Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Soyuq fəslin “isti” xəstəlikləri

08 Oktyabr 2017
 

Həkimlər sağlamlığın əsasını düzgün qidalanmada və dinamik həyat tərzində görürlər

 

İlin ən gözəl fəsillərindəndir payız. Bu vaxt hər yerdə bolluq, ruzi-bərəkət olur. Meyvə-tərəvəzin, ərzağın evlərə, anbarlara toplandığı bu fəsildə insanların da kefi kök olur.
Ümumiyyətlə, ilıq payız fəsli adamların istirahəti, səmərəli vaxt keçirməsi üçün əlverişli hesab olunur. Amma hər fəslin özəlliyi olduğu kimi, payızın da insan orqanizminə ciddi təsir edən özünəməxsus əlamətləri var. Məsələn, “mövsüm xəstəlikləri” deyilən xəstəliklər payızda insanlar arasında daha çox yayılır... Ona görə də öncədən məlumatlı olmaq, həkim məsləhətlərini dinləmək və profilaktik tədbir görmək lazımdır ki, orqanizmi müdafiə edə, ən əsası mövsümi xəstəliklərdən özünü qoruya biləsən!
Məlum məsələdir ki, mövsüm dəyişəndə, isti havadan soyuq fəslə keçid dövründə havanın temperaturunda, atmosfer təzyiqində ciddi dəyişikliklər baş verir. Bu da insan orqanizminə təsirsiz ötüşmür. Ümumiyyətlə, insanların ətraf mühitin təsirlərinə adaptasiyası müxtəlif formada baş verir. Elə ona görədir ki, fəsil dəyişmələri zamanı orqanizmdə neqativ proseslər gedir. Bəzən mütəxəssislər payız fəslini bir növ insanlar üçün sınaq dövrü də adlandırırlar. Odur ki, bu sınaq dövrünün insan orqanizminə təsiri, hansı xəstəliklərin aktivləşməsi, onların əlamətləri və bundan qorunma yolları ilə bağlı həkim məsləhətlərini oxucularla bölüşürük.
Sərt hava şəraitində bütün maddələr sıxıldığı kimi, insan orqanizmi də sıxılır, qan damarları daralır. Ümumilikdə, iqlim dəyişiklikləri orqanizmin immun qabiliyyətinin zəifləməsinə, müəyyən xəstəliklərin yaranmasına, xroniki xəstəliklərin baş qaldırmasına şərait yaradır. Bu zaman xəstə insanlarda problemlərin yaranma riski daha böyük olur. Soyuqlama, hərarətin artması, qrip, öskürək, halsızlıq, depressiya halları artır. Ürək-damar və mədə-bağırsaq sisteminin fəaliyyətində gərginliklər yaşanır.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin bəyanatına görə, Azərbaycanda payız və qış mövsümündə daha çox kəskin respirator infeksiyalar və qrip müşahidə olunur. Ən yüksək risk qruplarına azyaşlı uşaqlar və yaşlı adamlar, hamilə qadınlar, tənəffüs sistemi, şəkər, xroniki xəstəlikləri olan insanlar daxildir. Payızda mövsümi xəstəliklərin artması soyuqdəymə hallarının çoxalması və atmosfer təzyiqinin kəskin düşməsi ilə də birbaşa bağlıdır. Həm də bir fəsildən digərinə keçid mərhələsi xəstəliklərin sürətlə yayılması üçün əverişlidir. Eyni zamanda, havanın rütubəti də atmosferdə oksigen sıxlığının saxlanmasında həlledici rol oynayır, istilik mübadiləsinə və tər ifrazına təsir göstərir. Əksər hallarda nisbi rütubət yüksək olduqda ürək-damar sistemi xəstəlikləri kəskinləşir. Bu, meteohəssas insanlarda daha çox özünü göstərir. Məlum olduğu kimi, meteohəssaslıq meteoroloji amillərin (hava şəraitinin) təsirinə orqanizmin reaksiyasıdır. Geniş yayılmış bu hal əsasən qeyri-adi sayılan iqlim şəraitində baş verir. Belə reaksiyaların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, insanların xeyli hissəsində onlar meteoroloji şəraitin dəyişməsi ilə eyni vaxtda və ya bu hadisəni bir qədər qabaqlayaraq müşahidə olunur. Bu risk qrupuna daxil olanlar arasında 65-dən yuxarı yaşı olanlar daha çoxdur. Onu da xatırladaq ki, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Hipertoniyadan və aterosklerozdan əziyyət çəkən insanlar rütubətli havaya xüsusilə həssas olurlar.
Bununla belə, istənilən halda qışa doğru havanın hərarəti endikcə ən çox rast gəlinən xəstəliklər soyuqdəymə ilə bağlı olur. Bir həftədir yağışlı havaların başlaması və temperaturun sürətlə düşməsi ilə əlaqədar həkimlərə müraciət edən vətəndaşların sayı artıb.
Qeyd etdiyimiz kimi, mövsümi xəstəliklərdən əziyyət çəkənlər arasında balacalar da var, hətta onlar daha çox risk altında olanlardır. Həkim-terapevt Hicran Məmmədova bu barədə danışarkən bildirdi ki, azyaşlılarda, xüsusilə bir-iki yaşına qədər uşaqlarda mövsümi xəstəliklər daha sürətlə yayılır. Xəstəlik əvvəlcə uşaqlarda ümumi narahatlıqlar şəklində özünü göstərir, sonra isə iştahdan düşmə, temperaturun qalxması, qıcolma və digər formalarla kəskinləşir: “Belə vəziyyətdə ilk növbədə valideynlər diqqətli olmalıdırlar. Məktəblərdə, bağçalarda və uşaqların bir araya gəldiyi yerlərdə xəstəliyin yayılma riski böyükdür. Yoluxan uşaq xəstəliyi evə gətirir, beləcə azyaşlı körpələr və ailənin digər üzvləri də xəstələnirlər. Bir sözlə, ailə kompakt şəkildə özünü mühafizə etməli, xəstəliklərdən birlikdə qorunmalıdır”.
Həkimin sözlərinə görə, mövsümi xəstəliklərə tutulmamaq üçün uzun müddət soyuq havada qalmaq məsləhət deyil. Tərkibində vitaminlər çox olan məhsullar, sulu yeməklərlə qidalanmaq, meyvə-tərəvəzə, süd məhsullarına üstünlük vermək lazımdır. Bu, həm azyaşlılar, həm də böyüklər üçün vacibdir. Bəzən xəstəliklər orqanizmdə müəyyən maddələrin, vitaminlərin çatışmazlığından da yaranır. Unutmayaq ki, ən keyfiyyətli vitaminlər də təbiətdə, müxtəlif meyvə və tərəvəzlərin, ərzaq məhsullarının tərkibində insan sağlamlığı üçün zəruri olan kimyəvi elementlərdir. Qida rasionu düzgün tərtib olunursa və nəzarətdə saxlanırsa, bu da insanın immun qabiliyyətini gücləndirəcək və xəstəliklərin qarşısını maksimum alacaq.
Bəli, həkimlərin dediyi kimi, fəsildən və məkandan asılı olmayaraq insanın sağlamlığı ilk növbədə öz əlindədir. Odur ki, bu sahədə maariflənmək, lazım gələrsə, həkim məsləhətlərini dinləmək, qidalanma və yuxu rejiminə əməl etmək kifayətdir ki, canın sağlam olsun! İnformasiya bolluğu mühitində və müasir texnologiyaların yaratdığı geniş imkanlar sayəsində azca vaxt sərf etməklə ölkədə bütün istiqamətlər, o cümlədən bu sahə üzrə bilgilər əldə etmək mümkündür. Sadəcə kifayət edər ki, hər kəs sağlamlığının keşiyində dursun və bunun üçün üzərinə düşən öhdəliyə əməl etsin, xüsusilə uyğun olaraq düzgün qidalanmasını və dinamik həyat tərzini qoruyub saxlasın!

Elnur HADIYEV,
“Azərbaycan”