Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici jurnalistlərə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər barədə məlumat verilib

06 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Bakıda səfərdə olan xarici jurnalistlərlə Hərbi Prokurorluqda görüş keçirilib.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov qurumun yaranma və inkişaf tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə məlumat verib.

R.Kazımov xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş soyqırımlarından bəhs edərək tarixi həqiqətlər barədə qonaqlara məlumat verib. O deyib ki, Azərbaycan tarixinin son iki əsri ermənilərin ölkəmizin tarixi torpaqlarını işğal etmələri, azərbaycanlıların öz dədə-baba ocaqlarından zorla köçürülmələri ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı ilə müşayiət olunub. 1905-1907-ci və 1918-1920-ci illər ərzində Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Əhali qaçqın vəziyyətinə salınıb, kəndlər talan edilərək viran qoyulub. Bundan başqa, 1988-1992-ci illərdə erməni vəhşiləri tərəfindən Əsgəranda, Zəngibasarda, Vedibasarda, Mehmandarda, Şirazlıda, Xamisədə, Şidlidə, Kərkicahanda, Bağanis Ayrımda, Malıbəyli və Quşçularda, Meşəlidə, Qaradağlıda və nəhayət, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib. Həmçinin mədəni-tarixi abidələr, müxtəlif dini təriqətlərə məxsus məscidlər, kilsələr, sinaqoqlar, digər ibadət yerləri, ziyarətgahlar, dini ocaqlar, tarixi qalalar, muzeylər, kitabxanalar və s. talan edilib.

General-mayor Rasim Kazımov qonaqların diqqətini tamamilə köməksiz olan 5 yaşlı körpə qızcığazın yaxın məsafədən 17 dəfə atəş açılmaqla öldürülməsi, ağaca bağlanmış atasının ayaqlarını qucaqlayan qızın təpiklə ondan uzaqlaşdırılmaqla elə onun gözləri önündə atasının diri-diri yandırılması faktlarına çəkərək bildirib ki, erməni vandalları bunlardan da dəhşətli cinayətlər törədiblər.

Ermənilər tərəfindən törədilən cinayət faktları ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində dörd istiqamət - soyqırımı, əsir götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara dəymiş ziyan üzrə istintaqın davam etdirildiyi qeyd olunub. Çoxsaylı istintaq hərəkətlərinin aparıldığı, o cümlədən 25 minə yaxın insanın zərərçəkmiş şəxs qismində tanınaraq dindirildiyi, habelə soyqırımı, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmələrin qərarları əsasında barələrində həbs qətimkan tədbiri seçildiyi və axtarışları ilə əlaqədar müvafiq sənədlərin İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilməsinin təmin olunduğu bildirilib.

Görüşdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sosial-iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, müasirləşib. Bu gün Azərbaycan yerləşdiyi regionun ən qüdrətli və iqtisadi cəhətdən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, dünya siyasətində öz sözünü deməyi bacaran dövlətlərdən biridir. Dövlətimizin başçısı Ermənistanın ölkəmizə qarşı təcavüzünü, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırımı cinayətləri barədə həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa, həmin cinayətlərə düzgün siyasi və hüquqi qiymət verilməsi ilə bağlı görülmüş tədbirlərə hər zaman xüsusi önəm verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə 2005-ci ildə Fondun yaratdığı və geniş məlumat bazasına malik, Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarixi-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktların da öz əksini tapdığı “Azərbaycan” portalı fəaliyyət göstərir, Xocalı soyqırımını, ümumiyyətlə, xalqımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə tanıtmaq məqsədilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilir.

Rasim Kazımov erməni millətçilərinin xüsusi amansızlıqla törətdikləri soyqırımı, sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinin tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin faktik materialların verilməsi məqsədilə Respublika Hərbi Prokurorluğunda maddi sübutlar, əşyalar, zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Soyqırımı Muzeyinin yaradıldığını deyib.

Qonaqlar dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olan muzeylə tanış olublar.

Xarici jurnalistlər haqq-ədalətin bərqərar olunmasını arzuladıqlarını bildirib, bu işdə Azərbaycana uğurlar diləyiblər.

Sonda soyqırımı qurbanları haqqında məlumatların əks olunduğu slaydlar və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” videosu nümayiş etdirilib. Qonaqlara “Soyqırımı muzeyi” kitabı, “Əsrin faciəsi”, “Xocalı soyqırımı qurbanları haqqında məlumatlar” adlı videodisklər hədiyyə edilib.