Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsu pambıqçıları 5 min ton məhsul təhvil verməkdə qərarlıdırlar

08 Oktyabr 2017
 

“Ağ qızıl” ustaları məqsədə doğru irəliləyirlər

 

Ağsuda pambıqçılıq ənənəvi kənd təsərrüfatı sahələrindən hesab olunur. Bu yerin insanları təxminən keçən əsrin 70-80-ci illərində pambığı özlərinin ümid yeri, çörək ağacı sanıblar. Onlar pambıqdan əməkhaqqı formasında əldə etdikləri gəlirlə maddi ehtiyaclarını ödəyiblər. Mövsüm yekunlaşdıqdan sonra həyətlərində saxladıqları mal-davarları sahəyə buraxıblar.
Pambıq kollarında qalan çiyidlə qidalanan heyvanlar həm yelinlərini yağlı südlə doldurub, həm də kökəlib ət-piy qatını qalınlaşdırmaqla qarşıdan gələn qarlı-şaxtalı qışdan gümrah çıxmaq şansı qazanıb.
Keçən ildən başlayaraq ənənəvi kənd təsərrüfatı sahələrindən pambıqçılığın da yenidən dirçəldilməsi bu sahə üzrə ixtisaslaşmış 22 rayonun sakinləri ilə yanaşı, ağsuluları da sevindirdi. İnsanlar əl-qollarını çırmalayaraq sahələrə çıxdılar. Onlar pambığın gözləntilərini doğruldacağına inanırdılar. Düzdür, keçən il pambığın vaxtından xeyli gec əkilməsi və məhsul yığımının yağışlı payız günlərinə düşməsi müəyyən problemlərə yol açdı. Real olaraq məhsulu sona qədər toplamaq mümkün olmadı. Lakin bu amil heç də Ağsu zəhmətkeşlərinin sevdikləri sahəyə həvəslərini azaltmadı. Əksinə, bu il daha çox məhsul əkini aparılıb. Yığımın təzə başlanmasına baxmayaraq, artıq real nəticələr var. Bu, Dövlət Statistika Komitəsinin pambıq tədarükünə dair operativ məlumatında da öz əksini tapır.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev söhbət zamanı bildirdi ki, bu il Ağsuda 2500 hektar sahədə pambıq əkini həyata keçirilib. Bunun 1610 hektar üzrə Ucar Pambıq Emalı Zavodu, 890 hektarı üzrə isə rayonda yaradılmış “Kənd təsərrüfatı” MMC ilə müqavilə bağlanıb. Əkin 161 fermer tərəfindən aparılıb. Demək olar ki, bütün sahələrdə yığım başlanıb. Bol məhsul yetişib. Proqnozlar göstərir ki, hər hektardan orta hesabla 20 sentnerdən çox məhsul götürmək mümkün olacaq. Hər gün əllə 50 tondan çox pambıq yığılır.
İnsanlar sahələrə həvəslə çıxırlar. Hər bir kəsin əməyi qiymətləndirilir. Yığılan məhsulun pulu yerindəcə ödənilir. Hətta bir sıra fermerlər tədarük təşkilatlarından əkin, becərilmə və yığım üçün götürdüyü kredit borcunu tam ödədiyi üçün bilir ki, bundan sonra toplanan məhsul mənfəətə xidmət edəcək. Ona görə də fermerlər pambıqçılara verilən məbləği artırmaqla yığılan məhsulun daha artıq olmasına onlarda maraq yaratmağa çalışırlar.
Hazırda yığılan məhsul təxminən 800 tondan çoxdur. Artıq pambıqyığan kombaynlar da sahələrə çıxıb. Bunun üçün 1000 hektardan çox sahə ayrılıb. Maşınların sahələrə çıxması yığım kampaniyasının daha sürətli və mütəşəkkil aparılmasına dəstək verəcək. Böyük ehtimal ki, gündəlik yığımı 80-100 tona çatdırmaq mümkün olacaq.
İcra hakimiyyəti başçısının sözlərinə görə, pambıq yığımına gündəlik 1150-1200 nəfər cəlb olunur. Buna pambığın sahələrdən daşınması və qalaqlanması prosesində iştirak edənləri də əlavə etsək, o zaman həmin həcmin 1300 nəfərə çatdığını görərik. Qarşıya qoyulan məqsəd isə bu il rayon üzrə 5 min ton pambığın təhvil verilməsidir. Bu halda fermerlərin xeyli gəlir götürmələri də mümkün olacaq.
Öyrəndik ki, rayonun Ərəbşahı və Çaparlı ərazilərində daha çox keyfiyyətli məhsul var. Ona görə də Çaparlı kəndinə yol alırıq. Rayon mərkəzinin 5-6 kilometrliyindəki bu kəndə daxil olan kimi yolun sağ və sol hissələrində insan əməyinin bəhrələri açıq-aşkar hiss olunur. Sahələrdə bol məhsul var. Yaşıl kollardan, qozalardan çox pambıq gözə dəyir. Kəndlilər yetişdirdikləri məhsulu toplayırlar. Məqsəd həm toplayıb təhvil verdikləri məhsuldan gələn vəsaitlə güzəranlarını daha da yaxşılaşdırmaq, həm də əməli fəaliyyətləri ilə Prezidentin çağırışlarına səs verməyə hazır olduqlarını diqqətə çatdırmaqdır.
Getdiyimiz ünvanda bizi Çaparlı ərazi inzibati dairəsi üzrə nümayəndə Araz Rəhimov qarşılayır. Müsahibimiz bildirir ki, nümayəndəlik 4 kənddən və 480 təsərrüfatdan ibarətdir. Sakinlərin əsas məşğuliyyəti taxılçılıq və maldarlıqdır. Son iki ildə isə Prezidentin tövsiyəsinə əsasən, Çaparlıda pambıq əkilir. Bu il konkret olaraq 320 hektar ərazidə pambıq əkilib. Əkin və becərilmədə bütün imkanlar səfərbər olunub. Sentyabrın ikinci ongünlüyündən pambıq yığımına başlanıb və proses uğurla aparılır. Hər hektardan minimum 25 sentner məhsul toplanacağı gözlənilir. Sakinlər 650 ton pambıq yığıb təhvil verməyi düşünürlər. Yığımda 27 fermerə aid sahələrdə kəndin 170-180 sakini iştirak edir.
Fermer Cəllad Cabbarovun əkin sahəsinə daxil oluruq. Pambıqçıların işi asan olmasa da, hər birinin çöhrəsində məmnunluq duyulur. Fermer deyir ki, əvvəllər usta işləyib. İndi pambıq yetişdirdiyi sahədə isə taxıl əkirmiş. Lakin rayon icra hakimiyyəti başçısının kənddə keçirdiyi səyyar qəbul zamanı dediyi sözlər ona çox təsir edib: “Taxıl mütləq lazımdır. Çörəksiz yaşamaq olmaz. Lakin taxıl əkməklə yanaşı, qoçaq adam özünü pambıq kimi əməktutumlu sahələrdə də sınamalı və ətrafında olan qonşusuna, kəndçisinə də iş yeri yaratmalıdır”.
Beləliklə, Cəllad Cabbarov əməli fəaliyyətə başlayıb, 34 hektar sahədə pambıq əkib. Rayonda yerləşən “Kənd təsərrüfatı” MMC ilə müqaviləsi var. MMC pambığın əkini, becərilməsi və hazırkı yığım dövründə ona dəstək verib. Fermer nəticədən razıdır.
Sentyabrın 10-dan yığıma başlanılıb. İndiyədək tarlalardan 20 tondan çox məhsul toplanıb. Orta məhsuldarlığın 20-25 sentner olacağı gözlənilir. Əksər kolların üstündə 65-70 qozanın olması buna əsas verir.
Müsahibimiz rayonda sahibkarlara hərtərəfli qayğı göstərilməsini xüsusi qeyd etdi. Hazırda tarlada çalışan və axşam evinə ruzi aparan 30 insanın iş yeri tapması, gündəlik ən azı 1,5 ton pambığın yığılması da bu qayğıdan qaynaqlanır. C.Cabbarovun güzəştli şərtlə aldığı traktor da dövlətin sahibkara göstərdiyi diqqət kimi qiymətləndirilir.
Kömək məqsədilə Çaparlıya pambıq yığmağa gəlmiş Yadigar Xalıqova və Minayə Həmidova da yenidən pambıq əkininin bərpa olunmasına görə ölkə rəhbərinə minnətdarlıq ifadə etdilər. Bildirdilər ki, fermer təsərrüfatında da onlara qayğı ilə yanaşırlar. Hər gün işə gəlib-getmələri, su, çay və qida ilə təmin olunmaları ilə bərabər yığılan pambığın pulunu da vaxtında alırlar.

Əli SƏLİMOV,
“Azərbaycan”