Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vüsal Quliyev: QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur

07 Oktyabr 2017
QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Quba rayonunda keçirilən “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfransda bildirib.

V.Quliyev qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafında, onların fəaliyyətinin genişlənməsində dövlətin hər zaman maraqlı olduğunu qeyd edib. Məhz bu səbəbdən Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” və “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq olunduğunu, bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, hər iki qurumun yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm töhfə olduğunu, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımları demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini vurğulayıb.

V.Quliyev KİV-lərin Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri olduğunu, onların cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Prezident Administrasiyasının rəsmisi ulu öndər Heydər Əliyevin mətbuatı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi gördüyünü bildirib.

Şura sədrinin müavini cəmiyyətin həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını qeyd edib, ölkədə həmin qurumların təşəbbüsü və dövlətin dəstəyi ilə ictimai əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini vurğulayıb.

Konfransın əhəmiyyətindən danışan V.Quliyev vətəndaş cəmiyyətinin iki aparıcı institutu olan QHT və KİV-lərin əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O, QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumatlandırılması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılıb dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub. Əlavə edib ki, QHT-lərin fəaliyyəti ilə yaxından tanış olduqca cəmiyyətdə təşəbbüskarlıq daha da artır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrində yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların mövcud olduğunu, bu sahədə yeni təşəbbüslərin hər zaman dəstəkləndiyini də diqqətə çatdırıb. O, QHT-lərlə bağlı ixtisaslaşmış bir neçə mətbu orqanının olduğunu, onların sayının gələcəkdə artacağına ümid etdiyini vurğulayıb.