Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda V İnvestorlar Yarmarkası keçirilir

06 Oktyabr 2017
Oktyabrın 6-da Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinliklər və imkanlar" mövzusunda V İnvestorlar Yarmarkası işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva İnvestorlar Yarmarkasının maliyyə qurumları üçün digər partnyor təşkilatlarla ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri yaratmaq üçün əvəzsiz imkan olduğunu deyib. Bildirib ki, ölkədə fəaliyyət göstərən mikromaliyyə təşkilatları indiyədək 20 milyard manat məbləğində 5 milyondan çox kredit verib. Kreditlər əsasən kəndlərdə yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.

AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov qeyd edib ki, mikromaliyyə yoxsulluğun azaldılması üçün bir alətdir. İlk maliyyə yardımını bank olmayan kredit təşkilatları verib. Bu il avqustun 1-nə 118 min istifadəçimiz var.

Tədbirdə "Mikromaliyyənin gələcəyi: mövcud vəziyyətdə mikromaliyyəni neçə stimullaşdırmaq olar?" və "İnkişaf etməkdə olan maliyyə texnologiyaları dövrü: təhlükə yoxsa fürsət?" mövzularında keçiriləcək panel iclaslarında mikromaliyyənin müvəqqəti çətinlikləri və onun ölkə iqtisadiyyatının şaxələndirilməsinə təsiri, maliyyə sektorunu tənzimləyən orqanların və investorların baxışı: maliyyə/mikromaliyyə sektorunun mövcud vəziyyətdən çıxışı, beynəlxalq fondların Azərbaycana olan inamının artırılması, kredit mədəniyyətinin yüksəldilməsi və s. məsələlər müzakirə olunacaq.