Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayanlar saxlanılıb

07 Oktyabr 2017
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzəriində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin ayrı-ayrı strukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı sakinləri Müşfiq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyənləşdirilərək məsuliyyətə cəlb edilib.

Dəstənin üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış milli qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.