Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hərbi qulluqçular müəllimləri peşə bayramları münasibətilə təbrik etmək üçün Cocuq Mərcanlıda olublar

06 Oktyabr 2017
Müdafiə Nazirliyinin və cəbhə bölgəsindəki hərbi birliyin bir qrup hərbi qulluqçusu Beynəlxalq Müəllimlər Günündə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular əvvəlcə yeni inşa edilmiş məktəb kompleksinin dəhlizindəki fotoguşələr, dərs otaqları və fənn kabinələri ilə tanış olublar.

Məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani müəllimləri nazirliyin rəhbərliyi adından peşə bayramı münasibətilə təbrik edib, onlara düşmənin bir neçə kilometrliyində yerləşən məktəbdə dərs deməyin böyük fədakarlıq olduğunu xatırladıb və çətin, məsuliyyətli, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası və Azərbaycan Ordusunun şücaəti ilə 1994-cü ilin yanvarında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilsə də, 23 il keçməsinə baxmayaraq, bu kənddə hələ də yaşayış bərpa edilməmişdi. 2016-cı ilin aprel döyüşlərindən sonra düşmən caynağında olan yüksəkliklər azad edildikdən sonra bu ərazilər ordumuzun tam nəzarətinə keçdi. Yalnız bundan sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə Cocuq Mərcanlıda bərpa-quruculuq işləri başladı və “Böyük qayıdış” konsepsiyasının ilk köçü doğma yurd yerinə qayıtdı.

Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Cocuq Mərcanlıda yeni yaşayış məntəqəsinin və bir çox obyektlərin, eləcə də kənd tam orta məktəbinin açılışı olub, uzun illərdən sonra məktəbdə ilk zəng çalınıb.

Polkovnik Elşad Əbilov Silahlı Qüvvələrin şəxsi heyətinin bayram təbrikini məktəbin pedaqoji kollektivinə çatdıraraq müəllimlərə hədiyyə və A.Qurbaninin “Lələtəpə fatehləri” kitabını təqdim edib.

Görüşdə aprel döyüşlərinin iştirakçılarından Seymur Həbibullayev, Rövşən Rəhimov, Emil Əhmədov və başqaları çıxış ediblər. Onlar Vətən torpaqlarının keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarını bildirərək müəllimlərə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində uğurlar arzulayıblar.

Müəllimlərdən Səidə Quliyeva, Raya Abbasova, Leyla Maqsudova, Gülarə İbrahimova, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xanlar Zeynalov və başqaları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Tədbirin sonunda məktəblilər Vətəni və Azərbaycan Ordusunu tərənnüm edən şeirlər söyləyiblər.