Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənaye məhəlləsi ən mütərəqqi biznes modelidir

08 Oktyabr 2017
 

Azərbaycan iqtisadiyyatının uğurlu inkişafını təmin edən amillərdən biri də onun qabaqcıl dünya təcrübəsinin nailiyyətlərinə söykənməsi və müasir təcrübəni sürətlə mənimsəməsidir. Qeyri-neft sektorunun bütün istiqamətlərdə şaxələndirilməsi, investisiyaların ölkə iqtisadiyyatının daha vacib və perspektivli sahələrinə yönəldilməsi iqtisadi islahatların yüksək nəticələrə nail olacağını qaçılmaz edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etməsi, burada yaradılan zavod və müəssisələrlə ətraflı tanış olması və yeni tapşırıqlar verməsi, iqtisadi islahatların gələcək istiqamətlərini izah etməsi bir daha ölkədə gedən islahatların nə dərəcədə ciddi və zəruri olduğunu təsdiqləyir.
Dövlət başçısının hələ 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq sərəncama əsasən, çox qısa müddət ərzində Neftçalada sənaye məhəlləsi yaradıldı və Azərbaycan Prezidenti bu yeni məhəllədə oldu.
Burada müasir dövrün güzəştsiz tələblərinə cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilmişdir. Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası yaradılmışdır. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına sərmayələr yatırılmış və dövlət də bu proseslərdən kənarda qalmamışdır. Sənaye məhəlləsinə sahibkarların cəlb edilməsi prosesi davam edir və gələcəkdə tələbata uyğun olaraq məhəllənin ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Artıq buradakı daimi iş yerlərinin sayı 500-ə yaxındır.
Yeni yaradılan sənaye məhəlləsində ən böyük müəssisələrdən biri “Azərmaş” ASC - “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. “İran Khodro” şirkətinin 25 faizlik paya malik olduğu bu zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılmış, hər il isə 2 min avtomobilin ixracı nəzərdə tutulmuşdur.
Dövlət başçısı Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış oldu. İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Nəzərə alaq ki, ölkədə balıq yeminə ciddi ehtiyac var və balıq yetişdirmək üçün yaradılan göllərin sayı sürətlə artır. Yəni burada hazırlanan yemlərin müştəriləri demək olar ki, artıq qapının ağzındadır. Balıq yeminin xaricdən gətirilməsi yerli sahibkarlar üçün həm qiymət baxımından bir qədər əlverişli deyil, həm də təchizatda istəsən də, istəməsən də müəyyən problemlər yaradır. Əminliklə demək olar ki, bu zavod ölkədə balıqçılığın inkişafına təkan verəcək, gələcəkdə toyuq və mal-qara üçün də qüvvəli yemlərin hazırlanmasında liderə çevriləcək.
Burada həmçinin artıq 20 illik yubileyini qeyd edən “Metak” MMC də plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal edən müəssisəni yaratmışdır. İllik istehsal gücü 2 milyon taradır. Azərbaycan fermerləri öz məhsullarını bazara çıxararkən üzləşdikləri ən böyük çətinliklərdən biri də məhsulun qablaşdırılması və onun müştəriyə təqdimatında yaranan çətinliklərlə bağlıdır. Bazarda məhsulun necə qablaşdırılması, müştəriyə necə təqdim edilməsi bir qayda olaraq taranın xarici görkəmindən asılıdır. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq.
Sənaye məhəlləsində yaradılan müəssisələrdən biri də “Gilan PİVOT” MMC-dir. Burada müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Bu gün aqrar sektorda suvarma məsələləri bütün dünya üçün aktuallıq kəsb edir. Bu istehsal sahəsi də ölkədə suvarma problemlərinin həllinə töhfəsini verəcək.
Ümumiyyətlə, Neftçala Sənaye Məhəlləsində yaradılan bütün istehsal sahələri dövlətin kiçik və orta sahibkarlığın fəaliyyətinə verdiyi güclü dəstəkdir. Onların regionlarda yaradılması isə sənaye müəssisələrinin bütün rayonlarda iqtisadiyyatın yeni sahələrinin inkişafına təkan verməsinə, yeni mütəxəssislər nəslinin yetişdirilməsinə səbəb olacaq.
Neftçala Sənaye Məhəlləsində “Azproduct” MMC müasir texnologiyalar əsasında balıq emalı və konservləşdirilməsi ilə məşğul olacaq, “Sun Rise Production” MMC-nin yaratdığı müəssisədə isə kağız stəkanlar və hazır içkilər istehsal ediləcək.
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə sənaye məhəlləsinin açılışını unikal hadisə kimi dəyərləndirdi, gələcəkdə rayonun inkişafında bu sənaye məhəlləsinin çox böyük rol oynayacağını vurğuladı. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyinin belə sürətlə istifadəyə verilməsi onu göstərir ki, dövlətin qəbul etdiyi bütün qərarlar qısa müddət ərzində və yüksək səviyyədə reallaşdırılır: “Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir”. - Bu dövlət başçısının sənayeləşməyə sərgilədiyi münasibətdir.
Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradıldı, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq və regionların sənayeləşməsi siyasəti kütləvi hal alacaq. Dövlətin təşəbbüsü ilə qurulan Neftçala sənaye zonasının yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılmışdır. Eyni zamanda sahibkarlar da kreditlər və öz vəsaitləri hesabına 45 milyon manat sərmayə qoymuşlar. Deməli, dövlət-özəl sektor tərəfdaşlığı ən yüksək səviyyədədir. Özəl və dövlət sərmayələrinin belə birgə, eyni məqsədə yönəldilməsi yerli istehsalı daha da gücləndirməyə, idxaldan asılılığı azaltmağa əlavə imkanlar yaradır və sənayeləşmə proseslərin sürətlənməsinə təkan verir. Xarici sərmayədarların cəlb edilməsi isə digər investorlara mesajdır.
Neftçalalılar rayonlarında ilk sənaye məhəlləsinin yaradılmasını xüsusi minnətdarlıq hissi ilə qeyd edir və xatırlayırlar ki, ulu öndər Heydər Əliyev dəfələrlə bura gəlib. Neftçala yod-brom zavodunun açılışını edib. Ulu öndərin bölgəyə ayırdığı diqqət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qayğı ilə davam etdirilir. Sənaye məhəlləsinin açılması Neftçalanın iqtisadiyyatını genişləndirməklə yanaşı, kənd təsərrüfatının inkişafına da təkan verəcək.
Azərbaycan Prezidenti bir daha ölkənin inkişafına, tərəqqisinə çalışan mütərəqqi lider, əvəzsiz islahatçı kimi tezliklə bütün rayonlarda belə sənaye zonalarının yaradılacağına əminliyini bildirmişdir. Artıq gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında yeni bölgələrdə sənaye zonalarının yaradılmasına xüsusi önəm veriləcək.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”