Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan ordusunda xəsarət alanların sayının artması cəmiyyətdə böyük narazılığa səbəb olub

07 Oktyabr 2017
Son vaxtlar Ermənistan ordusunda silah-sursatla davranış zamanı xəsarət alanların sayının çoxalması əsgər valideynlərinin ciddi narazılığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunun döyüş postlarından birinə yaxın ərazidə mina partlaması nəticəsində Yervand Xaçatryan və Roland Diyeğazaryan adlı hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əsgər Vahe Qriqoryan isə ona təhkim olunmuş silahını təmizləyərkən mövcud nasazlıq səbəbindən açılan atəş nəticəsində əlindən yaralanaraq taborun tibb məntəqəsinə yerləşdirilib. Komandanlıq tərəfindən hadisə barədə əsgərin valideynlərinə məlumat verilməsi qadağan edilib.

Sırxavənd yaşayış məntəqəsi ərazisində müdafiə zolağında mühəndis-istehkam işləri apararkən Aşot İsraelyan adlı hərbi qulluqçu da bədən xəsarətləri alıb. Əsgərin valideynlərinə hadisənin təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verməsi barədə məlumat verilməsinə baxmayaraq, hərbi qulluqçunun yaxınları A.İsraelyana münaqişə zəminində xəsarət yetirildiyi iddiası ilə hüquq mühafizə orqanlarına müraciət ediblər.

İşğal olunmuş ərazilərimizdə dislokasiya olunan düşmən ordusunun hərbi hissələrində son günlər baş verən hadisələr nəticəsində 10-dan artıq hərbi qulluqçu ciddi bədən xəsarətləri alıb ki, bu da əsgər valideynləri tərəfindən sosial şəbəkələrdə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına çoxlu sayda şikayətlərin səsləndirilməsinə səbəb olub.

Valideynlərin haqlı narazılığına səbəb olan hallardan biri də Ermənistan Müdafiə Nazirliyi istintaq idarəsi tərəfindən aparılan cinayət işləri zamanı onların müxtəlif haqsızlıqlara və süründürməçiliklərə məruz qalmalarıdır. Valideynlər bildirirlər ki, istintaq aparan müstəntiqləri hadisələrdə günahı olanların müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması deyil, kimdən neçə və nə qədər rüşvət ala biləcəkləri daha çox maraqlandırır.