Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xırdalanda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub

07 Oktyabr 2017
Azərbaycan brendi olan “ASAN xidmət” fəaliyyətini səyyar formada da davam etdirir. Bu dəfə “ASAN xidmət” və “Sağlam ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində iki gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon Mədəniyyət Mərkəzinin binasında keçirilən aksiyada oktyabrın 7-də saat 14-dək artıq 300 vətəndaş peşəkar həkim müayinələrindən yararlanmışdı.

Aksiyada iştirak edən abşeronlular pulsuz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR və digər müayinələrdən keçib, qanda şəkəri yoxlada biliblər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Vətəndaşlar yaradılan şəraitdən məmnunluqlarını bildirib, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan xidmətin fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar.

Qeyd edək ki, aksiya bu gün saat 18:00-dək davam edəcək. Səyyar “ASAN xidmət” bu cür müayinə aksiyalarını mütəmadi olaraq keçirməyi nəzərdə tutur.