Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü qeyd olunub

06 Oktyabr 2017
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təşkilatçılığı ilə İstanbulda 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda rəsmi şəxslər, türkdilli dövlətlərin İstanbuldakı diplomatik korpusunun təmsilçiləri, elm və sənət adamları, o cümlədən Türkiyədə yaşayan, işləyən və oxuyan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov çıxış edərək bildirib ki, Şuranın yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Baş katib Türk Şurasının təməl prinsipləri və ötən dövrdə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sonra Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız çıxış edib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası əsasında gerçəkləşən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışan nazir müavini Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini bütün türkdilli dövlətlər üçün nümunə adlandırıb. O, əminliklə bildirib ki, türkdilli dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafı yaxın gələcəkdə daha böyük nəticələr verəcək.

Çıxışlarda qeyd olunub ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

 

AZƏRTAC