Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Polis oğurluğa cəhd edən şəxsi xüsusi fəndlə zərərsizləşdirib

07 Oktyabr 2017
Oktyabrın 6-da gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova Daxili İşlər Nazirliyinin (DİN) 102 - zəng xidməti mərkəzinə müraciət edib yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girərək oğurluğa cəhd etməsini bildirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi, Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.

Oğurluğa cəhd edən şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. O, hətta əlindəki bıçaqla polis əməkdaşlarından birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.

İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olan Elşad Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.