Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xarici əlaqələri genişlənir

06 Oktyabr 2017
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ankarada Türkiyə Respublikası ilə dost və qardaş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, deputatların, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və TÜRKSOY-un baş katibinin qatıldığı tədbirdə Mövlud Çavuşoğlu dost və qardaş ölkələrlə diplomatik münasibətlərin inkişafından, eləcə də 25 il ərzində görülən işlərdən söz açıb.

Oktyabrın 5-də Türkiyənin xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə səfərdə olub. Mövlud Çavuşoğlu YUNESKO-nun baş qərargahında təşkilatın İcraiyyə Şurasının 202-ci sessiyasında çıxış edib. O, Türkiyənin YUNESKO-ya daim dəstək olacağını söyləyib, ölkəsinin təşkilatın İcraiyyə Şurasına üzvlük əldə etmək üçün namizədliyini irəli sürdüyünü bildirib.

Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri ilə YUNESKO-nun baş direktoru İrina Bokova arasında görüş keçirilib. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak ediblər.

Görüşdə Türkiyə və YUNESKO arasındakı münasibətlərdən söz açılıb, o cümlədən türkdilli xalqların mədəni irsinin qorunması üzrə aparılan işlər müzakirə olunub. Türkiyənin xarici işlər naziri YUNESKO ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O, Türkiyənin türkdilli təşkilatların fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb.

YUNESKO-nun baş direktoru İrina Bokova Suriya, İraq və digər münaqişəli ərazilərdəki maddi-mədəni irsin bərpası üçün Türkiyənin YUNESKO-nun və üzv dövlətlərin əvəzsiz ortağı olduğunu bildirib.

İrina Bokova türkdilli təşkilatların fəaliyyətindən bəhs edib, türk dünyası mədəni irsinin təbliğatı istiqamətində TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən danışıb.

Görüş zamanı YUNESKO ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması perspektivləri müzakirə olunub.

YUNESKO-nun İcraiyyə Şurasının 202-ci sessiyası davam edir.