Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qazaxda Milli Qəhrəman Aqil Musayevin xatirəsi anılıb

06 Oktyabr 2017
Azərbaycanın Milli Qəhrəmanı Aqil Musayevin şəhidlik zirvəsinə ucalmasından 23 il ötür. Bu münasibətlə Qazaxda Milli Qəhrəmanın xatirəsi anılıb.

Rayondakı Şəhidlər xiyabanında keçirilən tədbirdə əvvəlcə Aqil Musayevin ruhuna dua oxunub, məzarı önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Aqil Musayevin keçdiyi döyüş yolundan danışıb, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlər hər cür hörmət və diqqətə layiqdirlər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, ehtiyatda olan zabit, şair Mustafa Rasimoğlu rayondakı Şəhidlər xiyabanlarında aparılan bərpa və abadlıq işlərindən danışıb, şəhidlərin ən uca zirvəyə yüksəlməsindən söz açıb, onlara həsr etdikləri şeirlərini oxuyublar.

Milli Qəhrəmanın atası Hüseyn Musayev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib.