Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkinin su təchizatı sistemi təzələnir

07 Oktyabr 2017
 

Layihənin üçüncü mərhələsi həyata keçirilir

 

Respublikamızın şimal-qərb bölgəsinin mərkəzində yerləşən Şəki şəhərində də genişmiqyaslı infrastruktur layihələri icra olunmaqdadır. Uzunmüddətli fasilədən sonra burada insanların fasiləsiz su ilə təmin olunmaları mümkünləşəcək. Keçən ildən başlayaraq bu prosesə start verilib.

Şəkinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin  sifarişçisi “Azərsu” ASC-dir. Maliyyələşmənin 40 faizi Azərbaycan hökuməti, 60 faizi isə Almaniyanın “KfW” dövlət bankı tərəfindən reallaşdırılır. İcra olunan işlərə nəzarət Almaniyanın “Torner shnayder” şirkəti tərəfindən aparılır.  Layihə üzrə  podratçı təşkilat isə “Afgan&TS Consepium” şirkətidir.

İndiyədək görülən və gələcəkdə icra olunacaq işlər haqqında məlumat verən Şəki şəhərinin  su və kanalizasiya sistemlərinin yenidənqurulması üzrə layihənin rəhbəri Pərvin Rzayev dedi ki, hazırda layihənin 3-cü fazası üzrə işlər aparılır. İlk iki faza yekunlaşıb. Birinci faza mənbə, magistral xətt və su anbarının təmirini nəzərdə tuturdu. İkinci fazada 3 anbarın tikintisi və XVIII əsrdə tikilmiş anbarın təmiri, aralarında olan nəqledici borunun yenidən qurulmasını hədəf götürür. 3-cü faza şəbəkənin su və kanalizasiya xətlərinin yenidən qurulmasını əhatə edir. Bu işlər əsasən şəhərin mərkəz hissəsində aparılır. Bu da 123 kilometr su və 126 kilometr kanalizasiya şəbəkəsinin yenidən qurulması deməkdir. Əlavə olaraq iki yeni anbarın və Qurcana deyilən ərazidəki beşinci anbar ərazisində nasosxana və  xlorofil qurğusunun qurulması da yerinə yetiriləcək. 

 

İnşaat işləri yekunlaşır

 

Fikirlərini davam etdirən layihə rəhbəri deyir:

- İnşaat sahəsi olaraq bu layihəni iki hissəyə ayırmaq olar. Bunlar Şəki şəhərinin mərkəzi və Şəkinin tarixi hissəsində - Yuxarıbaş Dövlət Qoruğunun ərazisindən keçən Qurcanada aparılan işlərdən ibarətdir. Ən çətin və məsuliyyətli hissə də həmin əraziyə düşür. Mərkəz hissəsində inşa olunan və hər biri 1500 kubmetr su tutumuna malik iki anbarın beton işi əsasən yekunlaşıb. Daş-beton işləri də qurtarıb. İzolyasiya prosesinə start verilib və sınaq mərhələsinə hazırlıq gedir. Sınaq ilk mərhələdə birinci anbarda aparılacaq. Bunun ardınca ikincidə də sınaq yekunlaşdıqdan sonra anbarlar hazırlanmış hesab olunur. Ən sonda avadanlıqların quraşdırılması ilə son tamamlama işləri görüləcək.

İşlər əsasən şəhərin mərkəzində - Soyuqbulaq hissəsində aparılır. Hazırda  layihə üzrə aparılan inşaat işlərinin 10-cu ayıdır. Ötən müddətdə layihənin 40 faizi reallaşdırılıb. Ümumilikdə su sistemi üzrə də işlər xeyli irəlidədir. Kanalizasiya sahəsində də qrafikə əməl edilir. Artıq su arıtma stansiyasının da inşasına başlanıb və orada da işlərin 50 faizi icra olunub.

 

Mövcud sistem tələbatı ödəmir

 

Şəkinin tarixi hissəsində olmasa da, hazırda şəhərin mərkəzində  kanalizasiya sistemi mövcuddur. Lakin həmin sistem əsasən yararsız vəziyyətdədir. Bununla belə, tarixə nəzər yetirsək görərik ki, tarixi hissədə bəlkə də neçə əsr bundan əvvəl inşa edilmiş su kanalizasiya sistemi olub. Bunu həmin ərazilərdə iş aparılarkən aşkarlanan əl işi olan saxsı materiallı suçökdürücü və suötürücü borular da təsdiqləyir.  Eyni zamanda həmin işin necə dəqiq riyazi hesablamalar əsasında aparılması da diqqəti çəkir. Qeyd edilənlərdən bəlli olur ki, Avropaya artıq su və ya kanalizasiya sistemi XIX-XX əsrlərdə gəlib çıxdığı halda, bizdə bir neçə əsr əvvəl bu prosesə başlanıb. Deyilənləri isə tapılan boruların çıxarıldığı dərinlik və onun üzərindəki çoxpilləli laylar təsdiqləyir.

 

Yerli materiallara üstünlük verilir

 

Ümumilikdə isə Şəki şəhərinin genişmiqyaslı su kanalizasiya sisteminin çəkilməsi  təxminən İpək Kombinatının tikildiyi dövrə - 1950-ci illərə təsadüf edir. Magistral xətlər, hətta kanalizasiya suyunu təmizləyən qurğu da məhz İpək Kombinatının balansında olub. Uzunmüddətli istismar dövrü ərzində bu sistemin sıradan çıxması heç də təəccüblü deyil.

Yeni qurulan sistemdə istifadə edilən borular polietilen materialından olduğu üçün onların təxminən 100 ilə qədər istifadəsi mümkündür. Layihə rəhbərinin sözlərinə görə, istifadə olunan materiallar Avropa standartlarının tələblərinə cavab verir. Əsasən də yerli Texnolayn və STP-nin zavodlarında istehsal olunan materiallara üstünlük verilir. Texnoloji avadanlıqlar isə Türkiyədən sifariş edilib.

 

40 min sakin rahatlığa qovuşacaq

 

İşlər 2035-ci il perspektivi nəzərə alınaraq aparılır. Eyni zamanda genişləndirmə imkanı üçün də şərait yaradılır. Şəkinin iki tərəfi dağ və bir tərəfi çayla əhatə olunduğu üçün burada inkişaf cənub istiqamətədir. Orada quraşdırılan boruların diametrində perspektiv nəzərdə tutulub. Su mənbələri də hazırda Kiş çayı hövzəsindəndir. Lakin qeyri-dəqiq məlumatlara görə, su mənbəyinin arteziana çevrilmə ehtimalı da böyükdür.

Hazırkı vaxta kimi layihənin icrasına 500 nəfərə qədər adam cəlb edilib. Kollektorun 55, suyun 42, kanalizasiyanın 38 faizlik hissəsində işlər bitib. Layihə ərazi baxımdan Şəkinin üçdəbir hissəsində reallaşdırılsa da, əhalinin ən sıx yaşadığı məkanı əhatə edir. Ona görə də layihənin yekunlaşması ilə orta hesabla 40 minə yaxın sakin dayanıqlı içməli su və kanalizasiya sistemi ilə təmin olunacaq.

 

Əli SƏLİMOV,

“Azərbaycan”