Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür

05 Oktyabr 2017
Oktyabrın 5-də Şuşa Rayon İcra Hakimiyyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” idarə heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, rayonun təhsil işçiləri, ziyalılar iştirak ediblər.

Əlamətdar gün münasibətilə müəllimləri təbrik edən B.Səfərov vurğulayıb ki, Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd olunur. Müəllim adı hər zaman ucalıq, ziyalılıq rəmzi kimi böyük hörmətlə, yüksək ehtiramla çəkilir. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə hörmət və ehtiramla yanaşaraq deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Ulu Öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur. Prezident İlham Əliyev tərəfindən bu təhsil siyasəti uğurla davam etdirilir. Belə ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrların hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Müəllimlərin əməyini yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. Dövlətimizin başçısının bu sözləri bir daha ölkəmizdə müəllimlərin nüfuzunun necə yüksək olduğunu göstərir.

B.Səfərov elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında əvəzsiz xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusi vurğulayıb.

Sonra Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva təhsil işçilərini təbrik edib, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətdən, həyata keçirilən təhsil islahatlarından və təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıblar.

Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev bildirib ki, Azərbaycanda təhsilin səviyyəsi ildən-ilə yüksəlir, müasir tələblərə cavab verən təhsil müəssisələri inşa edilir, bu sahədə çalışan insanların əməkhaqqı artırılır.

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev, Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov müəllimlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təhsilin inkişafında uğurlu fəaliyyətinə görə bir qrup müəllim rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib, onlara mükafatlar təqdim olunub. Bildirilib ki, Şuşa şəhər 3 nömrəli məktəbin direktoru Elmira Əliyeva dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının və Şuşa Humanitar Kolleci tələbələrinin ifasında musiqi nömrələri, 1 nömrəli məktəbin şagirdləri – Zəhra Qurbanlının, İsmayıl Quliyevin, Aydan Əliyevanın söylədikləri şeirlər maraqla qarşılanıb.