Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sorğu: amerikalıların yalnız dörddəbiri ölkənin gələcəyinə nikbin baxır

07 Oktyabr 2017
Amerikalıların dörddəbirindən də az hissəsi hesab edir ki, onların ölkəsi düzgün yolla gedir. Bunu Associated Press agentliyinin və Çikaqo Universitetinin nəzdində fəaliyyət göstərən NORC sosioloji xidmətinin bilikdə keçirdikləri sorğunun açıqlanan nəticələri göstərir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, rəyi soruşulanların yalnız 24 faizi ölkənin gələcəyinə nikbin baxır. Sosioloqlar qeyd edirlər ki, iyun ayıda analoji sorğu keçirilərkən həmin göstərici 10 faiz yüksək idi. Bu geriləmə əsasən respublikaçılara görə baş verib. Belə ki, iyunda hakim partiya tərəfdarlarının 60 faizi ölkənin getdiyi istiqamətləri bəyəndikləri halda, indi onların sayı 44 faizə enib.

Sorğuya əsasən, prezident Donald Tramp populyarlığını itirməkdədir. Onun yüksək dövlət postundakı işini respublikaçıların təxminən üçdəbiri daxil olmaqla, amerikalıların 67 faizi bəyənmir. Digər tərəfdən, amerikalılar Ağ evin sahibinə nisbətən ABŞ Konqresinə daha az inam bəsləyirlər. Sorğuda iştirak edənlərin yalnız 18 faizi Nümayəndələr Palatasının və Senatın işindən razı qaldığını bildirib.