Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda ilk dəfə keçirilən Dünya Robot Olimpiadasının seçim yarışının qalibləri mükafatlandırılıb

07 Oktyabr 2017
 

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə oktyabrın 7-də ölkəmizdə ilk dəfə Dünya Robot Olimpiadası üzrə seçim yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev yarışların gənclərimizə bilik və bacarıqlarını nümayiş etdirmək, həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün gözəl imkan olduğunu qeyd edib. Bildirib ki, belə olimpiadaların keçirilməsi gənclərin elmi inkişafına böyük töhfə verəcək. Robot hazırlamağın bu gün dünyada geniş yayılmaqda olan hərəkata çevrildiyini vurğulayan İ.Babayev qeyd edib ki, ölkəmiz də artıq bu hərəkata qoşulub. Bu gün bu Olimpiadaya müxtəlif təhsil ocaqlarından 25 komandanın qatıldığını bildirən nazir müavini komandandaların sayının gələcəkdə artacağına ümidvar olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, dünya üzrə 60 ölkədən 20 mindən çox komanda bu olimpiadalarda iştirak edir. Yarışın qalibləri noyabrın 10-dan 12-dək Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil edəcəklər.

Dünya Robot Olimpiadasının Bakıda keçirilən seçim yarışlarının baş hakimi, yaponiyalı mütəxəssis, AREA-nın həmtəsisçisi Kohe İşiqami çıxışında ölkəmizdə bu sahənin inkişafı üçün uğurlu işlər aparıldığını qeyd edib. Baş hakim gənclərin bu sahədə təhsil almasının Azərbaycanın inkişafı və onların gələcəyi üçün önəmli olduğunu deyib. O, Azərbaycan gənclərinin bu sahəyə böyük həvəs göstərdiklərini və ölkəmizdə robototexnikanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Yarış çərçivəsində hazırlanan, eləcə də Yaponiya istehsalı olan robotlardan ibarət sərgiyə baxış keçirildikdən sonra komandalar arasında mübarizəyə start verilib.

Qeyd edək ki, yarış çərçivəsində 8-19 yaşlı gənclər üç kateqoriya üzrə mübarizə aparacaqlar. “Robot futbolu” yarışında hər biri iki robotdan ibarət olan komandalar futbol qaydalarına əsasən məharətlərini göstərəcəklər. “Açıq kateqoriya” üzrə mübarizədə iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcəklər. “Əsas kateqoriya”da isə gənclər üç yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaqlar.

Yarışda Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, “ADA” Universiteti, Akademik Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi, Bakı Modern Təhsil Kompleksi, “British School in Baku”, 215 nömrəli tam orta məktəb, İstək Liseyi, 267 nömrəli məktəb-lisey, “SABIS SUN International School”, “Step IT” Akademiyası və “ABC College” Liseyinin komandaları iştirak ediblər.

Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Yarışın qalibləri cari il noyabrın 10-dan 12-dək Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil edəcəklər.

Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.