Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağdaşlı çəltikçilər yeni toxumçuluq təsərrüfatlarının və toxum sortlarının yaradılmasını təklif edirlər

08 Oktyabr 2017
 

Çəltikçiliklə məşğul olan Ağdaşın Malay kənd sakini, fermer Əli Musayevlə əkin sahəsində deyil, rayonun Qaradağlı kəndindəki çəltik dəyirmanında görüşdük. Çəltiyin düyüyə çevrildiyi dəyirmandakı texnologiya ilk baxışdan primitiv görünürdü. Bununla belə, orada yığılıb qalaqlanan kisələrlə çəltik, növbə gözləyən insanlar bu məkanın lazımlı olduğunun göstəricisi idi. 

Öyrəndik ki, həqiqətən də buradakı texnologiya İran İslam Respublikasında bir neçə il istismar olunduqdan sonra təkrar istehsal üçün gətirilərək Ağdaşda quraşdırılıb. Lakin vacib olanı, dəyirmançı Rafael Abdullayevin dediyi kimi, insanların məmnunluğudur. Əsas səbəb isə bu il əvvəlki illərlə müqayisədə daha çox çəltiyin əkilməsi, dəyirman sayının da rayondakı bütün məhsulu üyütmək gücündə olmamasıdır. Ona görə də R.Abdullayev bu ildən etibarən düyü istehsalı ilə əlaqədar olaraq çəltiyin üyüdülməsi məqsədilə dərman avadanlığı alıb gətirdiklərini diqqətə çatdırır. Deyir ki, müştəri də var. İnsanlar qurutduqları məhsulu üyütmək üçün dəyirmana gətirir. Məhsul keyfiyyətli olduğundan yaxşı da düyü çıxır. Qeyd edək ki, indi dəyirmanın yerləşdiyi ərazi zamanında kolxoz anbarı olub.
Əli Musayev deyir ki, sentyabr ayının 15-dən çəltik biçininə başlanıb. Biçilən məhsul qurudulduqdan sonra dəyirmana gətirilib. Üyütmə prosesində məhsulun effektli və keyfiyyətli olması üzə çıxır. Yumru Ağdaş düyüsü yaxşı formadadır. Artıq biçin yekunlaşma mərhələsindədir. Yağıntılı havalar imkan versə yerdə qalan az bir hissəni də biçib məhsulu götürmək mümkünləşəcək. Ümumilikdə sahələrdə bol məhsulun olması səmərəsini verib. Əkilən 40 hektar çəltik sahəsinin hər hektarından 35-40 sentner məhsul götürülməsi müsbət haldır.
Satış bazarından danışan fermer deyir ki, bildiyimiz kimi, Prezident İlham Əliyev çay, çəltik və sitrus meyvələri ilə bağlı Lənkəran şəhərində respublika müşavirəsi keçirdi. Orada qaldırılan məsələlərdən gözləntilər çoxdur. İstədiyimiz əkilən məhsulun normal qiymətə satışının təşkilidir. Məhsul yaxşı olduğu kimi, bazarın da əlverişli olacağını düşünürük. Müsahibimiz deyir: “Yetişdirdiyimiz çəltiyi dəyirmana apararaq ondan düyü istehsal edirik və məhsulu iş adamlarına, ayrı-ayrı vətəndaşlara öz həyətimizdə münasib qiymətə satırıq. Dövlət başçısının ənənəvi və ixracyönümlü sahələrin inkişafına diqqət və qayğısı məni işə daha həvəslə yanaşmağa ruhlandırır. Prezident İlham Əliyevin müşavirədə çəltikçiliklə bağlı nitqi qarşımıza mühüm vəzifələr qoyur. Biz də çalışacağıq ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimizdən gələni əsirgəməyək”.
Qeyd etmək lazımdır ki, son illər həyata keçirilən islahatlar ölkəmizin qeyri-neft sektorunun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Rayonda ilkin olaraq fermerləri və keçmiş təsərrüfat işçilərini də cəlb edərək bütün mülkiyyət növləri üzrə torpaq sahələrindən səmərəli istifadənin vəziyyəti araşdırılıb, əkin məqsədləri üçün istifadə olunmayan, eləcə də səmərəsiz istifadə olunan torpaq sahələrində müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin edilib.
Əkinçiliyin ən qədim sahələrindən olan çəltikçilik əsasən cənub bölgəsinə xas olsa da, Ağdaş rayonunda da əhalinin daim maraq göstərdiyi kənd təsərrüfatı sahələrindən biridir. Lakin 1990-cı illərin əvvəllərində məlum səbəblər üzündən aqrar sektora göstərilən biganəlik bu sahənin də geriləməsinə səbəb olub.
Ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı çəltikçiliyin də sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradılıb. Çəltik istehsalçılarına il ərzində hər hektara görə 90 manat subsidiyanın verilməsi insanların bu sahəyə marağını artırıb və bunun nəticəsində Ağdaşda da əkinçiliyin bu ənənəvi növü xeyli inkişaf edib.
2017-ci ildə Ağdaş rayonunun 59 yaşayış məntəqəsində 2454 hektarda çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner, hətta bəzi yerlərdə daha çox olub və təqribən 8 min tonadək çəltik, yəni 6 min tonadək düyü istehsalı proqnozlaşdırılır. Hava şəraitinin imkan verəcəyi halda nəzərdə tutulan məhsulun reallaşdırılması təqribən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir.
Ağdaş rayonunda çəltik əkini və becərilməsi ilə əlaqədar 2100 nəfər mövsümi işlə təmin olunub. Cari ildə hər bir fermer ailəsinin büdcəsinə təqribən 8200 manatdan çox vəsaitin daxil olacağı gözlənilir ki, bu da rayon üzrə 850 fermerin gəlir əldə edəcəyi deməkdir.
Fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi, yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyil ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə tanınır.
Qarşıdakı illərdə çəltik istehsalı sahəsində hədəflərin daha yüksək olduğunu nəzərə alaraq, elmi əsaslara söykənmiş toxumçuluq təsərrüfatlarının və yüksək məhsuldar toxum sortlarının yaradılması, çəltik əkini və yığımı üçün xüsusi təyinatlı texnikaların gətirilməsi, onların lizinq yolu ilə istehsalçılara verilməsi, eyni zamanda düyü istehsalı üçün müasir çəltik emalı müəssisəsinin yaradılmasına dəstək verilməsi arzulanır.
Çəltikçi fermerlər düşünürlər ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə işlərinə stimul vermək baxımından xüsusi önəm kəsb edir. Ölkə başçısının verdiyi göstərişlərin yerinə yetirilməsi çəltikçiliyin inkişafına yeni təkan verəcək. Müşavirədə Ağdaşda çəltik emalı zavodunun, çəltiyin toplanılması üçün anbarların və qurudulması üçün meydançaların tikilməsi barədə də fikirlər səsləndirilib. Prezident bu məsələlərin həlli ilə bağlı tapşırıq verib. Bu da fermerlərin ürəyindən olub və onları Ağdaşda çəltikçiliyin inkişafı üçün bütün güclərini səfərbər etməyə ruhlandırıb.

Ə.XASAYOĞLU,
“Azərbaycan”