Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıtda Prezident təqaüdçüləri ilə görüş

06 Oktyabr 2017
 

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində 2017-2018-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş sumqayıtlı gənclərlə görüş keçirilib.

Görüşdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə daim diqqət və qayğı ilə yanaşılmışdır. Bu gün  Prezident İlham Əliyev gənclərin fəallığının, təşəbbüskarlığının, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılması, hərbi vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, dünyanın nüfuzlu ali məktəblərində təhsil alması məqsədilə dövlət proqramları imzalamışdır.

Ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Proqramın prioritet istiqamətləri üzrə Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə çoxsaylı respublika və beynəlxalq əhəmiyyətli tədbirlər hazırlanaraq həyata keçirilir.

Tədbirdə vurğulandı ki, son bir neçə ildə Sumqayıtda tikilən sosial obyektlərin uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi onların daha intellektli böyüməsində mühüm rol oynayır. Şəhərin icra aparatının təşəbbüsü ilə könüllülük fəaliyyəti genişləndirilmiş,  asudə vaxtın səmərəli keçirilməsi üçün cari ildə 200-ə yaxın gəncin Quba rayonunda istirahəti təşkil edilmişdir. Şəhər gənclərinin milli-mənəvi dəyərlər ruhunda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması, hüquqi maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, istedadların üzə çıxarılması və digər mühüm sahələrdə aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə müxtəlif tədbirlər hazırlanıb həyata keçirilir. 

Sumqayıtın qabaqcıl məktəb və liseylərinin nümayəndələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda Prezident təqaüdünə layiq görülmüş tələbələrə baş idarənin hədiyyələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

 

Akif ƏLİYEV,

“Azərbaycan”