Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar sektorun modernləşməsi uğurlu nəticələr verir

07 Oktyabr 2017
 

Prezident İlham Əliyevin yeni islahatlar kursu bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin möhkəm təməlini qoyub

 

Son illər qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyənləşdirilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub.
Prezident İlham Əliyevin bu sahənin sürətli inkişafı üçün verdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Bununla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi aqrar sektorda istehsalın artırılmasına, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə, bu sahənin ixrac imkanlarının gücləndirilməsinə müsbət təsir göstərib.

 

Keyfiyyətcə yeni mərhələ

 

Ümumiyyətlə, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi inkişafında, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir.
Prezident İlham Əliyevin şəxsən bölgələrə səfər etməsi, yaradılan aqromüəssisələrlə tanış olması, regional müşavirələr keçirməsi, istehsal və əkin sahələrində əməkçilərlə görüşməsi, onları həvəsləndirməsi, həyata keçirilən işlər çərçivəsində daha yüksək nəticələrin əldə olunmasına əlavə stimul verir.
Onu da vurğulayaq ki, 2016-cı ildən başlayaraq sistemli şəkildə görülən tədbirlərin nəticəsində aqrar sektorda ciddi irəliləyişlərin şahidi olduq. Yeni aqrokomplekslərin yaradılması, yerli və xarici investorların iqtisadiyyatımıza sərmayə yatırması üçün cəlbetmə işlərinin həyata keçirilməsi, yeni istehsal olunan məhsulların xarici bazarlarda satışının təmin edilməsi, “Made in Azerbaijan” brendinin müxtəlif ticarət nümayəndəlikləri və subyektlərinin vasitəsilə dünyada tanıdılması və s. bu kimi tədbirlərin reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirildi.

 

Strateji Yol Xəritəsi - 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb

 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin beş strateji yol xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə hesabatında əks olunan məqamlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, qəbul etdiyi qərarlar müsbət nəticələrini verməkdədir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” üzrə aparılan monitorinqə nəzər yetirək.
Bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb.

 

Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, dövlət proqramları və qanun layihələri hazırlanıb

 

Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “Qida təhlükəsizliyi haqqında” qanunun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
“Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Toxumçuluq haqqında yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib müzakirəyə təqdim edilib. Kənd təsərrüfatı sığortası haqqında yeni qanun layihəsi hazırlanaraq rəy bildirilməsi üçün müvafiq dövlət orqanlarına təqdim edilib.

 

525 hüquqi və fiziki şəxsə lizinqlə 3525 texnika verilib

 

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Kənd təsərrüfatı məhsullarının daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi üçün dünya təcrübəsi araşdırılıb və işçi qrupun iclasında bununla bağlı təkliflər irəli sürülüb.
Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrin üstünlük təşkil etdiyi bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. Kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən ardıcıl olaraq 3 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi əsasının yaradılması üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əlavə edilməsi barədə qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
“Aqrolizinq” ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

 

Yeni anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb

 

Hazırda Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi davam etdirilir. Ölkənin aparıcı şirkətlərindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, digər şirkətlər ilə əməkdaşlıq sahəsində də memorandumun imzalanması gözlənilir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılmışdır. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı (www.aqrarbazar.az) hazırlanmış, eləcə də kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni elektron portal (www.ruraltourism.az) fəaliyyətə başlayıb.

 

79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib

 

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövcud qanunvericilik beynəlxalq ekspertlərin texniki yardımı ilə qiymətləndirilib, qanunvericilikdə dəyişikliklərə dair müvafiq tövsiyə və təkliflər hazırlanıb.
Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb və ya çöl ölçmə işləri əsasən tamamlanıb. 7 rayonda isə torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir.
Həmçinin kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi araşdırılıb. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilib. Şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib.

 

Kənd təsərrüfatı kooperasiyasının inkişafı və aparılan kompleks islahatlar

 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il iyulun 14-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da təsdiqlənib. Bu proqram ölkədə ixrac potensialının güclənməsində mühüm rol oynayacaq, respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək. Çünki kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunan siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti nəticəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından mühüm işlər görülüb, əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

 

Azərbaycan kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcək

 

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının müasir innovasiya və elmi əsaslarla istehsalı, emalı və ixracı yaxın gələcəkdə regionlarda məşğulluğu artıracaq, ölkənin ərzaq təminatını yaxşılaşdıracaq və ixrac mallarından gələn valyuta axını manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafı və insanların daha yaxşı yaşamasının təminatı deməkdir.
Ötən il Qazax rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycan dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcək.
Sadalanan faktlar, görülən işlər isə təsdiq edir ki, artıq ölkəmizdə aqrar sektorun inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.
Təkcə bu ilin 6 ayında kənd təsərrüfatı məhsulları ixracının ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artması da, Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağından xəbər verir. Hazırda istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması da Azərbaycan brendinin dünyada tanınmasına xidmət edir.

 

Kənd təsərrüfatında hər il 4 faiz artım gözlənilir

 

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin icrası davamlı iqtisadi inkişafı təmin edir və beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yaxşılaşdırılmasına öz töhfəsini verib. Dünya Bankının ölkəmizlə bağlı verdiyi proqnozlara görə, 2017 və 2018-ci illərdə kənd təsərrüfatında hər il 4 faiz olmaqla artım gözlənilir.
Dünya Bankının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının rəqabətqabiliyyətinin artırılmasının ölkənin davamlı inkişafı üçün çox vacib olduğu vurğulanır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, artıq iqtisadi islahatlar bəhrəsini verir və dövlət başçısının söylədiyi kimi 2018-ci il sürətli iqtisadi inkişaf ili olacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”