Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çexiyanın sabiq baş naziri UNEC-də

06 Oktyabr 2017
Azərbaycanda səfərdə olan Çex Respublikasının sabiq Baş naziri, bu ölkənin Statistika İdarəsinin sabiq prezidenti, professor Jan Fişer və Praqa İqtisadiyyat Universitetinin prorektoru, professor Yakub Fişer Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, ölkədə dörd dildə təhsil verən UNEC London Universiteti/London İqtisadiyyat Məktəbi, Montpellier, Mikolos Romires və Moskva Dövlət Humanitar İqtisadi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı həyata keçirir.

J.Fişer həmkarları ilə birgə yaratdığı və Çex Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi statistikaya dair magistr pilləsi üzrə yeni proqram barədə məlumat verib. Bildirilib ki, bu proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin və statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Y.Fişer Praqa İqtisadiyyat Universitetinin Çexiyanın iqtisad ali təhsil müəssisələri arasında lider olduğunu söyləyib, Cənubi Qafqazın iqtisadyönümlü ən böyük universiteti olan UNEC-lə əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminliyinin bildirib.

Statistika sahəsində birgə kadr hazırlığının perspektivləri müzakirə edilən görüşdə ikili diplom proqramları və birgə elmi tədqiqatların mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Hər iki universitet arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulayan çexiyalı professorlar tərəflərin elmi-pedaqoji potensialından istifadə yolu ilı mövcud tədris proqramlarının daha da təkmilləşdirilməsini təklif ediblər. Bildirilib ki, öz regionunun ən nüfuzlu iqtisadyönümlü universitetləri olan bu iki ali təhsil ocağının əməkdaşlığı çərçivəsində statistika fənni üzrə birgə tədris vəsaitlərinin hazırlanması və impakt faktorlu jurnallarda birgə elmi məqalələrin dərc olunması böyük səmərə verə bilər.

Görüşdən sonra professor J.Fişer UNEC-in tələbə və magistrlərinə müasir rəsmi statistikanın işlənməsi mövzusunda ustad dərsi keçib. Professor Y.Fişerin ustad dərsinin mövzusu isə sosial və iqtisadi statistikanın müasir məsələləri olub. Tələbələrin suallarını cavablandıran çexiyalı professorlar onların bilik və bacarıqlarını müsbət qiymətləndiriblər.