Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pambıqçılar bütün qüvvələri səfərbərliyə alıblar

07 Oktyabr 2017
 

Sabirabad pambıqçıları bu ilin çətin sınağından çıxmaq üçün bütün qüvvələrini səfərbərliyə alıblar. Belə ki, ötən yayın son dərəcə quraqlıq keçməsi, Araz çayında suyun azalması rayonun kənd təsərrüfatı əməkçilərini, xüsusilə pambıqçıları ciddi problemlə üz-üzə qoydu. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün böyük əmək sərf olundu, əlavə tədbirlər həyata keçirildi.

Respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi isti aylarda  həftələrlə bölgədə olur, pambıq tarlalarının suvarılması üçün alternativ su mənbələri arayıb axtarırdılar. Görülən tədbirlər səmərə verdi, “ağ qızıl” tarlalarının üstünü alan təhlükə sovuşdu. Amma təbiətin sınağı zərərsiz də ötüşmədi...

O gərgin günlər artıq arxada qalıb. Quraqlığın pəncəsindən xilas edilmiş tarlalar başdan-başa ağ örpəyə bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün rayonda bütün qüvvələr səfərbər olunub. Günümüzün zərbəçi cəbhəsi olan pambıq tədarükünə rayon üzrə bütövlükdə 9 min nəfərə yaxın işçi qüvvəsi cəlb edilib. Pambıq yığımında əsas meydan texnikanındır. İndi bəyaz donlu tarlalarda 25 pambıqyığan maşın işləyir. Maşınların 7-si təzə alınıb.

Sabirabad hələ sovet hakimiyyəti illərində Azərbaycanın pambıqçılıq mərkəzlərindən biri kimi şöhrət qazanıb. O dövrdə respublikaya rəhbərlik edən  ümummilli lider Heydər Əliyev demək olar ki, hər il Sabirabad pambıqçıları ilə görüşə gəlir, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün qərarlar qəbul edir, Muğan kəndlisini firavan həyata, xoş güzərana qovuşdurmaq üçün qayğısını əsirgəmirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dönüşün başlaması kimi tarixə çevrilən ilk müşavirəni məhz Sabirabadda keçirdi. Sabirabadlılar da bu qayğı və diqqəti yüksək dəyərləndirir, dövlət başçısının bu  münasibətinə əmək nailiyyətləri ilə cavab verməyə çalışırlar.

Keçən il rayonun təsərrüfatlarında 6,084 hektar pambıq əkilmişdi. Bu il isə əkin sahələri genişləndirilərək 15,055 hektara çatdırılmışdır. Rayonun tarla bahadırları 30 min ton pambıq istehsal etmək əzmindədirlər. Rayon icra hakimiyyətində yaradılmış xüsusi qərargah pambığın tez və itkisiz yığılıb tədarük olunmasında mühüm təşkilatçılıq funksiyası həyata keçirir.

İndi, qızıl payızın bərəkət dolu günlərində Muğan düzündə xoş ovqat yaşanır. Aylardan bəri çəkilən zəhmətin, axıdılan alın tərinin fərəhli nəticəsi olan bol məhsul yüksək əhvali-ruhiyyə ilə yığılıb təhvil verilir. Budur, rayonun Cavad kəndində Fəxrəddin Əsgərovun sahəsindəyik. Pambıqyığan maşınların uğultusu ətrafa yayılır. Elə tarlanın kənarındaca süfrə açıblar. Bir tərəfdə samovar tüstülənir. “Ağ qızıl”  yüklü lafetlər məntəqəyə gedən yolu əriş-arğac ediblər.

Fəxrəddinin qayğılı çöhrəsindən bir məmnunluq da duyulur. Bizimlə söhbətində gərgin ayların, həftələrin yorğunluğundan qurtulub rahatlığa qovuşan sadə bir əmək adamının könül xoşluğu sezilirdi:

- Bu il təbiət bizi çətin sınağa çəkdi. Suya çox tələbkar olan pambığı suvarmağa su tapa bilmirdik. Əlavə zəhmət, izafi xərclər, yuxusuz gecələr hesabına təhlükəni adlaya bildik. Pambıq yığmaqdan məmnunluq duyuram. Hər dəfə pambıq dolu lafetləri məntəqəyə yola saldıqca elə bil çiyinlərimdən dağ götürülür, sanki yüngülləşirəm. Bu il 40 hektar sahədə pambıq əkmişik. Şükür ki, zəhmətimiz hədər getməyib. Məhsulumuz boldur. Çalışırıq ki, məhsul itkisinə yol verməyək. Sahələri maşınla yığım üçün hazırlamışıq. Amma tarlaların kənarını 5-6 metr məsafədə əl ilə yığırıq ki, maşınlar cərgəaralarına girib-çıxanda kolları əzib pambığı yerə tökməsin. İşin bu cür təşkili səliqə-sahman yaradır. Artıq 15 hektardan çox sahənin məhsulu yığılıb. Nəticə yaxşıdır. Hələlik hər hektarın orta məhsuldarlığı 20 sentnerdən yuxarıdır. Hələ açılmamış qozalar da çoxdur. Yekunda məhsuldarlıq 30 sentnerdən artıq olacaq.

Rayonda ən böyük pambıq istehsalçısı MKT Sabirabad filialıdır. Filial bu il torpaq istifadəçiləri ilə bağladığı müqavilələr əsasında 7500 hektar sahədə pambıq əkmişdir. Artıq filialda məhsulun emalına da başlanmışdır. Məhsul çıxımı da yaxşıdır. “Azər Pambıq” isə rayonun təsərrüfatlarında  4512 hektarda bol “ağ qızıl” yetişdirmişdir. Yeni yaradılmış Sabirabad kənd təsərrüfatı MMC fəaliyyətinin birinci ilində 930 hektar sahədə pambıq əkmişdir. Burada becərmə dövründə olduğu kimi, məhsul yığımında da işlər yüksək peşəkarlıqla təşkil olunur.

Bərəkətli Muğan düzündə ağ örpəkli tarlaların barı-bəhəri aşıb-daşır. Hünər meydanına çevrilmiş tarlalarda əmək bulaq kimi çağlayır. Sanki bölgənin əmək qabiliyyətli hər bir sakini pambığın əvvəlki şöhrətini qaytarmaq üçün bəhsə girib. Qoy olsun! Şöhrətə aparan yol məhsul bolluğundan keçir. Bolluq da firavanlığın, xoş güzəranın mayasıdır. Firavan yaşamaq haqqını isə Muğan kəndlisi alın təri ilə, halal zəhməti ilə qazanır.

 

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”