Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin toplanmasına icazə verməyib

05 Oktyabr 2017
İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin oktyabrın 9-na planlaşdırılan iclasını ləğv edib. İclasda muxtar regionun dövlət suverenliyinin elan olunması proseduru işə salına bilərdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin oktyabrın 5-də yayılmış qərarında bildirilir.

Bir qədər əvvəl Kataloniya sosialistləri birtərəfli qaydada müstəqillik elan olunacağı təqdirdə hakim çoxluğun krallığın əsas qanununu kobud surətdə pozacağı, bu addıma qarşı çıxan deputatların hüquqlarını məhv edəcəyi barədə məhkəməyə şikayət ərizəsi vermişdilər. Konstitusiya Məhkəməsi onların iddiasını təmin edib və qəbul olunan müvafiq qərardan sonra iclasın keçirilməsi avtomatik olaraq dayandırılır.

Xatırladaq ki, mərkəzi hakimiyyət Kataloniyanın müstəqilliyi haqqında oktyabrın 1-də keçirilmiş referendumun qanunsuz olduğunu, bununla bağlı region rəhbərliyi ilə hər hansı danışıq aparılmayacağını bildirib.

Bu ərəfədə İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos Bloomberg telekanalının efirində çıxışı zamanı referendumun nəticələrinə əsasən Kataloniyanın müstəqillik qazanması imkanını istisna edib.