Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA” Universiteti ilə BAMF arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

05 Oktyabr 2017
Oktyabrın 5-də “ADA” Universitetində bu ali təhsil ocağı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənədi “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə və BAMF-in prezidenti Umud Mirzəyev imzalayıblar.

İmzalanma mərasimində çıxış edən F.İsmayılzadə bildirib ki, son illər “ADA” Universiteti BAMF ilə məhsuldar əməkdaşlığı uğurla davam etdirir. “ADA” Universiteti və BAMF birlikdə müxtəlif layihələr həyata keçirir, tədbirlərin, səfərlərin, həmçinin konfrans və forumları birgə təşkil edirlər. Uğurlu əməkdaşlığın nəticəsi olan layihələri xatırladan prorektor bunların sırasında Nobel Sülh Mükafatı laureatı, sosial biznes və mikrokreditin atası sayılan Məhəmməd Yunusun Azərbaycana səfərinin birgə təşkilini, Avropa İttifaqı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “ADA” Universiteti və BAMF-in təşəbbüsü ilə “Dinlərarası münasibətlərdə medianın rolu. Media və tolerantlıq” mövzusunda konfransın keçirilməsini qeyd edib. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə BAMF-in ərsəyə gətirdiyi, Qarabağ həqiqətlərini əks etdirən, Baltikyanı və şərqi Avropa ölkələrində geniş auditoriyada göstərilən “Atəşkəs” sənədli filmi “ADA” Universitetində də müəllim və tələbələrə təqdim olunub. İyunun 17-18-də BAMF “ADA” Universiteti ilə birgə 21 yerli və xarici tələbənin Azərbaycanın müharibədən zərər çəkmiş rayonlarına ikigünlük səfərini təşkil edib. Tələbələr Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, həmçinin Cəbrayılın Cocuq Mərcanlı, eləcə də Tərtərin Həsənqaya və Şıxarx kəndlərində olublar. Həmin layihələri ciddi nəticə verən və səmərəli adlandıran F.İsmayılzadə BAMF-in prezidenti U.Mirzəyevin bu istiqamətdə səylərini çox yüksək dəyərləndirib. Prorektor xüsusi vurğulayıb ki, BAMF ilə imzalanan memorandum “ADA” Universitetinin tarixində bu qəbildən ilk sənəddir. Belə ki, bu ali təhsil ocağı ilk dəfədir bir vətəndaş cəmiyyəti təmsilçisi və QHT ilə əməkdaşlıq haqqında memorandum imzalayır.

Tədbirdə çıxış edən U.Mirzəyev bildirib ki, 1992-ci ildə dövlət qeydiyyatından keçən BAMF dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əlaqələr qurub. Bu nüfuzlu qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ müharibəsinin vurduğu maddi və mənəvi ziyanların aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, habelə müstəqil medianın inkişafı istiqamətlərində çox böyük və səmərəli işlər görüb. Bundan başqa, BAMF Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması sahəsində prinsipial fəaliyyət göstərir. Bu fəaliyyət sahəsinin ən vacib məkanı isə Azərbaycandadır. Ölkənin dövlət və özəl qurumları ilə səmərəli əməkdaşlıq quran BAMF bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. “ADA” Universiteti ilə əməkdaşlıq isə hazırda BAMF-in ən ümdə prioritetlərindən biridir. BAMF universitetlə əlaqələrini yüksək dəyərləndirir və xüsusilə tələbələrlə iş sahəsində fəal əməkdaşlıq edir. Son iki ildə BAMF beynəlxalq ekspertlərin iştirakı ilə tələbələrin təcrübəsini, əlavə bilik və bacarıqlarını artırmaq üçün bir sıra mühazirə və treninqlər təşkil edib. Bundan əlavə, BAMF-in dəstəyi ilə tələbələrin dəfələrlə Azərbaycanın rayonlarına səfərləri təşkil edilib. Burada “ADA”nın xüsusilə xarici tələbə və müəllimlərinin qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq, araşdırma aparmaq və hesabatla çıxış etmək imkanları olub. Bu yaxınlarda isə “ADA” Universitetinin bir neçə tələbəsi BAMF-in Bakıdakı ofisində təcrübə keçmək imkanı qazanıb. Bir neçə ay ərzində “ADA” Universitetinin tələbələri mütəmadi olaraq təşkilatın layihələrlə bağlı, məruzələrin yazılması və müxtəlif yazıların dərc edilməsinin də daxil olduğu fəaliyyətlərinə cəlb ediliblər. Bundan əlavə tələbələr BAMF-in təşəbbüsü ilə yaradılmış, beş dildə (Azərbaycan, türk, rus, ingilis və ərəb) fəaliyyət göstərən Eurasia Diary portalı ilə birgə işə cəlb olunublar. Onların əksəriyyəti portalın peşəkar redaktorları ilə məsləhətləşmədən sonra burada öz məqalələrini dərc etdiriblər və BAMF-də təcrübəni uğurla keçdikdən sonra sertifikat alıblar.

U.Mirzəyev hər bir Azərbaycan vətəndaşı kimi, onun da “ADA” Universiteti kimi nüfuzlu ali təhsil ocağının yaradılmasından qürur duyduğunu qeyd edərək bildirib ki, imzalanan memorandum hər iki qurumun fəaliyyətinə, o cümlədən ölkədə vətəndaş cəmiyyətinin inkişafına yeni imkanlar açacaq. İmzalanma mərasiminin məhz 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsini isə BAMF-in prezidenti tarixə düşəcək əlamətdar hadisə adlandırıb.