Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ağır atletləri Avropanın ən güclü yığması oldu

08 Oktyabr 2017
 

Yeniyetmə ağırlıqqaldıranlarımız Avropa birinciliyindən 11 medalla qayıdıblar

 

Azərbaycan ağırlıqqaldıranları beynəlxalq səviyyəli nailiyyətlərinin sırasını bu günlərdə növbəti möhtəşəm uğurla daha da zənginləşdirdilər. Belə ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində Azərbaycan milli yığması 11 medal qazanaraq Avropanın ən güclü komandası adına layiq görülüb.
22-30 sentyabr tarixlərində Priştina şəhərində keçirilən Avropa birinciliyində 40-a yaxın ölkədən 264 atlet (117 oğlan və 147 qız) medallar uğrunda mübarizə aparırdı. Azərbaycan yığması isə 9 ağır atletdən ibarət idi. Onlardan Səbinə Əzimova (53 kq) və Elməddin Hüseynov (56 kq) 17 yaşlı idmançıların, Elşən Məmmədov (50 kq), Murad Əliyev, Rüstəm Qasımov (56 kq), Nurlan Rəsulov (62 kq), Əli Şükürlü (69 kq), Tarmenxan Babayev (85 kq) və Rəhman Kazımov (+94 kq) yaşı 15-dək idmançıların yarışında medal uğrunda mübarizə apardılar.
8 gün davam edən birincilikdə Azərbaycan ağır atletika yığmasının üzvləri inamla mübarizə aparıblar. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan 6-sı qızıl, 2-si gümüş və 3-ü bürünc medal olub. Elşən Məmmədov 50 kq çəki dərəcəsində birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov 56 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan Babayev 85 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medalla fərqləniblər.
Beləliklə, Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib. Bu sıralamada 2-ci pillədə Gürcüstan (5 qızıl, 1 gümüş), 3-cü yerdə isə İtaliya (4 qızıl, 2 gümüş, 3 bürünc) qərarlaşıb.
Əlavə edək ki, yığma komandamızın üzvləri 7 Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə 3 dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyib. Onun yaşı 15-ə qədər olan atletlərin birdən-birə 6 Avropa rekordunu yeniləməsi möhtəşəm göstəricidir. Belə nəticələrə çox nadir hallarda rast gəlinir. Bu yaş qrupunda yığma komandamız xal hesabında yalnız Türkiyədən geri qalaraq 2-ci pilləni tutub. 7 atletimiz toplam 453 xal əldə edib. Lider Türkiyə 516 xal qazanıb. 3-cü olan İtaliya yığmasının aktivində cəmi 357 xal olub.
Xatırladaq ki, atletimiz Rüstəm Qasımov ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən Avropa birinciliyində 50 kq çəki dərəcəsində çıxış edərək bürünc medala layiq görülmüş və bu il daha yaxşı nəticə əldə etməyi qarşısına məqsəd qoymuşdu. Çox sevindiricidir ki, gənc atletimiz bu arzusunu yerinə yetirdi.
Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 1 oğlan və 1 qız atletimiz çıxış etsə də, nəticələrimiz uğurlu alınıb. Qız atletimiz Səbinə Əzimova 53 kq çəki dərəcəsində çıxış edib və qızıl medala sahib çıxaraq 3 qat Avropa çempionu tituluna yiyələnib. Atletimiz tək olmasına baxmayaraq, onun nəticəsi (birdən və təkanla qaldırma, toplamda kiçik qızıl medallar) yığma komandamıza qızlardan ibarət komandaların mübarizəsində 6-cı yeri tutmaq imkanı verib.
Bununla yanaşı, gözəl çıxışı ilə yaddaqalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanan reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında 2-ci yeri tutub. 260.7 xal toplayan atletimiz türkiyəli lider Levent Nuraydan (262.4 xal) çox cüzi fərqlə geri qalıb.
Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı. Bu nailiyyət Azərbaycan Ağır Atletika Federasiyasının doğru və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Yeniyetmə atletlərimizin bu möhtəşəm nəticəsi bütün çətinlik və problemlərə rəğmən ölkə ağır atletikasının gələcəyinin parlaq olduğunu göstərir, vaxt ötdükcə böyüklərin yarışlarında da medallar qazanacağımıza ümid və inam bəsləməyimizə imkan verir.
Bu barədə oktyabrın 4-də AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Avropa birinciliyində iştirak etmiş idmançılarımızın mükafatlandırılması mərasimində də ətraflı söhbət açıldı. Ağır atletika üzrə milli komandamızı təbrik edən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov Avropa birinciliyində əldə edilən yüksək nəticənin Azərbaycan ağır atletika tarixində özünəməxsus yer tutduğunu bildirib: “Azərbaycan Ağır Atletika Federasiyası gənc nəslin sağlam formalaşması, idmanın ağır atletika növünün ölkəmizdə daha da populyarlaşması üçün böyük işlər həyata keçirir. Bilirik ki, hər şey yeniyetmələrdən başlayır. Yeniyetmə və gənc idmançılarımızın qələbələri gələcək çempionluqlar üçün mənbədir, təməldir. Kosovoda qazanılan nəticəyə hamımız çox sevindik. Biz sübut etdik ki, istedad və çalışma gücü ilə uğur əldə etmək olar. Bütün bu məsələlər federasiyanın prezidenti Cahangir Əsgərovun da ciddi nəzarətindədir. Onun rəhbərliyi ilə ağırlıqqaldırma federasiyasının son dövrlər gördüyü işlər öz nəticəsini verməkdədir”.
Tofiq Heydərov daha sonra bildirdi ki, fərdi mükafatlarla yanaşı, bu uğurun komanda hesabında əldə edilməsini də xüsusi vurğulamaq lazımdır: “Rəhbərlərdən tutmuş ən sıravi idmançıya, inzibatçıya qədər gücü bir yerə qoyaraq kollektiv uğur üçün var qüvvə ilə çalışmağın yaxşı nəticəsini görmək böyük zövq verir. Çünki əziyyətimizin bəhrəsini görürük. İnanıram ki, bu uğurların davamı gələcək”. Yeniyetmələrdən ibarət yığmamızdakı nizam-intizamı, onların qələbə qazanmaq həvəsini yüksək qiymətləndirən Tofiq Heydərov tarixi qələbəyə imza atan yeniyetmə idmançılarımızın gələcəkdə Olimpiya Oyunlarında daha möhtəşəm uğurlara imza atacaqlarına əminliyini ifadə etdi. Onun sözlərinə görə, Azərbaycan ağır atletikasında qoyulan yeni təməl çox sağlamdır və mütləq yeniyetmə idmançılarımızın qələbə seriyası növbəti yaş qruplarında da davam edəcək.
Ümumiyyətlə, yeniyetmə atletlərimizin bu uğuru ortaya qoyulan gərgin əməyin və görülən işlərin nəticəsidir. Bir məsələni də qeyd edək ki, AAAF son illərdə dopinqə qarşı yüksək səviyyədə mübarizə aparır. Kosovodakı nəticələr göstərir ki, istedadlı atletlərimiz bu preparatlarsız da çempion ola, medal qazana, üstəlik rekordlar da yeniləyə bilərlər. Çünki maksimum şərait yaradılandan, qidalanma və məşq prosesi düzgün aparılandan sonra uğur qaçılmazdır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”