu rayonunun Ramana qəsəbəsində inşa olunan binaya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək. Masazırda isə ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib ki, bu da 210 ailənin mənzil şəraitinin yaxşılaşdırılması deməkdir. Beləliklə, Ramana və Masazırda tikilən binalarda ümumilikdə 260 məcburi köçkün ailəsi yerləşdiriləcək.
Ölkə rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə edildiyini göstərir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.
Ölkəmizin qüdrəti, ona rəhbərlik edən İlham Əliyevin qətiyyəti və həyata keçirdiyi siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapacağını deməyə əsas verir. Elə məcburi köçkünlər də tezliklə ata-baba torpaqlarına qayıdacaqlarına tam əmindirlər. Doğma yurdlarına qovuşduqdan sonra da bu insanlar dövlətin, onun başçısının dəstəyini hər zaman öz üzərlərində hiss edəcəklərini yaxşı bilirlər.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”