Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dər saxla yasəməni…

06 Oktyabr 2017
Tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib xoş ətirli bitkilərdir. Yarpaqlarına görə iki-ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən növləri var.

AZƏRTAC xəbər verir ki, onlardan ən məşhuru adi yasəməndir. Bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi regionlarda qışda yarpaqlarını tamam tökür, yazın əvvəllərindən payızın axırlarınadək çiçək açır. Onun kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı qızılı çiçəkləri ilə göz oxşayır və dekorativ bitki kimi parkları bəzəyir. Yasəmənin bəzi növləri mövsümün uyğun olmadığı bölgələrdə yalnız istixanalarda yetişdirilir. Ancaq çoxu qış mövsümünü asanlıqda açıqda keçirə bilir. Yasəmənlər calaq yolu ilə çoxaldılır.

Yasəmənin çiçəklərindən ətriyyat istehsalında istifadə edilir, sabun və digər təmizlik məmulatlarının tərkibinə yasəmən yağı qatılır. Ful adı ilə tanınan ərəb yasəmənin çiçəklərindən isə çay hazırlanır. Yasəmən gülünün suyu da şəfa mənbəyidir. Onun suyu saçlara parlaqlıq verir, onları günəş şüasından qoruyur. Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaraları və diş ağrıları zamanı istifadə edilir.

Çiçəklərin suyu yorğun gözlərin yuyulmasında istifadə edilir. Yasəmənin ətri əsəbləri sakitləşdirir. Mütəxəssislər qadınların daha çox yasəmən ətirli ətriyyatlardan istifadə etməsini, evdə daha çox yasəmən çiçəyi bəsləməyi məsləhət görürlər. Gülün kimyəvi qarışığından bir çox üz və saç maskalarında da istifadə olunur.