Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil siyasətin alternativi yoxdur

08 Oktyabr 2017
 

Azərbaycan qısa müddətdə çox müstəqil dövlətə nümunə ola biləcək uğurlara imza atıb. Bu uğurlardan biri demokratik dəyərlərin cəmiyyətimizdə intişar taparaq dərin kök salmasıdır.

Siyasi plüralizmin, söz, mətbuat və inanc azadlığının bərqərar olması, mükəmməl seçki sisteminin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, dövlətin qeyri-hökumət təşkilatlarına və mətbuata yardımı, internet azadlığı və s. bu kimi faktlar Azərbaycanın demokratiya yolunun açıq və çoxşaxəli olduğunu göstərir.

 

Azərbaycanı yolundan döndərmək mümkün deyil

 

Lakin gənc müstəqil respublika kimi Azərbaycanın nailiyyətləri, inkişaf etməkdə olan dövlətlərin sırasında öncüllərdən olması, müstəqil siyasət yeridən ölkə kimi böyük nüfuz qazanması, hüquqi və demokratik inkişaf yolunda qazandığı uğurlar bir sıra Qərb siyasi dairələrində daim qısqanclıqla qarşılanıb. Bunu indiyədək ölkəmizə qarşı həyata keçirilməsi davam etdirilən təzyiqlər, bəzi siyasi dairələrin qarayaxma kampaniyaları da göstərir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə xarici media orqanlarında sifarişli yazılar dərc edilir, telesüjetlər hazırlanır, müxtəlif siyasi güclərin təsiri altında olan qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, qərəzli çıxışlar edirlər.
Ümumiyyətlə, Azərbaycan hər zaman Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün üzərinə düşən bütün addımları atıb. Lakin ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasi xətt Qərb tərəfindən lazımınca qiymətləndirilməyib, daim onun qeyri-səmimi davranışları ilə müşayiət olunub. Bütün bunlara baxmayaraq, Azərbaycanı öz yolundan döndərə bilməyiblər. Respublikamız öz milli maraqlarına uyğun inkişaf yolu ilə uğurla irəliləyib və hansısa qərəzli qətnamələr isə ölkəmiz üçün kağız parçasından başqa bir şey olmayıb. Yaxşı xatirimizdədir ki, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqeyinə görə Azərbaycan iki il əvvəl bu qurumla əlaqələrinə yenidən baxdı. O zaman Milli Məclisin Avronestdə iştirakı dayandırılmışdı. Həmçinin ölkəmizin Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştirakına son qoyulmuşdu.
Ondan bir il sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Bakıya gələrək Prezident İlham Əliyevin qəbulunda oldu. Beləliklə, təsdiq edildi ki, Azərbaycan Avropanı itirməkdən qorxmur, amma Avropa Azərbaycanı itirdiyindən peşmançılıq hissi keçirir. Çünki Azərbaycana qarşı daim qeyri-səmimi olan AP-nin özü indi Azərbaycana elçilərini göndərərək əməkdaşlığı bərpa etmək istədiyini bildirdi. Beləliklə, Azərbaycan Prezidentinin dediyi “müstəqil siyasətin alternativi yoxdur və gec-tez hər kəs bu siyasətlə hesablaşacaq” fikri reallıqda öz təsdiqini tapdı.

 

Qərb demokratik dəyərlərə münasibətdə ikili standartlardan çıxış edir

 

Ümumiyyətlə, bəzi Qərb ölkələrinin demokratiya adı altında sadəcə, öz maraqlarını və mənafelərini təmin etməyə çalışdıqları, bununla spekulyasiya ilə məşğul olduqları çoxdan məlumdur. Artıq illərdir ki, bəzi siyasi dairələrdə belə bir fikir formalaşıb ki, digər ölkələrin işinə qarışmağın ən yaxşı yolu demokratiya məsələləridir.
Azərbaycana yanaşmada bu qərəzli tendensiya özünü daha qabarıq göstərir. Sanki Qərbdə hər kəs iş-gücünü atıb Azərbaycanı izləməklə məşğuldur. Lakin Azərbaycanda müxtəlif məsələləri, o cümlədən seçkiləri əvvəldən axıra kimi təftiş edən Qərbin siyasi dairələri bir dəfə də olsun Ermənistan barədə tənqidi fikir yürütməyiblər. Halbuki bu ölkə insan hüquqlarının ən kobud şəkildə pozulduğu bir yerdir. Ermənistan qədər demokratik dəyərlərə, beynəlxalq hüquqa etinasız yanaşan ikinci ölkə tapmaq mümkün deyil. Amma bir dəfə də olsun Qərb siyasi dairələri və beynəlxalq təşkilatlar Ermənistana qarşı hansısa sənəd qəbul etməyiblər. Bu ölkənin Azərbaycanın ərazilərini işğal etməsinə gəldikdə isə çeynənmiş şablon fikirlər səsləndirilir, sülh danışıqlarının alternativinin olmamasından dəm vurulur. Azərbaycanda hansısa hadisə ilə bağlı cinayət işi açılanda isə tələm-tələsik demokratik dəyərlər, insan hüquqları yada düşür.
Bu günlər ölkəmizdə səfərdə olan Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətinin üzvlərini qəbul edən Prezident İlham Əliyev onların suallarını cavablandırarkən bu məsələyə də münasibət bildirib. “Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır” - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Amma elə bu günlərdə İspaniyanın Kataloniya bölgəsində baş verənlər bir daha göstərdi ki, Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Avropada mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Lakin söhbət digər ölkələrdən gedəndə demokratiya və liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində, təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir.

 

Polis zorakılığı Qərbdə nadir hadisə sayılmır

 

2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı insanlara qarşı polisin qəddar davrandığı məlumdur. Xatırladaq ki, Ştutqartda xəsarət alanların 50-si məktəbli idi. Onların gözlərinə qaz dolmuş, bədənləri dəyənək zərbələrindən qançır-qançır olmuş, burunları sındırılmışdı. Bu adamlar şəhərdə ağacların qırılmasına etiraz edirdilər. ABŞ-ın Ferqyuson şəhərində etirazçıların dağıdılması üçün milli qvardiya yeridilib, onlara qarşı polis dəyənəyindən, gözyaşardıcı qazdan, su şırnağından, rezin güllələrdən və digər xüsusi vasitələrdən istifadə olunub. Ümumiyyətlə, son vaxtlar polisin nümayişçilərə qarşı zorakılıq etməsi Qərbdə artıq nadir hallarda rast gəlinən hadisə sayılmır. İnternet resurslardan bu hadisələr barədə fotofaktlar əldə etmək mümkündür.
Avropa İttifaqı nümayəndə heyətinin üzvlərinin suallarını cavablandırarkən Prezident İlham Əliyev bu barədə deyib: “Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq”.
Hansısa Qərb dövlətinin və ya beynəlxalq təşkilatın təmsilçilərinin Azərbaycana demokratiya dərsi keçməyə nə ixtiyarı çatır, nə də haqqı. Digər tərəfdən, onlar qərəzli hesabatlara istinad edərək Azərbaycanı əsassız və yersiz ittiham etməkdən əvvəl öz problemlərinə nəzər yetirsələr və gəlib Azərbaycanı yaxından tanısalar yaxşı olar. Çünki o zaman həm səhv yolda olduqlarını, həm də erməni lobbisinin əlində alətə çevrildiklərini daha yaxşı anlayarlar.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”