Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq

07 Oktyabr 2017
Prezident İlham Əliyev Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə ölkəmizin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırdı, Azərbaycanın hansı istiqamətdə və necə inkişaf etməsi barədə fikirlərini bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayev söyləyib.

Rövşən Rzayev qeyd edib ki, görüş zamanı dövlətimizin başçısı Azərbaycanın Avropa institutları ilə işləməyə həmişə hazır olduğunu dedi. Bildirdi ki, Azərbaycana qarşı qərəzli mövqe, ikili standartların mövcudluğu ölkəmizin haqlı olaraq narazılığına səbəb olub. Prezident vurğuladı ki, Azərbaycan beynəlxalq aləmə açıq ölkədir və dünya dövlətləri ilə ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində bütün imkanlarından istifadə edir. Azərbaycan digər dövlətlərlə qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin, heç bir qurumun Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur və olmamalıdır. Eyni zamanda, biz fəaliyyətimizi beynəlxalq institutlarla aparmalıyıq. Bu fikirləri də dövlətimizin başçısı çox aydın şəkildə bir daha izah etdi. Düşünürəm ki, qarşı tərəf də Azərbaycan Prezidentinin fikirlərini qəbul etdi. Zamanla bu barədə onların da mövqelərini biləcəyik. Eyni zamanda, dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də açıqladı. Prezidentin bu fikirləri onun BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı dediklərinin davamıdır. Bu, çox ciddi məsələdir. Digər bir məsələ, Azərbaycan Avropa İttifaqı ilə sazişin imzalanmasına hazırlaşır. Görüş zamanı bu məsələyə də toxunuldu və dövlətimizin başçısı bu haqda da mövqeyini bildirdi. Bu saziş Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

Rövşən Rzayev qeyd edib ki, beynəlxalq təşkilatlar qarayaxma kampaniyasından, ikili standartlardan əl çəkməli və işğalçını öz adı ilə adlandırmalıdır.

“Azərbaycan Avropa ölkələri üçün etibarlı tərəfdaşdır və bundan sonra da belə olacaq. Ölkəmiz Avropa dövlətləri ilə münasibətlərini daha da inkişaf etdirəcək”, - deyə deputat vurğulayıb.