Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hafiz Paşayev: Xaricdə doktorantura təhsili üzrə yeni dövlət proqramının qəbul olunması ölkə universitetlərinin gələcəyini təmin edə bilər

07 Oktyabr 2017
Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Beynəlxalq Müəllimlər Günü münasibətilə “ASAN Radio”nun direktoru Emin Musəviyə “QəbuldASAN” proqramı üçün geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, rektor müsahibə zamanı müasir təhsildə müəllimlərin rolu, gənclərin təlim və tərbiyəsinə təsiri, müəllimlərin işə qəbul olunmasında seçim meyarları, tələbə-müəllim münasibətləri barədə fikirlərini bölüşüb.

Hafiz Paşayev deyib ki, istənilən universitetin müvəffəqiyyəti müəllimlərinin keyfiyyətindən çox asılıdır. Belə ki, dövlət başçısının tapşırığı ilə ADA yarandığı ilk gündən müvafiq tələblərə cavab verən müəllimlərin tapılmasını qarşısına məqsəd qoyub və Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən, bakalavr, magistr və doktorantura üzrə dünyanın ən aparıcı ölkələrində təhsil alan şəxsləri taparaq, onları yeni qurulan universitetə cəlb edib. ADA Universitetinin müəllim heyətinin əsas hissəsi məhz bu gənc alimlərdən ibarətdir. Bu iş indi də davam edir. Universitetdə müəllimlərin işə götürülməsi çoxmərhələli şəffaf prosesdir. Açılan müəllim yerlərinə adətən 20-25 namizəd sənəd verir. Lakin bir rektor kimi ona namizədlərin təkcə biliyi və təcrübəsi yox, həm də müəllimlik qabiliyyəti və öz müəllimlərinə münasibətlərini öyrənmək də çox maraqlıdır.

“Hər müəllim yüzlərlə gəncin qarşısına çıxır. Onun danışıq tərzi, özünü auditoriyada necə aparması da tələbələrə nümunədir. Mən, mütəmadi olaraq tələbələrimizlə ünsiyyət qurub, onların öz müəllimləri barədə rəylərini öyrənirəm, hansı müəllimin dərsinə həvəslə getdikləri ilə maraqlanıram. Şadam ki, indiyə qədər tətbiq etdiyimiz qaydalar, doğurdan da, nümunəvi müəllimlərin işə qəbul olunması ilə nəticələnib. Müəllimlərimiz arasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının məzunları da var. Hazırda o proqram bitib. Lakin təklifimiz budur ki, sırf doktorantura pilləsi üzrə xaricdə təhsillə bağlı yeni dövlət proqramı təsis edilsin. Bu, dünyanın ən aparıcı universitetlərində ölkə üçün alim və müəllimləri yetişdirməyə kömək edər, həm bizim, həm də digər universitetlərin gələcəyini təmin edə bilər”, - deyə Hafiz Paşayev bildirib.

Rektor qeyd edib ki, on bir illik qısa tarixçəsi olsa da, ADA Universiteti tədris proqramı və təhsil üslubu tanınan beynəlxalq univesitetlərdən heç də geri qalmayan bir təhsil ocağı yarada bilib. Burada 46 ölkədən tələbə və müəllim heyəti təmsil olunub. Belə bir mühitdə oxumaq daha yetkin və daha geniş dünyagörüşlü məzunlar yetişdirir. ADA Universitetinin statistikası göstərir ki, məzunlar universiteti bitirəndən sonra üç ay ərzində iş tapırlar. Məzun məşğulluğu göstəricisi 87 faizdir: “Azərbaycanın gələcəyi üçün vacibdir ki, onun səsini və mövqeyini hər bir səviyyədə, hər kürsüdən, hər beynəlxalq yığıncaqda nümunə ola biləcək şəkildə çatdıran yetişmiş kadrları olsun. Belə məzunları yetişdirmək üçün yaxşı müəllimlərə ehtiyac var.”

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalı xatırlayan Hafiz Paşayev deyib ki, böyüdüyü ailədə tərbiyəvi mühitin yaradılmasına həmişə xüsusi önəm verilib. Sevimli pedaqoq Mir Cəlal öyrətdiyi prinsiplərə və dəyərlərə ən birinci müəllimin özünün riayət etməli olduğunu vurğulayırdı. “Mən, həm müəllimlərimizə, həm də tələbələrimizə Azərbaycan klassiklərini oxumağı həmişə tövsiyə edirəm. İstər humanitar, istər biznes, istərsə də texnoloji fənlər üzrə təhsil alan gənclərimiz Azərbaycan ədəbiyyatını yaxşı bilməlidirlər. Tariximizin öyrənilməsinin də ən yaxşı vasitəsi Azərbaycan bədii ədəbiyyatıdır. Həmin əsərlərdə bizə bu gün lazım olan bütün tərbiyəvi əhəmiyyətə malik ideyalar əks olunub. ADA Universitetində tədris olunan Azərbaycanşünaslıq dərsinə mütəmadi olaraq tanınmış ədəbiyyat və incəsənət adamları dəvət olunurlar ki, bu mənada, tələbələrlə öz fikirlərini birbaşa bölüşsünlər”, - deyə rektor qeyd edib.

Hafiz Paşayev, həmçinin ADA Universitetində bərqərar olan müəllim-tələbə münasibətlərinin tədrisdəki rolundan da söhbət açıb. Onun sözlərinə görə, universiteti tez-tez ziyarət edən xarici qonaqlar tələbələrin müsbət enerjili olduğunu dərhal duyur. Bu barədə danışan rektor deyib: “Mən, ADA Universitetinin məhz belə tələbələr yetişdirdiyini özüm üçün bir mükafat sanıram. Buradakı gənclərlə ünsiyyət qurmaq, onların arasında olmaq insana çox yaxşı hisslər bəxş edir. Bizim üçün zahiri şərtlər o qədər də əhəmiyyət kəsb etmir. Vacib deyil ki, tələbə müəllimi və ya rektoru görən kimi mil dayansın və ya gizlənsin. Əksinə, hesab edirik ki, müəllim tələbə ilə sinifdən kənar nə qədər çox ünsiyyətdə olursa, onun bir gəncin təlim və tərbiyəsinə təsiri bir o qədər də genişlənir. ADA-nın gözəl tədris kompleksi layihələşdiriləndə belə, memarlar məxsusi olaraq soruşurdu ki, siz tələbələrin müəllimlərlə hansı tezliklə qarşılaşmasını istəyirsiniz? Binalarımızın qurulmasında bu amili nəzərə almışıq ki, tələbələrlə müəllimlər birlikdə daha çox vaxt keçirsinlər. Əvvəllər ADA-ya qəbul edilən məktəblilər bura uyğunlaşmaq üçün daha çox vaxt sərf edirdilər. Amma indi görürəm ki, builki tələbələrimiz cəmi bir ay yarımdan sonra artıq ADA mədəniyyətinə alışıblar. Bu o deməkdir ki, bizim fəaliyyətimizin təsiri universitet hüdudlarından kənara da yayılır və məktəblilər özlərini məhz bu universitetə uyğun hazırlayırlar.”

Səfir Hafiz Paşayev bu yaxınlarda vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə də bağlı fikirlərini bölüşüb: “Bu böyük alimin elmi irsi gələcəkdə hələ çox istifadə olunacaq. Təəssüflər olsun ki, biz onu Azərbaycana kifayət qədər cəlb edə bilmədik. Onun əsərləri Azərbaycan alimlərinə böyük örnəkdir. O, vücudu ilə müəllim, alim idi: sadə və davranışında mehriban. Özünü elmə sərf etmək istəyən hər bir adam Lütfi Zadəni nümunə götürməlidir. Onun çox yerdə demədiyim bir xüsusiyyətini qeyd etmək istəyirəm. Azərbaycana bağlılığı çox təsirli idi: Hər dəfə xarici mətbuatda Azərbaycanla bağlı bir məlumat yayılanda mənimlə əlaqə saxlayıb fikrini bölüşərdi. Vurğulayırdı ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlaması çox vacibdir. Bakıya 70-ci illərdəki səfərini rəğbətlə xatırlayardı. Lütfi Zadə böyük alim olmaqla yanaşı, həm də böyük ziyalı və Amerikada yaşamasına baxmayaraq, daim Azərbaycanla və Bakı ilə bağlılığını vurğulayan gözəl insan idi”.

KIV-lərin cəmiyyəti məlumatlandırmaqla yanaşı, təsir və tərbiyəvi rolunu da qeyd edən xarici işlər nazirinin müavini müasir Azərbaycan mediasına əhəmiyyətli mövzuları tapıb işıqlandırmaqda uğurlar arzulayıb və bildirib ki, vətənpərvərliyin ən sadə düsturu insanın öz işini mükəmməl və məsuliyyətlə yerinə yetirməsindədir. İstər tələbə, istər müəllim, istərsə də digər peşə ilə məşğul olan adam Vətəni sözdə yox, işinə nümunəvi yanaşması ilə sevməlidir.

Hafiz Paşayev, həmçinin “ASAN xidmət”in fəaliyyətini müstəqil Azərbaycanın inkişafı baxımından təqdirəlayiq hesab etdiyini və yüksək qiymətləndirdiyini bildirib.