Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil siyasətin qətiyyətli ifadəsi

06 Oktyabr 2017
 

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yeni inkişaf istiqamətlərini açıqladı

 

Oktyabrın 18-də müstəqilliyinin bərpasının 26-cı ilini qeyd edəcək Azərbaycan dövləti bu qısa müddət ərzində mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətini uğurla davam etdirməkdədir. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycan müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunda demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirir.
Dünyanın siyasi liderləri arasında böyük nüfuz qazanmış Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyasının prioritet istiqamətini nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq, çoxvektorlu əməkdaşlıq təşkil edir. Bu praqmatik siyasi kurs ulu öndər Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir.

 

Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil

 

Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş, əksər qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, erməni lobbisinin səyləri hesabına isə dünya informasiya məkanında blokadaya alınmışdı. Aparılan yeni xarici siyasət kursu isə ölkəmizin qlobal arenada mövqeyini tamamilə dəyişdi. Artıq Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, regionda əhəmiyyətli layihələrin təşəbbüskarı və tərəfdaşı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkə, beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvədir.
Prezident İlham Əliyevin xarici diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.

 

Azərbaycan - Avropa İttifaqı münasibətləri

 

Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev ötən 14 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. İştirak etdiyi bütün beynəlxalq forumlarda, konfranslarda, eləcə də ölkəmizə təşrif buyuran xarici qonaqlarla görüşlərdə ölkəmizə qarşı edilən hücumlara layiqli cavab verir, Ermənistanın təcavüzkar siyasətini, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir.
Oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə də Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bütün bunları bir daha təsdiq etdi.
Öncə onu vurğulayaq ki, Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu ildə qüvvəyə minmişdir. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Bu ilin fevral ayında Azərbaycan Prezidentinin Brüsselə səfəri və yeni strateji sənədin imzalanması ilə bağlı aparılan danışıqlar isə ölkəmizlə Avropa İttifaqı arasındakı münasibətlərdə yeni bir səhifə açmış oldu. Yaxın zamanlarda imzalanması nəzərdə tutulan bu sənəd münasibətlərin inkişafına böyük təkan vermiş olacaq.

 

Yeni saziş münasibətlərin uğurla inkişafına töhfə verəcək

 

Prezident həmçinin qeyd edib ki, Azərbaycanda Avropa irsi həmişə mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişin imzalanması münasibətlərin uğurla inkişaf edəcəyinə töhfə verə bilər: “Bu arada biz vaxt itirmədik, biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq. Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur”.

 

24 ildir ədalətsizliyin qurbanı olan ölkə

 

Avropa Komissiyasından indiyədək Azərbaycana səfər etmiş ən böyük nümayəndə heyəti ilə görüşdə dövlət başçısı uzun illərdir davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açaraq əsl həqiqətləri bir daha diqqətə çatdırdı. Bildirdi ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi də budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır: “Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək, 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir” - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir ki, əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Ancaq beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda əminlik yaradır. Lakin dövlət başçısının dediyi kimi, onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Buna heç bir şübhə yoxdur.

 

Əlverişli investisiya mühiti, innovativ inkişaf

 

Prezident münaqişə, dağıntılar və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın gələcəyə çox aydın baxışı olan sabit, müasir, inkişaf edən ölkə kimi inkişaf etdiyini vurğulayıb. Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan on milyardlarla birbaşa xarici sərmayə cəlb edib, ölkədə yaxşı investisiya mühiti yaradılıb, iqtisadiyyat müasirləşdirilib, əsasən infrastruktur və insan kapitalına sərmayə yatırılıb: “Düşünürəm ki, bu gün Azərbaycan iqtisadi cəhətdən sovet keçmişindən, planlaşdırılan iqtisadiyyatdan müasir sistemə və bazar iqtisadiyyatına keçən ölkə kimi yaxşı nümunələrdən biridir. İqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorun payına düşür. Biz işsizlik, yoxsulluq kimi əsas, çox ciddi sosial problemləri həll etməyə müvəffəq olmuşuq. Hazırda yoxsulluq və işsizlik səviyyəsi 5-6 faizə yaxındır. Düşünürəm ki, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir”.

 

Azərbaycan Avropa üçün yeni etibarlı enerji mənbəyidir

 

Dövlət başçısı görüşdə həmçinin qeyd edib ki, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır: “Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir”.
Əlbəttə ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir və Azərbaycan Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışır. Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub. Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir.
Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan ehtiyatları böyük olan yeni mənbədir və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir.

 

Asiyadan Avropaya ən qısa nəqliyyat yolu Azərbaycandan keçir

 

Dövlət başçısı qarşıdakı hədəfləri də açıqlayıb. Vurğulayıb ki, əsas məqsəd Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. Bu məqsədlə ölkəmizi qonşu dövlətlərlə birləşdirən bütün magistrallar müasirləşdirilib. Altı beynəlxalq hava limanı inşa edilib və həm sərnişindaşıma, həm də yükdaşımalar üçün təyyarə parkını yeniləyib. İndi Azərbaycan dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi mərhələsindədir. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, 300-ə yaxın gəmisi var. Bakıda bütün növ gəmiləri inşa edə bilən müasir gəmiqayırma zavodu mövcuddur.
Gələn il Azərbaycan Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanını istismara verəcək. Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Şərq-Qərb nəqliyyat dəhlizi çox tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir. Bu, əlbəttə ki, ölkəmizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək. Bu, ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq. Çünki dənizə çıxışı olmayan, açıq bazarlara, açıq dənizlərə çıxışı olmayan ölkə olaraq və eyni zamanda dəmir yolları, hava ilə yükdaşımaları, magistral daşımalar və dəniz daşımalarından ibarət inteqrasiya edilmiş bir sistem olan nəqliyyat mərkəzini yaratmaq həqiqətən də böyük bir aktivdir.

 

Növbəti intibah mərhələsi başlayır

 

Azərbaycanın iqtisadiyyatının uğurla inkişaf etdiyini söyləyən Prezident dövlətin qeyri-enerji sektoruna böyük diqqət yetirdiyini də vurğulayıb. Qeyd edib ki, neftin qiymətinin çevik düşməsinin ölkəyə müəyyən problemlər yaratmasına baxmayaraq, çox qısa müddətdə Azərbaycan bu problemlərin öhdəsindən gələ bilib.
Əlbəttə ki, Azərbaycan bu gün böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan öz rolunu oynayır.
Dövlət başçısı sentyabrın 14-də aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə imzalanmış “Yeni əsrin müqaviləsi”ni də xatırladaraq bu müqavilənin Azərbaycanın nəhəng neft yataqlarının 2050-ci ilə qədər işlənməsinə imkan verəcəyini söyləyib. Qeyd edək ki, bu müqaviləyə əsasən, xarici sərmayədarlar tərəfindən ölkəmizə 3,6 milyard dollar bonus ödəniləcək. İndiyədək 436 milyon ton neft hasilatından 125 milyard dollar əldə edən Azərbaycan qarşıdakı illərdə hasil ediləcək 500 milyon tondan artıq neftdən daha böyük vəsait qazanacaq.
Bir sözlə, dövlət başçısının bu görüşdə səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, innovativ təşəbbüsləri, qlobal mahiyyətli planları ilə daim fərqlənən və onları uğurla tətbiq edən İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətlə Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”