Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şabranda fındıq yığımı başa çatıb

07 Oktyabr 2017
 

Respublikanın bölgələrinin iqtisadi potensialından daha da səmərəli istifadə olunması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlarla bağlı konkret addımlar atılmaqdadır. Bu həm də insanların gəlir mənbəyidir.

Ölkəmizin şimal bölgəsinin əsas iqtisadi rayonlarından olan Şabranda da hədəflər müəyyənləşdirilmiş və bu istiqamətdə işlər həllini tapmaqdadır. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun fındıqçılığın inkişaf etdirilməsi üçün yaxın illərdə rayon ərazisində min hektara yaxın sahədə yeni bağların salınması nəzərdə tutulub. Hazırda  rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 220 hektardan çoxdur. Bu bağların 176 hektarı barverəndir. 68 yaşayış məntəqəsindən 50-də 264 nəfər fermer fındıqçılıqla məşğul olur. Bunlardan 2 nəfəri 10, 21 nəfəri 2, 5 nəfəri 3 və  6 nəfəri isə 3 hektardan çox bağı olanlardır.

Ötən il rayonun fındıq bağlarından 500 tona yaxın məhsul yığılmışdı. Əldə edilən məhsulun yarıdan çoxu yüksək keyfiyyətli fındıq kimi qəbul edilmişdi. Ötən mövsümdə fermerlər tərəfindən 386 ton məhsul istehsal olunub. Onlar fındıq istehsalından 1 milyon 930 min manat gəlir əldə ediblər. Rayon üzrə fındıq bağlarının hər hektarında məhsuldarlıq 23,7 sentner olub.

Bu il də bağlarda xeyli fındıq yetişdirilmişdi. Rayonda fındıq yığımı artıq başa çatıb. Əsasən dağ və dağətəyi kəndlərdə sahibkar təsərrüfatlarında fərdi qaydada yetişdirilən məhsulun yığımı vaxtında və itkisiz toplanıb. Bəzi ərazilərdə havaların quraqlıq keçməsinə baxmayaraq, suvarılma hesabına ağaclar bəhərdən düşmədi. Zeyvə, Dağ Bilici, Düz Bilici, Əmirxanlı, Ağalıq, Aygünlü, Pirəbədil və digər kəndlərdə fındıq tədarükü sona çatıb. Artıq məhsulunu rayon bazarlarına çıxaran şabranlıların çoxu ailə büdcələrini möhkəmləndiriblər.    

Şabran rayonunda kənd təsərrüfatının fındıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yeni fındıq bağlarının salınmasını sürətləndirmək məqsədilə rayonda xüsusi qərargah yaradılıb. İlin sonuna kimi daha 800 hektar yeni fındıq bağının salınması nəzərdə tutulub. Yeni salınan bağlarda isti yay günlərində sahibkarlar fındığın suvarılmasına diqqətlə yanaşıblar. Belə ki, körpə budaqları yayda qorudunsa, demək, işin yarısını görmüsən. Aqrotexniki qaydalara uyğun aparılan qulluq nəticəsidir ki, ötən il basdırılan bir topa belə itkiyə getməyib.

Rayonda fındıq üçün ayrılan torpaq sahələrinə 1, 2 və 3 illik pöhrələr əkilib. Bu da ondan xəbər verir ki, yaxın gələcəkdə şabranlılar qarşıya qoyduqları nəticəni əldə edəcəklər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”