Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Bakıda xarici ofisinin təsis edilməsi müzakirə olunur

06 Oktyabr 2017
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda xarici ofisinin təsis edilməsinə dəstək göstərilməsi üçün danışıqlar aparılır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-dən 4-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında iştirak edib.

Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən açıqlama verilib.

Komitə sədri assambleyanın açılış sessiyasında çıxış edərək təşkilatla əməkdaşlığın, birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Ölkəmizdə əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən, komitə tərəfindən təsis edilmiş “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs haqqında məlumat verib.

Təşkilatın baş direktoru Frensis Qarri ilə görüşdə milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunun 2014-2017-ci illəri əhatə edən fəaliyyət planının icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb.

R.Həsənov təşkilatın Bakıda xarici ofisinin təsis olunması və 2018-ci ildə yeni fəaliyyət planı layihəsinin imzalanmasında maraqlı olduğumuzu vurğulayıb və baş direktoru Azərbaycana dəvət edib. F.Qarri 2018-ci ilin birinci yarısında ölkəmizə səfər edəcəyini qeyd edib.

Eyni zamanda, nümayəndə heyətinin üzvləri ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğunu müzakirə ediblər.

Bir neçə ölkənin patent qurumunun rəhbərləri ilə görüşən nümayəndə heyətinin üzvləri ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ÜƏMT-nin Bakıda xarici ofisinin təsis edilməsinə dəstək göstərilməsi üçün danışıqlar aparıblar.

Səfər çərçivəsində Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.