Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirir

07 Oktyabr 2017
 

Yeni strateji sazişin imzalanması ikitərəfli münasibətlərə mühüm töhfə verəcək

 

Prezident İlham Əliyevin son 14 ildə milli maraqlara əsaslanan uğurlu diplomatiyası sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli, birmənalı etiraf olunan dövlətə çevrilib.
Azərbaycan dünya ölkələri ilə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq müstəqil xarici siyasət həyata keçirir. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə maraq da ildən-ilə artır. Bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.
Avropa İttifaqı (Aİ) ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. Xatırladaq ki, Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Azərbaycan Respublikasının Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Avropa İttifaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarı da ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Avropa Qonşuluq Siyasəti bura daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələdir. Azərbaycan ilə adıçəkilən qurum arasında əməkdaşlığın əsas istiqamətlərindən birini də enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu memorandumun əsas məqsədi Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
2006-cı il 14 noyabr tarixdə Avropanın “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir.
Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulmuşdur. Ölkəmiz “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edib. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları açıb. Avropa İttifaqı Azərbaycanla əlaqələrini TRASEKA çərçivəsində, eləcə də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır.
Təəssüflər olsun ki, zaman-zaman Azərbaycan əleyhinə çirkin kampaniya aparan antiislam, antitürk mövqeli qüvvələr ölkəmizlə sıx əməkdaşlıq edən nüfuzlu təşkilatlarla münasibətlərimizi zədələməyə yönələn addımlar atıblar. Erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatları da bu işdə onlara yardımçı olurlar. 2015-ci ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinin missiya göndərməkdən imtina etməsi bu qurumla münasibətlərimizə kölgə salmışdı.
Avropa Parlamenti tərəfindən münasibətləri yenidən bərpa etmək üçün Azərbaycan Milli Məclisinə dəfələrlə edilən müraciətlər, ardıcıl həyata keçirilən səfərlərdən sonra ötən ilin sentyabrında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarıldı. 21 sentyabr 2016-cı il tarixdə Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün müvafiq qərar qəbul edildi. Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacağı ilə bağlı konkret mövqe ortaya qoyan Azərbaycan bunun əvəzinə yeni strateji sənəd təqdim edib. Artıq ötən il sənədin bütün konturları Avropa İttifaqına təqdim olunub.
Prezident İlham Əliyevin cari il fevralın 5-6-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına gerçəkləşən səfərinin əsas məqsədi də Avropa İttifaqı ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək idi. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında keçirilən görüşdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu. Donald Tusk Azərbaycan Prezidentini Şərq Tərəfdaşlığı Sammitində iştirak etmək üçün Brüsselə dəvət etdi.
Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıqda mühüm mərhələ başlanıb. Bu əlaqələr Azərbaycanla yanaşı, Avropa üçün də kifayət qədər əhəmiyyətlidir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir və dünyada təhlükəsizliyin təmin edilməsində çox böyük rolu var. Bu baxımdan Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün olduqca vacib əhəmiyyət daşıyır və bu istiqamətdə atılan addımlar deyilənləri təsdiq edir.
Prezident İlham Əliyevin bu günlərdə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etməsi də əməkdaşlıq əlaqələrinin inkişafından xəbər verir. Bu, Avropa Komissiyasından indiyədək Azərbaycana səfər etmiş ən böyük nümayəndə heyətidir. Həmin səfər Azərbaycan haqqında daha geniş məlumatın əldə edilməsi baxımından əhəmiyyətli sayıla bilər.
Ölkə rəhbəri Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən bildirib: “Bu ilin fevral ayında mənim Brüsselə çox uğurlu səfərim oldu. Səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyirik. Avropa bizim əsas ticarət tərəfdaşımızdır və bizim Avropa ilə ənənəvi əlaqələrimiz var”.
Prezident İlham Əliyev nümayəndə heyəti ilə keçirdiyi görüşdə geniş fikir mübadiləsi apardı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bu istiqamətdə hər iki tərəfin davamlı işlər həyata keçirməsinin vacibliyi vurğulandı.
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens bildirib: “Brüsselə səfərinizdən sonra əlaqələrimizdə kifayət dərəcədə dinamik inkişaf baş verib. Hazırda yeni saziş üzrə danışıqlar gedir. Danışıqların artıq bir neçə raundu keçirilib. Fikrimcə, onlar çox yaxşı istiqamətdə davam edir. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar başa çatacaq. 1996-cı il tarixli “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” əvvəlki saziş üzərində də böyük iş gedir. Bir daha qeyd edirəm ki, münasibətlər təbii olaraq həmin əsaslarla, o cümlədən Şərq Tərəfdaşlığı ilə tənzimlənir. Sizi Şərq Tərəfdaşlığı Sammiti münasibətilə Brüsseldə böyük məmnuniyyətlə salamlamağı arzulayırıq”.
Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələr ilə ticari-iqtisadi əməkdaşlığı son illər daha da güclənib. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 35 faiz, 2017-ci ilin 4 ayında isə 38 faiz təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.
Azərbaycan və Avropa İttifaqı arasında yaxın zamanlarda imzalanması nəzərdə tutulan saziş əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yaradacaq. Bu saziş Azərbaycanla yanaşı, mötəbər qurum üçün də son dərəcə əhəmiyyətlidir.

Elnur HACALIYEV,
“Azərbaycan”