Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arzular gələcəyin çağırış səsidir...

08 Oktyabr 2017
 

Onlar bu günün tələbələri, gələcəyin rəssamları, heykəltəraşlarıdır. Arzuları o qədər böyükdür ki, qarşısında aşılmaz sədd, keçilməz maneə görmürlər. Hələ ki, ömürlərinin baharını yaşayan bu gənclərin düşüncələri, gələcəklə bağlı planları, istəkləri dağ çayına bənzəyir. Sel kimi aşıb-daşır, bənd-bərə tanımır. 

Dərs ili yeni başlayıb. Birinci kurs tələbələri böyük arzularla daxil olduqları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dərs otaqlarına, emalatxanalarına, dəhlizlərinə yeni-yeni alışırlar. Bir az həyəcanlı, naşı görünürlər. Ancaq onlar da yuxarı kurs tələbələri qədər həvəslidirlər. Rəssamlıq Akademiyasının dəhlizlərindən keçə-keçə ilk müşahidə etdiklərimiz bunlardır...
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovla həmsöhbət oluruq. O, əvvəlcə yeni tədris ilində bu təhsil ocağında həyata keçirilən və görüləcək işlərdən danışır. Akademiyada təhsil alan fiziki qüsurlu tələbələr haqqında sualımıza cavabında bildirir ki, belə gənclər üçün qəbul imtahanlarında güzəştin nəzərdə tutulması məqsədəuyğundur: “Qabiliyyətlərinin qiymətləndirilməsi zamanı yüksək bal almış fiziki qüsurlu abituriyentlər qəbul imtahanlarında problemlərlə qarşılaşırlar. Dövlət imtahan mərkəzi onlara heç bir fərq qoymur. Bizdə keçid balı 50-dir. Bəzən abituriyentlər 48, 49 bal alırlar. DİM-dən deyirlər ki, boş yer olsa, qəbul edərik. Mən bu barədə yazıram, xahiş edirəm ki, məsələyə belə yanaşmaq doğru deyil. Çünki onlar rəssam olmaq istəyirlər. Fiziki qüsur onların qabiliyyəti, arzuları önündə əngəl deyil. Əksinə, belə insanlarda hisslər daha güclü olur. Biz deyirik ki, haradasa dərnəklərdə məşğul olan belə istedadlılar varsa, qoyun gəlsinlər. Biz qəbul edirik”.
Son illər Rəssamlıq Akademiyasına fiziki qüsurlu tələbələrin əvvəlki vaxtlara nisbətən daha çox gəlməsini rektor sevindirici hal kimi dəyərləndirir. Belə tələbələrin akademiyada çətinlik çəkməmələri üçün əsaslı işlər görülür. Ömər Eldarov vurğuladı ki, bir çox ölkələr istedadları ilə seçilən fiziki qüsurlu gənclərin əsərlərini sərgiləyir, onları dünyada tanıdırlar: “Biz də əlimizdən gələni əsirgəmirik, belə tələbələrimizin əsərlərinin xarici ölkələrə çıxarılmasına, müsabiqələrə təqdim edilməsinə çalışırıq. Onlar əllə işləyirlər. Əlil arabasında böyük tablo qarşısında məşğul olmaq xüsusilə çətindir. Auditoriyada yoldaşları kömək edir, müəllimləri onlara qayğı göstərirlər. Yenə ən böyük iş onların üzərinə düşür. Bütün çətinlikləri aşmaq iradə və bu sənətə böyük sevgi tələb edir. Bunlar isə həmin tələbələrdə var”.
Öyrəndik ki, Rəssamlıq Akademiyasında fiziki qüsurlu tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması, istedadlarının inkişafı Heydər Əliyev Fondunun da diqqət mərkəzindədir. Bu məqsədlə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün akademiyada lift quraşdırılıb ki, bu da onların yuxarı mərtəbələrə rahat qalxıb-düşmələrini asanlaşdırır. Həmin tələbələrə akademiyanın emalatxanasında daha yaxşı şəraitin yaradılması məqsədilə də işlər həyata keçirilir.
Sentyabrın 15-də Rəssamlıq Akademiyasında tələbələrlə görüşən Leyla Əliyeva onların təhsil şəraiti ilə tanış olub.
Bu təhsil ocağında hazırda 30-dək fiziki qüsurlu tələbə təhsil alır. Onlar Rəssamlıq Akademiyasını müxtəlif beynəlxalq səviyyəli müsabiqələrdə, eləcə də Heydər Əliyev Mərkəzində keçirilən sərgilərdə təmsil edirlər.

 

Mənəvi güc, iradə və sənətə sevgi ilə hər işin öhdəsindən gəlmək mümkündür

 

Rektordan Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələblərdən bir neçəsinin dərslərində iştirak etmək üçün icazə alırıq.
Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii keramika, şüşə və metal kafedrasının baş müəllimi Şahin Əlpənahovla metal ixtisası üzrə təhsil alan II kurs tələbələrinin dərsinə yollanırıq. Amma əvvəlcə Şahin müəllimlə həmin kursun tələbəsi İslam Əhmədli haqqında söhbət edirik. Müəllimi İslam barədə böyük ümidlərlə danışır: “İslam bacarıqlı tələbədir. Özünəməxsus, zəngin mənəvi dünyası, fərqli baxışı var.
İyirmi yaşlı İslamla söhbət edəndə dərhal əmin olursan ki, seçdiyi peşənin vurğunudur: “Mən Tatarıstanın paytaxtı Kazanda dünyaya gəlmişəm. Orada bağçaya, sonra məktəbə getdim. Lap uşaq olanda həkimlərin göstərişi ilə ayağıma görə məni masaja aparırdılar. Ayağımı dartanda çox incidirdi, ağlayırdım. Oyuncaq verirdilər, kənara itələyirdim. Elə ki vərəq, karandaş verirdilər, ağrıları hiss etmirdim. Kazanda xüsusi məktəbdə təhsil alır, rəssamlıq dərnəyinə gedirdim. 2008-ci ildə, mənim on iki yaşım olanda Ucar rayonuna gəldik. Ucarda 2 saylı tam orta məktəbdə oxudum. Rəsm müəllimimizin - Gülşən xanımın mənə çox böyük köməyi oldu. İki dəfə rayonda rəsm sərgimi keçirdilər. O vaxt qərara gəldim ki, sənədlərimi Rəssamlıq Akademiyasına verim. Tələbəlik illərində bu sənətə marağım artdı. Ümumiyyətlə, bir arzuma çatdımsa, daha böyük arzudan yapışıram. Hələ bundan sonra daha böyük planlarım var”.
Metal lövhələrə işləmək fiziki cəhətdən güc tələb edir. İslam Əhmədli deyir ki, mənəvi güc, iradə və sənətə sevgi ilə hər işin öhdəsindən gəlmək mümkündür. Ona görə də gələcək peşəsi İslama rahat, asan görünür. Daha çox portret janrında işləməyi xoşlayır. Özünə qarşı tələbkardır. Boş vaxtlarını musiqiyə, repə qulaq asmağa, filmlərə baxmağa, ən əsası, rəsmlər çəkməyə sərf edir. Deyir: “Rəsm çəkəndə sanki istirahət edirəm. Gələcəkdə öz peşəmdən yaxşı pul da qazanmaq istəyirəm. Özümüzü və ailəmizi əsərlərimizdən gələn gəlirlə dolandırmalıyıq. Məncə, zəhmətlə, bir də peşəni mükəmməl öyrənməklə böyük uğurlar qazanmaq mümkündür. Buna görə təhsilimi davam etdirməyi düşünürəm. Magistraturanı İtaliyada, ya da Türkiyədə oxumaq istəyirəm. Amma ən çox Amerikaya getmək arzusundayam”.

 

Yağışlı mənzərələri çəkməyi sevən gələcəyin rəssamı

 

II kurs tələbəsi Sürəyya Dadaşova isə Bədii toxuculuq və xalça sənəti kafedrasının Bədii xalça ixtisası üzrə təhsil alır. O da rəssamlıq sənətinə uşaqlıqdan könül verdiyini söyləyir. Akademiyaya daxil olanda sənədlərini rəngkarlığa verməyi düşünsə də, son anda fikrini dəyişib. Ailənin tək övladı olan Sürəyyanı xalçaçı rəssam olmağa nənəsi həvəsləndirib. Buna görə peşman deyil.
Sürəyya akademiyada oxumaqla yanaşı, Uşaq Bərpa Mərkəzində dərs deyir: “Rəssamlıq Akademiyasından qabaq müəllimlik sənətinə yiyələnmişəm. İndi burada təhsil almaqla yanaşı, Uşaq Bərpa Mərkəzində rəsm dərsi keçirəm. Buna görə məvacib almıram, sadəcə, uşaqlara dəstək oluram. Özüm də bir yaşımdan həmin mərkəzdə müalicə almışam”.
Sürəyya Dadaşova rəssamlığın müxtəlif janrlarına maraq göstərir, portret, peyzaj işləməyə xüsusilə həvəslidir. Ən çox da təbiətin yağışlı mənzərələrini kətan üzərinə köçürməyi sevir. Qrupda səkkiz tələbədirlər. Yoldaşları ilə mehriban tələbə dostları, gələcəyin həmkarları olacaqlarını bildirir.

 

Həyatla vuruş...

 

Məmməd Orucovun Rəssamlıq Akademiyasında təhsilinin ilk günləridir. O, Dekorativ-tətbiqi sənət fakültəsinin I kursunda oxuyur.
Məmmədgil ailədə iki uşaqdırlar. Nə valideynləri, nə də özündən böyük qardaşı rəssamdır. Bizə anlatdığına görə, dünyaya sağlam uşaq kimi gələn Məmməd Orucov bir yaşında soyuqdəymədən möhkəm xəstələnib, müalicələr faydasız olub, eşitməsində və danışığında o vaxtdan ciddi problemlər yaranıb. O, rəssamlığa böyük sevgisini anlatmaq üçün bizə telefonun yaddaşında saxladığı rəsmlərini göstərir.
Məmmədgil qrupda on bir tələbədir. Hələ ki, bir-birlərini yeni tanımağa başlayan gənclərin ilk rəsm dərslərində iştirak edirik. Müəllim Kənan Əliyev tələbələrə tapşırıqlar verir. Onlar tabloların önünə keçdikdən sonra müəllimə bir neçə sual veririk. Öyrənirik ki, Kənan Əliyev doqquz ildir müəllim işləyir. İndiyədək də fiziki qüsurlu tələbələri olub. Bildirir ki, onlar adətən, daha mübariz olurlar, sanki həyatla vuruşurlar: “Hissləri olduqca güclüdür. Bir də çətinlikləri aşmaqda elə bil fövqəladə gücə malikdirlər.

 

“Arzularım özü gəlib tapır, mən onları qovmuram”

 

Üz tutduğumuz növbəti auditoriyadakı tələbələr də II kursda oxuyurlar. Onlara hazırda sərbəst kompozisiya dərsi keçirilir. Tələbələr tabloların önündə düşüncələrini kağıza köçürürlər. Çəkdiyi etüdə başı qarışan Cavid Həsənova yaxınlaşırıq. Kitablarının üstündəki ingilis dili kitabı diqqətimizi cəlb edir. Cavid bildirir ki, bu dili öyrənməyə çalışır. Yəqin ingilis dilinə marağın yaranmasında gələcək arzularının da rolu var. Çünki Cavid də magistratura təhsilini xarici ölkələrdən birində almaq niyyətindədir.
İyirmi beş yaşlı Cavid deyir: “Ailəmizdə rəssam yoxdur, heç bilmirəm bu fikir hardan gəlib məni tapdı” - deyir: “Arzularım özü gəlib tapır, mən, sadəcə, onları qovmuram. Rəssamlığa gəlincə, bu, sonradan veriləcək qərar deyil. Bu sənəti öyrənmək və həyatımı bununla davam etmək istəyirəm. Mövzular çoxdur, kimi portret, kimi təbiət mənzərəsi çəkir. Mən isə daha çox hisslərimi, duyğularımı çəkirəm, Fikrim budur ki, nə görürəmsə, onları göstərim. Mənim üçün əsas odur ki, çəkdiklərimə baxanlar orada hansısa hisslərin ifadə olunduğunu anlasınlar”.
Rəngkarlıq fakültəsinin III kurs tələbələrinə isə müəllim Toğrul Ağayevin rəsm dərsidir. Nərmin Quliyevanın işlədiyi tablonun qarşısında əyləşirik. Onunla gələcək planlarından danışırıq. İyirmi beş yaşlı Nərmin arzuladığı ixtisasa qəbul olunduğunu deyir: “Ailəmizin tək övladıyam. Atam mühəndis, anam fizika müəlliməsidir. Mən ailəmizdə ilk rəssam olacağam. Çoxdan şəkil çəkirdim. Əvvəllər buna hobbi kimi baxırdım. Sonralar anladım ki, rəssam olmaq həyatda ən böyük arzularımdan biridir. Valideynlərim bunu biləndə mənə dəstək oldular. Akademiyaya orta məktəbi bitirdikdən yeddi il sonra daxil oldum. Düşünürdüm ki, alınmaz. İndi əlaçı təqaüdü ilə oxuyuram və yeddi il sənədlərimi ali məktəbə vermədiyimə təəssüflənirəm”.
Nərminin mövzu dairəsi genişdir. Daha çox müasir mövzularla maraqlanır. Öz düşüncələrini çəkmək istəyir. Rəssam kimi də, insan kimi də anlaşılmamaq qorxusu yoxdur: “Düşünürəm ki, rəssamlıq sənətini sevənlər, bizi anlayacaqlar”. Nərmin bu sənətdə uğurlar qazanacağına ümid edir. Arzuları çoxdur. İndi o həm də heykəltəraşlığı öyrənməyə başlayıb.
Rəssamlıq Akademiyasından xoş təəssüratlarla ayrılırıq. İnanırıq ki, bu ürəklə, bu istəklə onlar əsl sənətkar kimi yetişəcək, Azərbaycan incəsənətini yeni-yeni əsərlərlə zənginləşdirəcəklər.
Arzular gələcəyin çağırış səsidir. O səsə qoşulmaq üçün isə ümidi çıraq kimi həyat yolunun üzərində yandırmaq gərəkdir. Arzular, ümidlər böyük olanda, yaşamaq daha maraqlı, daha mənalı olur. Bir də həyat yollarından sağlam ayaqlarla deyil, ürəklə keçilir. Ona görə də fiziki cəhətdən sağlam olub-olmamaq nə xoşbəxtliyin, nə də uğurların səbəbidir. Əsas odur ki, duyğular qüsurlu, arzular şikəst olmasın.

Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏmmƏdov (foto),
“Azərbaycan”