Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin bölgələrdə nümayişinə başlanılıb

08 Oktyabr 2017
 

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin bölgələrdə nümayişinə başlanılıb. AZƏRTAC xəbər verir ki, ilk təqdimat Ağcabədidə keçirilib. Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaqdır.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib.

Sonra filmin nümayişi olub. Xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs edən ekran əsəri rayon ictimaiyyəti, tələbə və gənclər tərəfindən maraqla qarşılanıb.