Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndiyədək AÇG-dən Azərbaycana təmənnasız olaraq 30 milyard kubmetrdən çox səmt qazı verilib

08 Oktyabr 2017
 

Təbiətin səxavət əli ilə Azərbaycana bəxş etdiyi sərvətlər sırasında zəngin neft-qaz yataqlarının öz yeri var. Quruda və dənizdə yeni-yeni karbohidrogen mənbələri aşkar olunsa da, onilliklərdir istismar edilən yataqların da ehtiyatları hələ tükənməyib. Hətta ayrı-ayrı mədənlərdə artıq ikinci əsrdir, hasilatı dayanmayan quyular var.

Bu da təbiətin verdiyi bir paydır ki, hər neft yatağından eyni zamanda müəyyən həcmdə qaz da çıxır. Buna səmt qazı deyilir. Yeri gəlmişkən qeyd edək ki, qaz yataqlarından mavi yanacaqla birlikdə kondensat da çıxarılır. Mütəxəssislərin dediyinə görə, bu, tərkibi bir qədər benzinə, bir qədər də dizel yanacağına bənzər, keyfiyyəti isə hətta “Azəri-layt” neftindən yüksək olan dəyərli yanacaq, bir növ təmizlənmiş, emal edilmiş neftdir. Məsələn, hazırda “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində gündə orta hesabla 30 milyon kubmetr qazla yanaşı, 7 min ton kondensat çıxarılır.

“Şahdəniz”in ikinci mərhələsinin ümumi ehtiyatları isə 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hər gün neftlə birlikdə səmt qazı da hasil olunur. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi” ilə bağlı infrastrukturun yaradılması işlərinə məhz səmt qazını nəql edən sualtı kəmərlərin çəkilişi də daxil idi.

AÇG-nin “ilkin”i olan “Çıraq” platformasından çıxarılan nefti dənizdən Səngəçal terminalınadək nəql etmək üçün 157 kilometr uzunluğunda 24 düymlük sualtı neft xətləri çəkildi. “Çıraq”ın səmt qazını isə Neft daşlarındakı qurğulara çatdırmaq qərara alındı. Bunun üçün 50 kilometrlik sualtı kəmər çəkildi. “Çıraq”dan ilk neftin hasil olunduğu vaxtdan 20 il keçir. Bu müddət ərzində “Çıraq” platformasından çıxarılan səmt qazı təhlükəsiz və ahəngdar olaraq Neft daşlarındakı kompressor stansiyasına çatdırılır. 

“Azəri” yatağından da uzun müddətdir xeyli səmt qazı alınıb. Xatırladaq ki, bu, daxilində üç hissəni birləşdirən nəhəng bir yataqdır. Onun mərkəzi hissəsindən hasilata 2005-ci ilin may ayında başlanmışdır. Yatağın qərb hissəsi 2006-cı ilin ilk günlərindən işə düşmüşdür. Şərq hissəsi isə həmin ilin oktyabrında - vaxtından dörd ay tez istismara daxil olandan bəri neft və səmt qazı verir.

“Azəri” yatağının səmt qazının bir hissəsi 28 düymlük sualtı xətlərlə Səngəçal terminalına gətirilir. Buradan isə mavi yanacaq SOCAR-a məxsus kəmərlə “Azəriqaz” şəbəkəsinə ötürülür.

“Azəri”nin səmt qazının digər hissəsi yataqlarda təzyiqin saxlanılması üçün yenidən laylara vurulur. Bu məqsədlə “Azəri”nin digər hissələrindən səmt qazı sualtı borularla “Mərkəzi Azəri”də quraşdırılmış kompressor və suvurma platformasına nəql edilir.

AÇG-dəki digər hasilat platformalarından - “Dərinsulu Günəşli”dən və “Qərbi Çıraq”dan əldə olunan səmt qazından da bu qaydada istifadə olunur, yəni, bir hissəsi Səngəçala, qalanı isə “Mərkəzi Azəri”yə çatdırılır.

2017-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 10 milyon kubmetr ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi laylarda təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

İndiyədək Azərbaycan dövlətinə AÇG tərəfindən təhvil verilən səmt qazının ümumi həcmi 30 milyard kubmetrdən çoxdur.

AÇG-nin səmt qazı Azərbaycan dövlətinə təmənnasız olaraq verilir.

 

Flora SADIQLI,

“Azərbaycan”