Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya KİV-ləri Rusiya - Səudiyyə hərbi sazişini şərh edirlər

06 Oktyabr 2017
Səudiyyə Ərəbistanı və Rusiya sonuncudan S-400 raket sistemləri satışı barədə razılıq əldə ediblər. Bu haqda Almaniya KİV-lərinin çoxunda yayılan məlumatlarda Al-Arabiya telekanalına istinad olunur.

AZƏRTAC xəbər verir ki, sözügedən razılaşma Kral Salman ben Əbdüləziz Al-Səudun Rusiyaya rəsmi səfəri zamanı əldə edilib. KİV-lərin məlumatına görə, sazişin məbləği 3 milyard dollardan çoxdur.

Tərəflər həm də hərbi təyinatlı məhsulların alınması və Səudiyyə Ərəbistanında lokallaşdırılması barədə memorandum imzalayıblar. Səudiyyəlilər, məsələn, ölkədə AK-103 markalı Kalaşnikov avtomatlarının və müxtəlif təyinatlı patronların lisenziyalı istehsalını təşkil etmək niyyətindədirlər.

Rusiya Prezidenti və Səudiyyə Ərəbistanının Kralı energetika, ərzaq təchizatı, kosmosun tədqiqi və bir sıra başqa sahələrə aid əqdlər də imzalayıblar. Görüşün sonunda Salman ben Əbdüləziz Al-Səud Vladimir Putini Səudiyyə Ərəbistanına səfərə dəvət edib, V.Putin bu dəvəti qəbul edib.

Ər-Riyad adətən Vaşinqtonun yaxın müttəfiqi hesab edilir. Lakin AFP agentliyinin yazdığına görə, son vaxtlar Ər-Riyadın Moskva ilə münasibətləri dərinləşib. Hər iki ölkə OPEK çərçivəsində neft hasilatının azaldılması üzrə aparılan işləri dəstəkləyir.

 

AZƏRTAC