Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev Ermənistana növbəti xəbərdarlığını etdi

06 Oktyabr 2017
 

Azərbaycan danışıqlar prosesinin nəticə olmadan uzanmasına daha səbir etmək niyyətində deyil

 

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların bu gün istənilən nəticə verməməsinin ümdə səbəbi heç şübhəsiz ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsidir.
Aydındır ki, Azərbaycan belə vəziyyətlə barışa bilməz və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da qeyri-müəyyən müddətə davam etməsinə rəsmi Bakı razılıq verməyəcəyini ən yüksək səviyyədə bəyan edib. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edilən səpkidə Ermənistana, ona himayədarlıq edənlərə çox açıq mesajlar verdi.
Dünyanın ən ali siyasi kürsüsündən bildirildi ki, Ermənistan işğal siyasətinə, təxribatçı əməllərinə son qoymasa, onda ötən ilin aprelindən də daha dəhşətli savaşın başlanması qaçılmaz olacaq. Bu həm də BMT tribunasından Ermənistana vurulan sərt diplomatik zərbə oldu.
Ermənistanın işğalçı siyasətinin mahiyyəti və qeyri-konstuktiv mövqeyi Prezident İlham Əliyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də bir daha diqqət mərkəzinə gətirildi.
Dövlət başçısı səfirlərlə söhbətə də ilk olaraq məhz bu konfliktdən başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verən Prezident qeyd etdi ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir: “Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək, 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir”.
Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni etməsinə də diqqət yönəldən dövlət başçısı düşmən tərəfə buradan növbəti xəbərdarlığını da etdi: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək”.
O da xüsusi olaraq vurğulandı ki, beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərilməlidir. İlk növbədə ona görə ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunduğu halda, münaqişə qısa müddətdə həllini tapa bilər.
Ümumiyyətlə, rəsmi Bakı bu münaqişənin indiki status-kvosu ilə heç vaxt razılaşmayacağını bütün zamanlarda bildirib. 2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna sərt və sərrast cavab verərək onlara sarsıdıcı zərbələr endirməsi bunu bir daha göstərdi. Üstəlik, beynəlxalq hüquq normalarına əsasən, rəsmi Bakı həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir. Azərbaycan hələlik prosesi sülh yolu ilə həll etmək istəyir. Amma tezliklə adekvat cavab görməsə, onda güc yoluna əl atmalı olacaq.
Güc yoluna əl atılmasının nə ilə nəticələnəcəyini əslində, ermənilər də yaxşı bilir. Ən azından o fonda ki, ötən dövr ərzində Ermənistanda bütün sahələr üzrə ciddi tənəzzül qeydə alınıb, ölkənin formal müstəqilliyi də aradan qalxmaq təhlükəsi ilə üzləşib. Ermənistandan fərqli olaraq keçən illər ərzində davamlı olaraq güclənməyi bacaran Azərbaycan inkişaf parametrlərinə görə düşmən ölkəni xeyli qabaqlayıb. İndi real mənzərə ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycan hərbi güc yolu ilə işğal faktını qısa müddətdə tam aradan qaldırmaq iqtidarındadır. Ermənistanda belə açıq etiraf olunur ki, Azərbaycan indi kifayət qədər yaxşı təchiz edilmiş silahlı qüvvələr yarada bilib.
Azərbaycan dünya birliyinin, o cümlədən münaqişənin həllində vasitəçilik edən həmsədr ölkələrin qəti addımlar atmasını istəyir. Əks halda, güc variantından istifadə də masa üzərindədir. Bu şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolu mərhələli həll variantı ilə Qarabağ münaqişəsinin həllinə razılıq verməkdir.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Ermənistana müvafiq xəbərdarlıqlarını edib. Bu şansı Yerevanın lazımınca dəyərləndirdiyi təqdirdə həm Qarabağ münaqişəsi dinc müstəvidə həllini tapar, həm də Ermənistan üzləşdiyi sosial-iqtisadi problemlərdən qurtular. Əks təqdirdə, Ermənistanı onu məhv edəcək dəhşətli müharibə gözləyir. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də dövlət başçısı vəziyyəti kifayət qədər aydın ifadə etdi. Bir daha bəlli oldu ki, Azərbaycan mütləq öz suveren hüquqlarından istifadə edib ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan Ermənistanın danışıqlar prosesini nəticə olmadan uzatmasına daha səbir etmək niyyətində deyil.

Elçin CƏFƏROV,
“Azərbaycan”